Xalqın dəstəklədiyi
siyasət
Azərbaycan hakimiyyətinin siyasi
kursu demokratik dəyərlərin inkişafına, hüquqi
dövlət quruculuğuna xidmət edir
Hər bir insanın ictimai dəyəri onun cəmiyyət həyatındakı xidmətləri ilə ölçülür. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev yalnız elm sahəsindəki xidmətləri ilə deyil, həm də ictimai-siyasi sferadakı aktiv fəaliyyəti ilə cəmiyyətimizin üzdə olan simalarındandır. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alim olan Bəxtiyar Əliyev bu nəzəriyyəyə söykənərək ilk dəfə fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifatı sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələr hüquq praktikasında istifadə edilərək cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir. Bəxtiyar Əliyev "Şəxsiyyətə yeni baxış" nəzəriyyəsini işləyib hazırlamışdır və bu nəzəriyyə əsasında fundamental tədqiqatların aparılmasına elmi rəhbərlik edir. Onun siyasi liderin psixologiyası, siyasi liderin tipologiyası, ümummilli liderin psixoloji portreti kimi tədqiqatları bu sahədə nəzəriyyədə mövcud olan boşluqları doldurmuş, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə tarixi şəxsiyyətin nüfuzunun təsiri araşdırılmışdır.
Bəxtiyar Əliyevlə müsahibəmiz onun 50 illik yubileyinə təsadüf etdi. Qəzetimizə 50 ilin ömür "hesabatını" verən həmsöhbətimiz elmi-pedaqoji fəaliyyəti, ölkəmizin ictimai-siyasi durumu, radikal müxalifətin süni qarşıdurma yaratmaq cəhdləri, psixologiya elminin inkişafı ilə bağlı suallarımızı da cavablandırdı.
50 il mənim üçün dolğun və mənalı yaşanmış bir həyatdır
- Bəxtiyar müəllim,
50 yaş mənəvi aspektdə gəncliyin bitməsi,
müdrikliyin başlanğıc dövrüdür. Həyatınızın bu dövrünü
hansı əhval-ruhiyyə ilə qarşıladınız?
- Həm çox maraqlı, həm də çətin sual verdiniz. Çünki 50 yaşı bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab etmək olar. Yəni, indiyədək görülmüş işlərə nəzər saldıqda və bundan sonra görüləcək işləri düşünəndə görürsən ki, vaxt, zaman azlıq təşkil edir. Bununla belə, arxada qoyduğum ömrün 50 ili həqiqətən böyük zaman kəsiyidir. Bu 50 il mənim üçün dolğun və mənalı yaşanmış bir həyatdır. Ömrümün bu illərindən çox razıyam.
Ömrün arxada qalan 50 ilində mənim üçün çox böyük yaddaqalan hadisələr baş vermişdir. Lakin müstəqilliyimizi görmək və müstəqil dövlətə xidmət etmək ömrümün ən yaddaqalan məqamlarıdır. Çox sevinirəm ki, ömrümün bu 50 ilində Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərqərar olmasının şahidi və iştirakçısı olmuşam. Müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi yaşamaq xoşbəxtliyi mənə qismət oldu. Odur ki, 50 yaşı çox yüksək əhval-ruhiyyə ilə qarşılayıram.
Maraqlısı da odur ki, doğum günüm Novruz bayramına təsadüf edir. Bildiyimiz kimi, Azərbaycan xalqını özünün milli soykökünə bağlayan bu bayram ölkəmiz müstəqillik əldə etdikdən sonra vətəndaşlıq hüququ qazandı və dövlət səviyyəsində qeyd olunmağa başladı. Hər il martın 20-də ailəmdə bu el şənliyi ilə ad günümün yaratdığı bayram əhval-ruhiyyəsi bir-birinə qarışır. Bizim üçün ikiqat bayram olur.
- Həyatın ən mənalı və məhsuldar dövrünü əhatə edən 50 ilin hesabatını özlüyünüzdə vermisinizmi?
- 50 yaş həm də insanın müdrik çağına qədəm qoyması, mənəvi yetkinlik dövrüdür. Bu yaşda insan həm özünün, həm də cəmiyyətin qarşısında hesabat verir ki, hansı işləri görüb, hansı işləri görməlidir.
