Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan

 

Cəmiyyətə, xalqa fayda verərək həyat amallarını saf təməllər üzərində quran yüksək mənəviyyat sahiblərinin cəmiyyətdəki mövqeyini onların dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. İnsanlıq naminə yalnız özü üçün deyil, başqaları üçün də yaşaya bilmək bacarığını hər kəsin kamillik səviyyəsi, ləyaqət hissi, sağlam həyat tərzi dünyaya gətirir.

Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn belə şəxsiyyətlərdən biri görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva idi. Geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə cəmiyyətdə layiqli yer tutan Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiyasını dünyada tanıdan yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Aydın görünür ki, Zərifə xanım Əliyeva uzun illər gərgin elmi-praktik çalışmaları ilə peşə təcrübəsini artırarkən bu sadə həqiqəti özünün həyat kredosu seçib: həqiqi elm təkcə özünütəsdiq imkanı deyil, həm də vətənə, xalqa, dövlətə layiqli xidmət vasitəsidir.

Yüksək mənəvi keyfiyyətləri ilə, elmi, dünyagörüşü bir-birini tamamlayan insanlar əsl şəxsiyyətlər kimi cəmiyyətdə layiqli mövqe qazanırlar. Akademik Zərifə xanım Əliyeva da belə nurlu şəxsiyyətlərdən biri idi. Mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, insanlığa xas bütün müsbət cəhətlər onun nəcib simasında qovuşmuşdu. Hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, ətrafındakılara hər zaman səmimiyyətlə, hörmətlə yanaşırdı.

Böyük filosoflar əsrlər boyu şəxsiyyət amilini tədqiq edərkən son nəticədə bu qənaətə gəliblər ki, onun yetişməsində başlıca amil məhz formalaşdığı mühitdir. Zərifə xanım 1923-cü il aprelin

28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində - görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Onun cəmiyyət üçün layiqli insan kimi yetişməsində, peşə seçiminin düzgün müəyyənləşməsində böyüyüb boya-başa çatdığı ziyalı mühitinin təsiri çox böyük idi. Orta məktəb illərindən tibb sahəsinə sonsuz maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdi. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən irəli gəlirdi. Sonralar qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmır, insanları zülmətdən qurtarmaq, onların gözlərinə nur vermək üçün əlindən gələni əsirgəmirdi.

İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikdə zənginləşir və ondan bütün cəmiyyətə pay düşür. Zərifə xanım Əliyeva da həyat uğurlarına məhz bu keyfiyyətləri sayəsində nail olmuşdu. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara sonsuz marağı Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış, orada həkim-ordinator kimi işə başlamışdır. Həmin institutda onun elmi tədqiqatlara marağı bir qədər də yüksəlmişdir: 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır.

Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürüsə də, buna qarşı təsirli müalicə üsulları yox idi. Xəstəliklə mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. Konkret müalicə təcrübəsindən başqa, o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirirdi. İstedadlı həkim tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən - sintomitsindən istifadə olunmasına həsr etdi. Bu tədqiqatların nəticələri alimin 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işlərini yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başladı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı araşdırma işlərini genişləndirdi. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin artırılmasına da kömək etdi.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı verildi. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Həmin dövrdə Zərifə xanım Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olur, cərrahiyyə əməliyyatları edir, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə ciddi məşğul olmasına baxmayaraq, elmi-tədqiqat işlərinin davam etdirilməsinə də böyük əhəmiyyət verirdi. Həmin dövrdə onun diqqət yetirdiyi aktual məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tuturdu.

Zərifə xanım Əliyevanın diqqətini əsasən oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası da cəlb edirdi. Bu problemin aktuallıgı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Bir sıra mühüm elmi məsələlərlə yanaşı, müxtəlif peşələrlə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi diqqət yetirir, yod sənayesi, neft-kimya müəssisələrində çalışan şəxslərin görmə orqanlarına təsir edən amilləri araşdırırdı. Tədqiqatçılıq qabiliyyəti yüksək olan Zərifə xanım həmin problem üzərində işləyərkən tez-tez sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bununla yanaşı, Bakı və Sumqayıtdakı bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevaya doktorluq dissertasiyasının yazılması zamanı da çox gərəkli olmuşdu. Tədqiqatçı-alim "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiyanın mövzusu və məzmunu bu sahədə ilk tədqiqat əsərlərindən biri kimi alim-oftalmoloqlar tərəfindən yüksək qiymətləndirilmişdir. 1977-ci ildə alimə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1983-cü ildə isə həmin kafedranın müdiri seçilmişdir. İlk gündən ətrafına istedadlı gəncləri toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etməyə başlamışdır.

