İllərin ucalığında
Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə çapdan çıxmış "İllər... pillələr... talelər..." adlı yeni kitabı görkəmli Azərbaycan nasiri Mir Cəlalın həyat və yaradıcılığına, pedaqoji fəaliyyətinə həsr olunub. Müəllif sevimli müəllimi haqqında öz xatirələrini qələmə alaraq unudulmaz yazıçının işıqlı portretini yarada bilmişdir.
Tale elə gətirmişdi ki, Nəriman Həsənzadə uzun illər Mir Cəlal müəllimlə təmasda olmuş, onunla yaxından ünsiyyət qurmaq xoşbəxtliyini yaşamışdır. Kitabda Mir Cəlalın Nəriman Həsənzadə ilə bağlı mətbuat orqanlarında dərc edilmiş yazıları, şairə ünvanladığı məktublar, eləcə də onun kitabları haqqındakı rəyləri verilmişdir. Hətta Nəriman Həsənzadənin işə düzəlməsi ilə bağlı Mir Cəlalın müxtəlif təşkilatlara ünvanladığı müraciətlərin üzü də kitaba daxil edilmişdir. Elə bu səbəbdən də Nəriman Həsənzadənin böyük ürəklə dediyi fikirlər oxucu riqqəti doğurur: "Universitet mənim gəncliyim, tərcümeyi-halımın bir hissəsidir. Mən orada böyük yazıçı, böyük alim Mir Cəlal Paşayevi gördüm, ömürlük sevdim, o mənim mənəvi atam oldu. Mir Cəlalın özü mənim üçün ayrıca bir universitet idi. Onun kafedrası ayrıca "Yazıçılar İttifaqı" idi".
Kitabda diqqətçəkən xatirələrdən biri də müəllifin vaxtilə Mir Cəlal Paşayevin ailə üzvləri ilə bağlı qələmə aldığı söhbətlərdir. 1998-ci ildə Mir Cəlalın 90 illik yubileyi ilə əlaqədar Nəriman Həsənzadə yazıçının həyat yoldaşı Püstə xanımla etdiyi söhbətdən gətirdiyi nümunələr oxucunun gözləri qarşısında unudulmaz ədibin işıqlı portretini yaradır. Püstə xanımın dediklərindən məlum olur ki, Mir Cəlal Səməd Vurğun, Həmid Araslı və Süleyman Rəhimovla daha çox yaxınlıq edərmiş. Hətta bu dostluq onların ailələrini də bir-birinə yaxınlaşdırmışdı. Çox vaxt istirahətə də birgə gedərmişlər. Mir Cəlal olduqca humanist, qayğıkeş, gənclərə diqqətlə yanaşan, həssas bir şəxsiyyət olub. Bu mənada, böyük yazıçıdan atalıq qayğısı və məhəbbət görən müəllif yazır: "Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun canında, qanında idi".
Kitabı vərəqlədikcə Mir Cəlal Paşayevin qəribə məziyyətləri və insani keyfiyyətləri ilə üzləşirsən. Belə şəxsiyyətlərin həyatda elə də çox olmadığına təəssüflənirsən. Bu, çoxunun etiraf etdiyi bir həqiqətdir ki, Mir Cəlal insanlara yaxşılıq etməkdən mənəvi zövq alardı. Kimini işə düzəldər, kiminin mənzil problemini həll etməyə çalışar, kiminin yazısı haqqında xoş sözlər deyərək onu ruhlandırardı. Ailəsini də, tələbələrini də eyni dərəcədə çox sevərdi. Birində ata, o birində də müəllim kimi öz borcunu yerinə yetirmiş olurdu.
Müəllif iftixarla bir neçə hadisəni də oxucuların diqqətinə çatdırır. Bəllidir ki, YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu sırada Mir Cəlal Paşayevin 100 illik yubileyinin YUNESKO-da qeyd edilməsi Azərbaycan ədəbiyyatının şərafətli anları idi. Eləcə də ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin öz doğma ölkəsində də təntənəli yubiley günləri qeyd edildi.
"Mir Cəlal - əbədiyaşardı, fəxri addı, tituldu" sərlövhəli yazısında müəllifin toxunduğu bir məsələ filoloji baxımdan çox maraqlıdır: "Mir Cəlal təkcə əsər yazmırdı, həm də yeni tipli oxucu yetişdirirdi, istəyirdi ki, yalnız yazılanları deyil, sətirlərarası və sətiraltı deyilən fikirləri də oxusun. Bu, böyük ədibin estetik-fəlsəfi duyumu və insan konsepsiyası idi". Çox maraqlı və düzgün açıqlanan fikirdir. Çünki güclü senzuranın hökm sürdüyü bir şəraitdə başqa cür düşünən əsl istedad sahibinin digər yolu yox idi. Elə buna görə də Mir Cəlalın yaratdığı obrazların sırasında həmişə təmiz adamlara, mübarizlərə tez-tez rast gəlirsən. "Bir gəncin manifesti" əsərində ananın dilində səslənən "İtə ataram, yada satmaram" etirazı illərdir ki, atalar sözü kimi yaşamaqdadır. Xüsusən də kiçik hekayələrində eyhamla danışmağı bacaran Mir Cəlal hər bir mövzuya sosial məna verərək insanı düşündürən ictimai bəlaları, nöqsan və qüsurları yüksək ideya zəminində, sənətkarlıqla açıq göstərməyi bacarırdı. Mübarizə apardığı problemlər vardı ki, bəzən bu gün onun yenə də aktual olduğunu görürük.
XX əsr Azərbaycan ədəbiyyatının yaradıcılarından sayılan Mir Cəlal həm də böyük alim idi. Elmi-pedaqoji fəaliyyət, bədii tərcümə, ədəbi tənqid, ədəbiyyatşünaslıq sahələrində istedadını cəsarətlə sınayan mütəfəkkir sənətkarlara xas olan çoxşaxəli yaradıcılıq yolu keçmiş, millətinə, vətəninə sədaqətlə xidmət etmişdir.
Çox xoş bir hissdir ki, Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatının əbədiyaşar simasına çevrilməklə yanaşı, özünün söylədiyi kimi, ən əbədi töhfələrindən biri də "Həyatımda yaratdığım ən böyük əsər - ailəmdir". Sanki bu müdrik fikrin davamı kimi Nəriman Həsənzadə öz sevimli müəllimini belə səciyyələndirir: "Mir Cəlalın zəkası, ürəyi, ailəsi bir harmoniya təşkil edirdi. Sadə yaşayırdı, amma alicənab idi. Asta addımları var idi, amma şax yeriyirdi. Çox danışmazdı, amma dediyi söz yadda qalardı". Çox sərrast və səlis deyimdir. Elə yadda qaldığı üçün də Mir Cəlal Paşayev heç vaxt unudulmur. Qocalan illərin ucalığında biz onu həmişə zirvələrdə görürük.
Kitabda yazıçının ailə üzvləri və dostları ilə birlikdə müxtəlif görüşlərdə lentə alınmış şəkilləri də verilmişdir. Nəfis şəkildə tərtib olunmuş "İllər... pillələr... talelər..." toplusu Mir Cəlal Paşayev yaradıcılığının tədqiqi baxımından maraqlı və diqqətəlayiqdir. Müəllifin böyük ehtiramla yaratdığı ədəbi qəhrəman - Mir Cəlal Paşayev portreti olduqca işıqlı və nümunədir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 15 aprel.- S. 6.