Elm adamı kimi bu sahədə qazandığım uğurlar da məni sevindirir və qane edir. Görülmüş işlərə baxanda düşünürsən ki, xeyli nailiyyətlər var. Həm Azərbaycanda psixologiya elminin inkişafı və digər sahələrə nüfuz etməsi, həm də elmi kadrların hazırlanması baxımından. Ölkəmizdə ilk dəfə olaraq 1999-cu ildə Bakı Dövlət Universitetində "Eksperimental psixologiya" elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik etmişəm. Bu araşdırmalarda şəxsiyyətin yaradıcılıq imkan və potensialının aktuallaşması və şəxsiyyətin özünügerçəkləşdirməsinin metodoloji və psixoloji əsasları, o cümlədən respublikamızda ilk dəfə olaraq eksperimental psixologiyanın əsasları işlənmişdir. 9 dərslik və dərs vəsaitinin, 15 monoqrafiya, 150 elmi əsərin müəllifiyəm. Tədqiqatlarıma istinad edilərək və bilavasitə elmi rəhbərliyim ilə 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Amma eyni zamanda da baxırsan ki, görülmüş işlər nə qədər çox olsa da, müasir zamanın tələbləri, prizması, yaradılmış bünövrə baxımından çox az görünür. Daha böyük işlərin həyata keçirilməsini istəyirsən. Xüsusən də respublikamızın dinamik inkişafı, ölkədə həyata keçirilən siyasi-iqtisadi, mədəni islahatların tempi və əldə etdiyimiz uğurlar biz alimləri daha məhsuldar işləməyə sövq edir. Azərbaycan alimlərinin elm sahəsində böyük uğurları var. Amma açığını demək lazımdır ki, bu gün elm respublikamızda gedən iqtisadi yüksəlişlə hələ ki ayaqlaşa bilmir. Bir elm adamı kimi bu baxımdan hesab edirəm ki, bizim dövlətə və xalqa verəcəyimiz töhfələr hələ çoxdur. Cəmiyyət də bizdən bunu gözləyir. Elmin inkişafının respublikanın sürətli inkişafı ilə ayaqlaşmasını və iqtsadi yüksəlişə böyük töhfələr verməsini elmi ictimaiyyətin qarşısında dayanan müqəddəs borc da hesab etmək olar. Bu baxımdan deyərdim ki, görülmüş işlər çoxdur, amma qarşımızda duran vəzifələr daha böyükdür.
- Xeyli ictimai və
administrativ statusunuz var. Deputatsınız, parlament komitəsinin
sədr müavinisiniz, kafedra müdirisiniz, professorsunuz... Bu qədər vəzifənin öhdəliyini
doğrultmaq böyük məsuliyyət və zaman tələb
edir. Çətin olmur ki?
- Əlbəttə ki,
çətindir! Siz hələ bu vəzifələrin
bir qismini sadaladınız. Ayda bir dəfə
işıq üzü görən "Psixologiya"
jurnalının elmi redaktoru olmaq, elmi kadrların
hazırlanması üçün dissertasiya şurasına sədrlik
etmək, elmi-tədqiqat laboratoriyalarına, doktorantlara rəhbərlik
etmək elmi fəaliyyətimin ayrılmaz hissələridir.
Peşəkar elmi kadrların hazırlanması,
bütövlükdə elmin inkişaf etməsi, bu sahədə
həyata keçirilən islahatların uğurlu nəticələr
verməsi elm adamlarının hər birini öz sahəsində
daha məsuliyyətlə çalışmağa səsləyir.
Eyni zamanda, mənim siyasi fəaliyyətim,
deputat kimi seçicilərim qarşısında məsuliyyətim,
2001-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında
"Əfv məsələləri üzrə komissiya"nın, 2004-cü ildən isə "Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə komissiya"nın üzvü olmağım cəmiyyət
və insanlar qarşısında ikiqat məsuliyyət tələb
edir. Ölkəmizin inkişafında, müstəqil
dövlətimizin daha da möhkəmlənməsində hər
kəs öz bacardığı işi görməlidir.
Hesab edirəm ki, üzərimə qoyulmuş bu
vəzifələr həm də mənə göstərilən
etimaddır. Öz fəaliyyətimdə hər
zaman dövlətimizin mənə göstərdiyi etimadı
doğrultmağa çalışıram.
