Prezident İlham Əliyevə alternativ olacaq heç bir siyasi qüvvə yoxdur

 

İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. Azərbaycanda ötən səkkiz ildə ictimai-siyasi sabitliyin, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir.

Ötən 8 ildə ölkəmizdə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi xarakterizə olunur. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2011-ci ilin birinci rübündə də ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafınıın yekunlarına həsr olunmuş iclasında iqtisadi sahədə qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunduğu bir daha təsdiqini tapdı.

Son yeddi il ərzində ölkəmizdə ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz yüksəlmişdir. İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Qeyri-neft sektorunda artım 5,6 faiz təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin birinci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və sosial müavinətlərin ödənilməsinə 17,2 faiz çox vəsait sərf edilmişdir. Məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin birinci rübündə sosial təminat və sosial müdafiə xərclərinə ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait yönəldilmişdir.

Dövlət başçısı İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndərin prioritet elan etdiyi demokratikləşmə xəttinə sadiqliyi durur. Ötən illərdə bir sıra dövlətlərdə xarici qüvvələrin qeyri-qanuni müdaxiləsi yolu ilə həyata keçirilən "məxməri inqilab" ssenariləri təsdiqləmişdir ki, yeni müstəqil dövlətlərdə demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi, demokratik dəyərlərin kor-koranə transferi qətiyyən mümkün deyildir. Cənab İlham Əliyev də məhz bu qənaətdədir ki, hər bir ölkənin daxilində demokratik proseslərin getməsinə mütləq real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüurda mənimsənilməlidir.

Demokratikləşmə yolunu prioritet elan etmiş respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu model yeni müstəqil dövlətlərə öz prinsiplərini zorla qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya konyunktur nizam vermək istəyən ayrı-ayrı siyasi güc mərkəzlərinə də son dərəcə tutarlı cavabdır. Hər bir nəzəriyyə kimi, demokratikləşmə də zehinlərdə dərin kök salmış köhnə stereotiplərin bütünlüklə aradan qaldırılması, habelə başqa davranış normaları və standartlarının formalaşması üçün vaxt tələb edir.

Azərbaycanda bütün sahələrdə əldə edilmiş uğurlu nəticələrin beynəlxaq qurumlar tərəfindən də təqdir olunması sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları tərəfindən son dərəcə narahatlıqla qarşılanır. İfrat radikal müxalifət dairələri Azərbaycanın hərtərəfli inkişafını görür və bu halın onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk edirlər. Gözləmək olardı ki, onlar uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra fəaliyyətlərində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcəklər. Lakin həmin qüvvələrin ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olması, siyasi prinsipsizlik nümayiş etdirməsi, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi.

Xarici antiazərbaycan dairələrin tapşırığı ilə ifrat radikal müxalifət qarşıdurma yaratmaq və ölkəni ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyəti güdürlər. Radikallar ərəb ölkələrində baş verən hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərirlər. Amma unudurlar ki, indi ərəb dünyasında davam edən inqilablar Azərbaycanda 18 il əvvəl baş verib. Xalqımız dövlətimizi məhvə sürükləyən isa qəmbərləri, əli kərimliləri bu inqilabla hakimiyyətdən salıb və tarixin arxivinə birdəfəlik atıb. Eyni zamanda da, hakimiyyətə öz xilaskarını gətirib. Əgər Azərbaycan xalqı bir də ayağa qalxsa, əmin olun ki, bu, siyasi hakimiyyətə qarşı yönəlməyəcək, bu dəfə də məhz İsa Qəmbəri, Əli Kərimlini Azərbaycandan birdəfəlik qovub, onları erməni "dayılarının" yanına həmişəlik göndərmək qərarına gələcək.

Azərbaycan artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz. Buna cəhd edənlər hər zaman qanunun tələblərinə müvafiq cəzalarını alacaqlar.

Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün respublikaya rəhbərlik etdiyi ağır dövrləri yaxşı xatırlayır. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Bu radikal qüvvələr 1992-ci ildə 9 ölkənin dəstəyi ilə siyasi hakimiyyətə gəldiklərini bəyan edirdilər. Maraqlı sual ortaya çıxır ki, ay Əli Kərimli, İsa Qəmbər, indi kimlərin buyruq quluna çevrilmisinz? Bir illik uğursuz hakimiyyətinizi heç kəs unutmayıb. Həmin ağır dönəmdə AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində Dağlıq Qarabağda uğursuzluqlara düçar olduq və ərazilərimizin bir hissəsini itirdik. İndi antiazərbaycançı şəbəkənin, erməni lobbisinin buyruq qulu kimi yenidən hakimiyyətə gəlmək xəyalına düşmüsünüz. Görəsən, İsa Qəmbər, Əli Kərimli bir daha hakimiyyətə gələsi olsalar, daha hansı torpaqlarımızı ermənilərə peşkəş edəcək, hansı ərazilərimizdə yeni separatçılıq meyilləri yaradacaqlar?! Xalq sizlərə yaxşı bələddir.

Siz - İsa Qəmbər və Əli Kərimli, Qarabağı ermənilərə təhvil verməklə bu millətə böyük dərd bəxş etmisiniz!

Siz - İsa Qəmbər və Əli Kərimli, bu milləti çörəyə həsrət qoyub, arpa ununa möhtac eləmisiniz!

Siz - İsa Qəmbər və Əli Kərimli, xalqın ən vətənpərvər övladlarını hakimiyyət ambisiyalarınıza qurban vermisiniz!

İndi isə ətrafınızda olan 50-60 gənci də onların özləri bilmədən növbəti erməni ssenarisinə cəlb edirsiniz! Sizlər, Azərbaycana inkişaf və sabitlik bəxş edən bu iqtidara qarşı hətta şeytanla da ittifaqa hazır olduğunuzu dəfələrlə bildirmisiniz. Siz artıq şeytanla tək ittifaqa girməmisiniz, əslində iblisin - erməni lobbisinin əl buyruqçusuna - nökərinə çevrilmisiniz. Amma unutmayın ki, həmin 50-60 gənc Azərbaycan xalqının övladlarıdır və onları özünüzlə bərabər antiazərbaycançı erməni şəbəkəsinin dövlətimizə və xalqımıza qarşı yönəlmiş bədxah savaşına şərik etməyin! Bu gəncləri Azərbaycan dövlətinə düşmən ovqatına yönəltməyin! Necə ki öz övladlarınızı xaricdə oxutdurub, onların hər bir ehtiyacını yüksək səviyyədə ödəyirsinizsə, ətrafınızda olan gənclərə də qayğı ilə yanaşın, onların gələcəyini düşünün!

Mən İsa Qəmbəri, Əli Kərimlini vicdana və ədalətə çağırmıram! Çünki onlar bu hisslərini çoxdan itiriblər! Mən onlardan Azərbaycan gəncliyini erməni lobbisinin "sapı özümüzdən olan baltalar"ına çevirməmələrini bir vətəndaş olaraq tələb edirəm!

Bu səbatsız qüvvələr nədənsə unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb. Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, populist elementlərə, irreal vədlərə hansısa yer saxlamamışdır.

"İctimai palata" adlanan qondarma quruma daxil olan radikalların aprelin 2-də mitinq cəhdinin nəticəsi göstərdi ki, Azərbaycanda radikalizmə yer yoxdur. Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir və bu siyasətə alternativ görmür. Qeyd edim ki, Yevlaxda rəhbərlik etdiyim YAP rayon təşkilatının 8 mindən artıq üzvü var və onların yarısı gənclərdir. Onlar partiyamıza məcburən deyil, sırf könüllülük əsasında daxil olublar. Bütün Azərbaycan miqyasında baş verən tərəqqini, o cümlədən sakinləri olduqları Yevlaxın möhtəşəm quruculuğunu, abadlığını əyani görüb öz gələcəklərini ədalətli, düzgün siyasi kursla bağlayıblar. Radikal müxalifət partiyalarından fərqli olaraq, YAP sıralarında olan gənclər Azərbaycanın tərəqqisi, inkişafı naminə əzmlə çalışmaqdadırlar.