Görkəmli professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, "Herpetik göz xəstəliyi", "Ağır virus konyuktivləri" və s. məhz bu məsələlərə həsr olunmuşdu.

Həkim etikası və tibbi deontologiya məsələləri də Zərifə xanım Əliyevanı həmişə düşündürürdü. Akademik gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli əmək sərf etmişdi. Bu məsələyə həsr olunmuş "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Onun bu mövzuya dair baxışları "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında da ətraflı yer alıb.

Görkəmli alim həmişə bu fikirdə idi ki, həkimlə xəstənin birbaşa münasibəti müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım Əliyeva həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edir, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərir, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkirdi. "Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı" kitabında yazırdı: "Xəstəyə düzgün münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir. Bəzən həkim xəstəyə yardım göstərərkən xəstəliyin xüsusiyyətlərindən asılı olaraq o, xəstənin və onun qohumlarının yersiz məzəmmətlərini, acı sözlərini, hətta hədələrini dinləməyə məcbur olur. Başqa sənət sahibi olanlar bundan inciyərək onu təhqir edəndən imtina edərdi, üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti özünə rəva bilmir, özünün təhqir olunmuş hissiyyatını və həyəcanını büruzə verməyə ixtiyarı yoxdur. Həkim xəstənin mənafeyini hər şeydən üstün tutmalıdır, öz iş gününün qurtarmasına baxmayaraq, o, xəstəxanada qalaraq xəstəsinə yardım edir, hətta onun çarpayısı yanında bir neçə sutka qalır, bunun cavabı isə xəstənin təşəkkürlü gülümsəmələri olur".

Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapmışdır. Həmin tədqiqatlar yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, həm də problemin həllinə xüsusi yanaşmadan ibarətdir. "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" əsərləri və başqaları oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Akademikin "İridodiaqnostikanın əsasları" əsəri həkimlərin iş təcrübəsində bu gün də əvəzolunmaz nadir elmi vəsaitdir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdən olmuşdur. Bundan başqa, Zərifə Əliyevanın doktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası" və "Göz sulanmasının müasir cərrahiyyə üsulları və müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, fizioloqların da diqqətini cəlb etmişdir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi. O, ömrü boyu fəal ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Zərifə xanım Əliyeva sağlığında geniş dünyagörüşə malik şəxsiyyət kimi tanınmış, ədəbiyyatı, incəsənəti, musiqini dərindən mənimsəmişdi. Həmkarları fortepianoda görkəmli alimin ifasında həm klassik, həm də populyar musiqiləri eşitdiklərini bu gün də rəğbətlə xatırlayırlar. Zərifə xanım eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq kimi tanınırdı. İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də publisistik çıxışlarında özünün yüksək natiqlik istedadını göstərirdi.

Onu yaxından tanıyanlar xatirələrində qeyd edirlər ki, Zərifə xanım Əliyeva zəngin mənəviyyat sahibi kimi ailəsinə daim bağlı insan olub. Ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətin, dahi bir insanın ömür-gün yoldaşı olmağın özü də həyatda böyük məsuliyyət, cavabdehlik deməkdir. Zərifə xanım Əliyeva hər iki işi uğurla birləşdirməyi bacararaq həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı və sadəliyi ilə həm də ailəsinin sağlam təməl üzərində qurulmasına çalışmışdır.

Zərifə Əliyeva valideynləri üçün layiqli övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı olmaqla yanaşı, qayğıkeş ana idi! Onun geniş dünyagörüşü, nəcibliyi, sadəliyi və qayğıkeşliyi, ulu öndər Heydər Əliyevin mənəvi bütövlüyü, kristal xarakteri, yüksək daxili "Mən"i, mütərəqqi dəyərlərə bağlılığı, müdrik ata nəsihəti bu ocaqda böyüyüb boya-başa çatmış övladlarının da həyatında silinməz izlər qoymuşdur.

Ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva 1985-ci ildə əbədiyyətə qovuşdu, tarixin daş yaddaşına imzasını elm fədaisi, nur çeşməsi, qayğıkeş ana, vəfalı ömürgün yoldaşı kimi həkk etdi. Böyük insan cismən aramızda olmasa da, qoyub getdiyi nur çeşməsi aydınlığını bir damla belə azaltmayıb. Əksinə, bu işıq onun yenidən günəşi görmək imkanını qaytardığı insanlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşib.

 

 

Kamran ASLANOV,

respublikanın baş stomatoloqu,

tibb üzrə fəlsəfə doktoru,

əməkdar həkim

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 6.