Azərbaycan gəncliyi neqativ təsirlərdən
uzaqdır
- Həyatınızın əsas
hissəsi elmi-pedaqoji fəaliyyətə həsr olunub. Vaxtınızın əsas hissəsini, şübhəsiz
ki, gənclərin əhatəsində keçirirsiniz. Bugünkü Azərbaycan gəncliyini necə dəyərləndirirsiniz
və gəncliyimizin əsas uğurlarını, həmçinin
problemini nədə görürsünüz?
- Gənclik bütün
zamanlarda cəmiyyətin inkişaf dinamikasına təsir edən
əsas sosial qüvvə olmuşdur. Bu
yaxınlarda YUNESKO-nun təşəbbüsü ilə gənclərin
cəmiyyətin yeniləşdirilməsində
iştirakının fəallaşdırılmasına həsr
olunmuş layihə həyata keçirilirdi. Ekspert kimi Azərbaycan gəncliyinin cəmiyyətin
inkişafındakı rolu və dövlətin bu sahədə
gördüyü işlərlə bağlı məruzə
hazırladım. Təhlil edərək
göstərdim ki, Azərbaycan dövləti tərəfindən
qısa müddətdə, yəni ötən əsrin
90-cı illərinin ortalarından başlayaraq gənclərin
cəmiyyət həyatında iştirakını təmin etmək
üçün böyük işlər görülüb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə gənclərin qurultaylarının, forumlarının
keçirilməsi, gənclərin təşkilatlanması, bu
təbəqənin ictimai-siyasi həyatda daha fəal
iştirak etməsi üçün qanunvericilik
bazasının yaradılması və başqa işlər Azərbaycan
gəncliyinin inkişafı üçün geniş meydan
açıb. Bunun davamı olaraq Prezident İlham Əliyev
tərəfindən 2005-2009-cu illəri əhatə edən
"Azərbaycan gəncliyi" Dövlət
Proqramının təsdiq edilməsi, eyni zamanda, dövlət
başçısının "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nı təsdiq etməsi,
parlament və bələdiyyə seçkilərində gənclərin
fəal iştirakı və seçkili orqanlarda geniş təmsil
olunması və s. bu kimi faktlar Azərbaycan hakimiyyətinin gənclərlə
bağlı aydın və təkmil siyasətinin olduğunu
göstərir. Bu gün 1200-dən artıq bələdiyyənin
400-ə yaxınının sədri məhz gənclərdir.
Bütün bunlar Azərbaycan gəncliyinə cəmiyyət
həyatında özünü təsdiq etmək
üçün yaradılan şəraitdir. Məruzəmdə də bu məsələlər
öz əksini tapmışdır.
Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbüsü ilə internat məktəblərində,
uşaq evlərində yaşayan və 18 yaşı tamam
olduqdan sonra oranı tərk etməli olan qızlar
üçün ilk dəfə olaraq məhz respublikamızda
mənzil tipli yataqxananın tikilməsi də ölkəmizdə
həyata keçirilən gənclər siyasətinin həm
dolğun, həm də çoxşaxəli olmasının
göstəricisidir. Eyni zamanda, bütün ali
məktəblərdə gənclər təşkilatlarının
yaradılması, tələbə gəncləri narahat edən
problemlərin ali məktəblərin elmi şuralarında
qaldırılması, həmin problemlərin həlli
üçün hökumətə, parlamentə təkliflərin
verilməsi və bunun əsasında müvafiq qərarların
qəbul edilməsi, gənclərin təkliflərinin dövlət
proqramına salınması onu göstərir ki, gənclər
cəmiyyətdə fəaldırlar. Dövlət
də gəncliyi ictimai-siyasi, sosial-iqtisadi proseslərdə
daha fəal olmağa səsləyir və ölkənin gələcəyinin
məhz gəncliyin təşəbbüsləri əsasında
möhkəmlənməsini prioritet vəzifələrindən
biri hesab edir.
Digər tərəfdən,
gənclərin hamısı ali təhsil
dalınca getmir. Hər il orta hesabla 150 minə
yaxın gənc orta məktəbi bitirir. Bunların təxminən
35 minə yaxını ali məktəblərə,
texnikumlara qəbul olunur. Ona görə cənab
Prezidentin sərəncamı ilə texniki-peşə məktəblərinin
yaradılması və bu şəbəkənin genişləndirilməsi,
ixtisaslı fəhlə kadrların hazırlanması ilə
bağlı Dövlət Proqramı təsdiq edilib. Təbii
ki, ali təhsil almayan gənclərin bir
qismi bu məktəblərə cəlb olunub. Onlar
ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının müxtəlif
sahələrində, xüsusilə də xidmət sektorunda
işləmək üçün müəyyən peşələrə
yiyələnirlər. Bütün bunlar
bir daha göstərir ki, gənclərə dövlət
qayğısı var.