Bir müqayisəyə diqqət yetirmək istərdim. "İctimai palata"ya daxil olan destruktiv partiyaların icazəsiz mitinq etdiyi gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində Avropa voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsi keçirildi. Bakıda keçirilən final oyunu "Azərreyl" klubunun qalibiyyəti ilə başa çatdı. Final oyununda ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edərək yekunda qalib gəlmiş komandamızı uğurlu qələbə münasibətilə təbrik etdilər. Həmin gün ölkə paytaxtında, eləcə də bölgələrdə böyük iməciliklər, yaşıllaşdırma aksiyaları keçirilirdi.

Amma Azərbaycan gəncliyinin möhtəşəm qələbəyə imza atdığı və ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə verdiyi 2 aprel günündə İsa Qəmbər və Əli Kərimli növbəti bədnam addım ataraq, ətrafındakı azsaylı insanları, o cümlədən 50-60 gənci icazəsiz, qanunsuz mitinqə göndərdi. Rəhbərlərinin tapşırıqları ilə bu şəxslər polisə kütləvi zorakılıq göstərdilər, obyektlərə, özəl müəssisələrə, avtomobillərə zərər yetirdilər. Amma gəncləri dağıdıcılığa və qarşıdurmaya cəlb edən İsa Qəmbər və Əli Kərimli nəinki onların sırasına öz övladlarını göndərdilər, hətta özləri də meydana çıxmadılar, qaçıb kabinetlərində gizləndilər! Bu insanların necə qorxaq olduqlarını hər kəs bilir! 20 Yanvar gecəsində rus tanklarından, 1993-cü ilin iyununda Surət Hüseynovun dəstələrindən də İsa Qəmbərin, Əli Kərimlinin necə qorxaraq qaçdıqlarını unutmamışıq! İndi də qaçırlar! Amma nə qədər də qaçsalar, bu millətin nifrətindən, övladları zəlil edilmiş valideynlərin qəzəbindən qurtula bilməyəcəklər!

2 apreldə hər kəs öz mahiyyətini göstərdi. Heydər Əliyev siyasi kursunu seçənlər, Prezident İlham Əliyevin fəaliyyətini səmimi dəstəkləyənlər xalqa və dövlətə töhfə verdilər! İsa Qəmbər, Əli Kərimli və onların qrupları isə öz məkrli xislətlərinə uyğun olaraq dağıdıcılıq və zorakılıq göstərdilər. Əsl həqiqət müqayisədə üzə çıxır! Və bu müqayisə həqiqətlə yanaşı, həm də Xeyirlə Şərin əsl fərqini göstərir!

Radikal müxalifətin ölkədə qarşıdurma yaratmaq hərəkətlərinə etiraz əlaməti olaraq son günlər destruktiv düşərgədən kütləvi şəkildə istefaların olması bu dağıdıcı qüvvələrin siyasi səhnəni rüsvayçılıqla tərk etdiklərini deməyə əsas verir.

Azərbaycanda indi hər gün bir təntənə yaşanır: haradasa yeni yollar, məktəb açılır, təmir olunmuş xəstəxana və digər sosial obyektlər xalqın istifadəsinə verilir... Bu nailiyyətləri vətəndaşlarımız aydın görür və inkişafımızın əsas təminatçısı olan Heydər Əliyev siyasi kursunun alternativsizliyini birmənalı qəbul edir.

Kəndlərimizi və qəsəbələrimizi şəhərə, şəhərlərimizi isə dünyanın ən gözəl, müasir meqapolislərinə çevirən, Azərbaycanı Cənubi Qafqazın lideri, MDB məkanının ən sürətli inkişafda olan dövləti edən Prezident İlham Əliyev xalqımızın inam və etimad ünvanıdır!

Bu inam və etimad isə sarsılmazdır, daimidir!..

 

 

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 8.