Təəssüf
hissi ilə qeyd etmək lazımdır ki, uğurlarla
yanaşı, gəncliyin müəyyən problemləri də
var. Dövlət problemlərin aradan qaldırılması
üçün bütün zəruri addımları
atır. Təbii ki, gənclər özləri də fəal
olmalı və problemlərin aradan qaldırılması
üçün təşəbbüs göstərməlidirlər.
Problemlərdən biri təhsil almış gəncin
işlə təmin olunması məsələsidir. Bu problem xarici ölkələrdə təhsil
almış gənclərin forumunda da qaldırıldı.
Hazırda dövlət başçısının
tapşırığı ilə xaricdə və ölkəmizdə
təhsil almış gənclərin iş yeri ilə təmin
olunmalarıyla bağlı xüsusi dövlət
proqramının üzərində iş gedir. Bu,
çox vacib məsələdir.
Ən ciddi
problemlərdən biri son vaxtlar müəyyən antimilli dairələr
tərəfindən Azərbaycan gəncliyini hansısa neqativ
istiqamətlərə yönəltmək cəhdlərinin
müşahidə olunmasıdır. Bu, bir ziyalı kimi məni
dərindən narahat edir. Bəzən dini
çağırışlar və yaxud mədəniyyətlərarası
ziddiyyətlər altında, bəzən isə hansısa
sosial problemlərdən irəli gələrək gənclərimizə
təsir etmək istəyirlər. Bəzi ölkələrin
təsiri altına düşərək, islam
dinini müəyyən təriqətlərə bölərək
Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq cəmiyyətimizə
və müstəqilliyimizə təhdiddir. Bunun başqa
adı yoxdur!
Əlbəttə,
Azərbaycan gəncliyi kifayət qədər yetkin sosial təbəqədir,
buna görə yad və neqativ təsirlərdən
uzaqdır. Gənclərimiz müstəqilliyimizin daha da möhkəmləndirilməsi,
ölkəmizin inkişafı ilə bağlı üzərlərinə
düşən vəzifələri layiqincə yerinə
yetirirlər və xüsusən işğal altında olan
torpaqlarımızın azad olunması üçün də
hər an ölüm-dirim mübarizəsinə
hazırdırlar. Cəbhə xəttində
xidmət edən, sərhədlərimizin keşiyində
dayanan da Azərbaycan gəncləridir. Bu
baxımdan hesab edirəm ki, məhz Azərbaycan gəncləri
radikal, zərərli dini çağırışların
qarşısını da mətinliklə alacaqlar.
Digər tərəfdən,
Azərbaycan dini baxımdan tolerant ölkədir. Lakin Azərbaycanı
sevməyən bəzi xarici siyasi mərkəzlər, o
cümlədən ermənipərəst dairələr ölkəmizdə
guya dini dözümsüzlüyün olması barədə həqiqətə
uyğun gəlməyən çağırışlar səsləndirirlər.
Əlbəttə, bütün bu cəhdlər
kökündən yanlışdır. İnamla demək
olar ki, Azərbaycan dini tolerantlıq baxımından dünya
üçün, o cümlədən bir çox Avropa ölkəsi
üçün nümunə ola bilər.
Əksər mötəbər beynəlxalq təşkilatların
nümayəndələri ölkəmizə səfərləri
zamanı və hazırladıqları ekspert rəylərində
bunu qeyd edirlər.
Azərbaycanda dini konfessiyalar
arasındakı belə yüksək münasibət bir
çox ölkələr üçün nümunə ola bilər. Azərbaycan barəsində
əksər vaxtlarda real faktlara əsaslanmayan hesabatlar
hazırlayan bəzi beynəlxalq təşkilatlar nə qədər
axtarsalar da, ölkəmizdə dini tolerantlıqla bağlı
qaranlıq məqam tapa bilməyiblər. Olsa
da, həqiqətə uyğun deyil.
ABŞ-da bir
keşişin müsəlmanların müqəddəs
kitabı olan "Qurani-Kərim"i yandırması
"İncil"in yandırılması kimi bir şeydir. Bunların hər
ikisi müqəddəs kitablardır. Bəs
necə olur ki, bir din xadimi bu addımı atır? Deməli, hansısa qüvvələr dinlərarası,
mədəniyyətlərarası, sivilizasiyalararası
qarşıdurmalar yaratmağa çalışırlar.
Əlbəttə, istər ABŞ-da, istər
digər dövlətlərdə olan sağlam qüvvələr,
ziyalılar, dövlət xadimləri bu cür məsələləri
pisləyirlər. ABŞ Prezidenti Barak Obama
da "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə
pislədi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
bu məsələyə öz münasibətini bildirib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva
Bakıda keçirilən mədəniyyətlərarası
dialoq forumunda çıxış edərkən diqqəti bu
məsələyə çəkdi və dedi ki, hansı dinə
mənsub olmasından asılı olmayaraq belə
addımların atılması bütün cəmiyyətlərdə
qətiyyətlə pislənilməlidir.
Radikal müxalifətin mitinq istəyi süni
qarşıdurma yaratmaq niyyətinə xidmət edir
- Son vaxtlar radikal müxalifətin
süni gərginlik və qarşıdurma yaratmaq cəhdlərinə
ölkənin ziyalı təbəqəsi, xüsusən elmi
ictimaiyyət tərəfindən kəskin etirazlar eşidilməkdədir.
Sizin də bir ziyalı kimi bu məsələyə münasibətinizi
bilmək istərdik...
- Radikal
çıxışlara qarşı ziyalıların kəskin
münasibət nümayiş etdirmələri təbiidir. Çünki hər hansı radikal
çıxış qeyd etdiyim kimi, Azərbaycan dövlətinin
və xalqının milli mənafelərinə ziddir. Hazırda Azərbaycan öz inkişafına görə
keyfiyyətcə yeni mərhələyə daxil olub.
Bakıda mədəniyyətlərarası dialoqla
bağlı dünya forumunun keçirilməsi, cənab
Prezident İlham Əliyevin oradakı
çıxışı zamanı Azərbaycanın Şərqlə
Qərb arasında körpü rolunu oynamaq kimi mənəvi
haqqının olması barədə işlətdiyi fikirlər
bizə deməyə əsas verir ki, sivilizasiyaların
qovşağında yerləşən Azərbaycan dünyada
gedən proseslərə kifayət qədər müdaxilə
edə biləcək, dünya nizamına təsir göstərəcək
qədər güclü dövlətə çevrilib. Biz bu nailiyyəti qoruyub saxlamalıyıq və
gücləndirməliyik.
Sözsüz
ki, Azərbaycan demokratik ölkə olduğu üçün
insanların sərbəst toplaşmaq azadlığı var.
Lakin insanların sərbəst toplaşmaq hüququ o demək
deyil ki, başqalarının hüquq və azadlıqları
pozulmalıdır. Kimlərsə toplaşmaq, fikirlərini
ifadə etmək istəyirlərsə, bunun üçün
heç bir məhdudiyyət yoxdur. Amma son
vaxtlar radikal müxalifətin mitinq keçirmək istəyi, əslində,
ölkədə sabitliyi pozmaq və süni qarşıdurma
yaratmaq niyyətinə xidmət edir. Televiziyada
verilən kadrlardan da göründü ki, bir qrup insan avtobusun
qapısını zorla açır və sərnişinlərdən
onların icazəsiz aksiyasına qoşulmağı tələb
edirdilər. Bu insanların hüquqlarının pozulmasından
başqa bir şey deyil! Bu hadisə mənə
radikal müxalifətin 2003-cü ildə törətdiyi
pozuculuq əməllərini xatırlatdı. Öz vətəndaşlarımıza qarşı
bu cür qanunsuzluq edənlər, dövlətin və
ayrı-ayrı şəxslərin əmlaklarına zərər
vuranlar təbii ki, hər zaman ictimaiyyətin qınaq obyekti
olacaqlar.
Görəsən,
Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul
olan radikal müxalifət BMT-nin Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi ilə
bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi ilə
bağlı hansısa Qərb dövlətinin səfirliyi
qarşısında aksiya keçirmək fikrinə
düşübmü? Xeyr! Amma bu radikal müxalifət Ermənistanı
dəstəkləyən, Liviyanın bombalanması ilə
bağlı operativ qərarlar qəbul edən xarici dairələrlə
həvəslə əməkdaşlıq edir. Belə bir informasiyalar da yayırlar ki, hakimiyyətə
gəldikləri təqdirdə ölkəmizin milli problemlərini
həll edə bilərlər. Maraqlıdır,
necə həll edərsiniz? Ermənilər
torpaqları qaytarmır, müxalifətin əməkdaşlıq
etdiyi xarici dairələr isə Ermənistanı dəstəkləyirlər.
Deməli, radikal müxalifət hakimiyyətə
gəlməsinə kömək müqabilində Dağlıq
Qarabağdan ermənilərin xeyrinə vaz keçilməsi
üçün xarici dairələr qarşısında
öhdəlik götürüb? Süni gərginliklər
yaratmağa cəhd etməklə radikal müxalifətin məqsədi
odur ki, beynəlxalq ictimaiyyətdə Azərbaycan dövlətinin
guya antidemokratik olması, ermənilərlə qonşuluq
şəraitində yaşaya bilməməsi və beləliklə
də Dağlıq Qarabağ məsələsinin Ermənistanın
xeyrinə həll olunması barədə rəy
formalaşsın. Ona görə Azərbaycan
ictimaiyyətinin radikal müxalifətin destruktiv fəaliyyətinə
münasibəti birmənalıdır. Bu
pozuculuq işidir və məqsəd Azərbaycan dövlətinin
imicinə ləkə gətirmək, xalqımızın
özünün haqq işi uğrunda mübarizəsinə
mane olmaqdır.
Təbii ki, Azərbaycan
xalqı bu cür məqsədlərin reallaşmasına
heç vaxt imkan verməyəcək. Dinamik inkişaf etməkdə olan
respublikamızda süni qarşıdurmaların
yaradılmasına cəhd göstərilməsi, Dağlıq
Qarabağla bağlı Azərbaycanın diplomatik
uğurları və ermənilərin işğal edilmiş ərazilərimizi
beynəlxalq hüquq normaları çərçivəsində
azad etmək üçün başqa çıxış
yollarının qalmadığı, sülh
razılaşmasının gündəmə gəldiyi bir
zamanda Azərbaycanda süni gərginlik və
qarşıdurmaların yaradılması bunun
ziyanınadır. Bu gün Azərbaycan ictimaiyyəti
milli və dövlətçilik məsələlərində
monolitlik nümayiş etdirir. İstər iqtidar, istər
müxalifət, istər bitərəf olsun, kimliyindən
asılı olmayaraq hər birimizin bir milli problemimiz var. Bu da
işğal olunmuş ərazilərimizin azad edilməsidir! İşğalçı qüvvələr
torpaqlarımızdan çıxmalı, əsir və
girovluqda olan soydaşlarımız azad edilməlidir. Biz bu məsələdə milli qeyrət və
birlik nümayiş etdirməliyik. Nə qədər
ki, bu problem həll edilməyib, ölkə daxilində əlavə
problemin yaradılması dövlətimizin milli mənafeyinə
zərbədir.
Hər
hansı bir niyyətdən və məqsəddən
asılı olmayaraq istənilən zərərli radikal
addım Azərbaycan dövlətinin müstəqilliyinə
bir təhdiddir və torpaqlarımızın işğaldan
azad edilməsi yolunda apardığımız mübarizəyə
bir əngəldir. Azərbaycana qarşı təzyiq edən
və düşmənə himayədarlıq göstərən
qüvvələrə sübut etməliyik ki, xalqımızın
birliyini və onun öz torpaqlarını işğaldan azad
etmək iradəsini heç cür sarsıda bilməzlər.
Biz torpaqlarımızı azad etmək
üçün beynəlxalq hüquq normaları çərçivəsində
tam mənəvi, siyasi, hüquqi əsaslara malikik. Bütün ziyalılarımız da, din xadimlərimiz
də bu yöndə birlik nümayiş etdirməlidirlər.
Müəllimlərimiz, həkimlərimiz, sadə
vətəndaşlarımız - hər kəs müstəqil
Azərbaycanı daha da möhkəmləndirmək,
torpaqlarımızı işğaldan azad etmək amalına
xidmət etməlidir.
Bütün
bunlarla yanaşı onu da müşahidə edirik ki, illərlə
xalqın yanında olmayan insanlar 5 ildə bir dəfə onu
yada salırlar. Bəs arada qalan müddətdə onlar
insanlarla bir yerdə olurlarmı, vətəndaşların
problemlərini qaldırırlarmı? Təəssüf
ki, biz bunları görmürük. Mən
bir məcburi köçkün rayonunun deputatı kimi daim
seçicilərlə ünsiyyətdəyəm. İnsanlar sual verirlər ki, nə üçün
radikal müxalifət təmsilçiləri antimilli mövqe
tuturlar. Bu məsələ insanları dərindən
düşündürür və radikal müxalifətçilərə
əlləri çatmadığından bu barədə
sualları bizə verirlər.
Əlbəttə,
demokratik cəmiyyəti müxalifətsiz təsəvvür
etmək olmaz.
Lakin müxalifətdə təmsil olunmaq hakimiyyətlə
düşmənçilik aparmaq anlamına gəlməməlidir.
Cəmiyyətin inkişafı ilə iqtidarla
yanaşı, müxalifət də
çalışmalıdır, öz təkliflərini verməlidir.
Azərbaycanda Yeni Azərbaycan Partiyasının
yaratdığı müxalifətçilik təcrübəsi
mövcuddur. 1992-ci ildə ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin
sosial sifarişi olaraq müxalifət partiyası kimi yaranan
Müxalifətçilik
xalqa qarşı olmamalıdır. Müxalifətçilik
cəmiyyət həyatının inkişafı ilə
bağlı konstruktiv fikir plüralizmidir. Çox
təəssüf ki, müxalifətin radikal adlandırılan
qanadı bu cür fəaliyyətdən, cəmiyyətə
sağlam təkliflər verməkdən tamamilə uzaqdır.
Bu baxımdan hesab edirəm ki, Azərbaycanda
radikalizmə yer yoxdur. Ölkəmizdə
gedən proseslər, Azərbaycan hakimiyyətinin yeritdiyi siyasət
milli-mənəvi və bəşəri dəyərlərin,
demokratik prinsiplərin inkişafına, hüquqi dövlət
quruculuğuna xidmət edir.
Azərbaycan dünyanın ən təhlükəsiz
inkişafda olan bir ölkəsidir
- Ümumiyyətlə,
respublikamızın hazırkı mövcud siyasi-ictimai,
sosial-iqtisadi durumu barədə nə deyə bilərsiniz?
- Həyatda müstəqil
dövlətin vətəndaşı olmaq qədər ikinci
bir xoşbəxtlik təsəvvür etmək olduqca çətindir.
Biz artıq elə bir dövrdə
yaşayırıq ki, günü-gündən elə
inkişaf baş verir ki, getdiyin küçəni bir aydan
sonra tanıya bilmirsən. İnsanların
həyat tərzi dəyişir, yaşayış səviyyəsi
yüksəlir. Təbii ki,
yaşayış səviyyəsi yüksəldikcə tələbatlar
da artacaq. Əlbəttə, bu,
yaxşı haldır. Tələbat nə
qədər artırsa, deməli, inkişaf var. İnkişaf
olmayan yerdə yeni tələbat da olmayacaq. O zaman insan
yalnız bir parça çörək uğrunda mübarizə
aparacaq. Ancaq daha yaxşı yaşayış tələbləri
meydana çıxanda, deməli, artıq minimum tələblər
həll edilib və inkişafda keyfiyyətcə yeni mərhələyə
keçilib.
Azərbaycan
iqtisadiyyatı davamlı inkişafdadır. Bir çox ölkələrdə
artım 1-2 faiz olduğu halda, ötən il Azərbaycanda
ümumi daxili məhsulun artımı 5,6
faiz təşkil etdi. Bu, real göstəricidir və
həyat tərzindən də görünür.
Bu cür iqtisadi
inkişaf templəri siyasi islahatların da sürətlə həyata
keçirilməsinə təsir göstərir. O cümlədən
korrupsiya ilə mübarizə sahəsində effektiv fəaliyyət
həyata keçirilir. Onu da qeyd etmək istərdim
ki, hər bir məsələdə olduğu kimi, korrupsiya ilə
mübarizədə də ictimai dəstəyə ciddi ehtiyac
var. İctimaiyyət dövlətin həyata keçirdiyi
siyasətə dəstək verməlidir. Siyasi
və iqtisadi islahatlara dəstək var. Yəni, vətəndaşlar
fəal şəkildə korrupsiya ilə mübarizə tədbirlərinə
töhfə verməlidirlər. Çünki
ictimai nəzarətin olduğu yerdə problemlər də
operativ yoluna qoyular.
Bütün
kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə
kömək göstərilməsi, yoxsulluğun aradan
qaldırılması Azərbaycanda dövlət siyasətinin
başlıca istiqamətlərindən biridir. İlbəil
güclənən Azərbaycan iqtisadiyyatının dinamik
inkişafı isə bütün parametrləri ilə
yanaşı, həm də xalqın sosial rifahının,
güzəranının daha da
yaxşılaşdırılması, sosial problemlərin həlli
istiqamətində atılan addımların real nəticələri
ilə müşayiət olunmaqdadır.
Azərbaycanda
sürətli iqtisadi inkişafın dövlət siyasətinin
prioritet istiqamətlərindən sayılan sosial problemlərin
yoluna qoyulması üçün geniş imkanlar yaratması,
bütün kateqoriyalardan olan vətəndaşların sosial
rifahının yüksəlməsi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanır. Ölkəmizin
dinamik iqtisadi inkişafı isə vətəndaşların
sosial rifahının üzümüzə gələn illərdə
daha da yaxşılaşacağını qətiyyətlə
söyləməyə əsas verir.
Bütövlükdə,
Azərbaycanın ictimai-siyasi həyatı sabitdir,
dayanıqlıdır, sosial-iqtisadi sahə dinamik
inkişafdadır. Bu gün Azərbaycan dünyanın ən
təhlükəsiz inkişafda olan bir ölkəsidir. Narahat dünyamızda Azərbaycanın müstəqil
siyasət həyata keçirməsi, ictimai-siyasi asayişin
qorunması, vətəndaşların təhlükəsizliyinin
təmin edilməsi və inkişafda dinamizmə nail olmaq
çox böyük uğurlardır. Bu
uğurların səbəbi ölkədə həyata
keçirilən siyasətdir. Bu siyasəti
də Azərbaycan xalqı dəyərləndirir və dəstəkləyir.
- Bu yaxınlarda Milli Məclisdə
dövlət tərəfindən hələ evlə təmin
olunmamış məcburi köçkünlərin vaxtilə
məskunlaşdıqları yerlərdən
çıxarılmaları ilə bağlı məhkəmələrin
artdığını bildirdiniz və aidiyyəti qurumları
bu məsələyə diqqət yetirməyə
çağırdınız. Hazırda vəziyyət
nə yerdədir?
- Prezident İlham Əliyevin
bəyan etdiyi kimi, ölkəmizdə bir dənə də
olsun çadır şəhərciyi qalmayıb. Müxtəlif bölgələrdə
qaçqın və məcburi köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılması
üçün 64 yeni qəsəbə salınıb. Lakin dövlət başçısının
apardığı bu siyasətin fonunda qəflətən məcburi
köçkünlərin məskunlaşdıqları yerlərdən
çıxarılması üçün məhkəmələrdə
işlərə baxılır. Məcburi
köçkünlər əsasən haradan
çıxarılır? Tutaq ki, dövlətin
mülkiyyətində olan bir binanı kimsə özəlləşdirir.
Aydın məsələdir, dövlət
mülkiyyəti özəlləşməyə
çıxarıla bilər və hər bir vətəndaş
onu özəlləşdirmək hüququna malikdir. Burada heç bir problem yoxdur. Amma dövlət
mülkiyyətində olan obyekt özəlləşməyə
çıxarılırsa, orada məskunlaşan məcburi
köçkünlər bayıra atılmamalıdır!
Axı dövlətin bu insanları yerləşdirmək barədə
öhdəliyi var! Ona görə Azərbaycan
dövləti adından qərar çıxaran məhkəmə
öncə məcburi köçkünlərin müvafiq
yaşayış yeri ilə təmin olunması barədə
binanı özəlləşdirən icra orqanı və ya
sahibkar qarşısında öhdəlik qoymalıdır.
Mövcud qanunlara, Prezidentin fərman və sərəncamlarına
əsasən, məcburi köçkünlər müvafiq
yaşayış yeri ilə təmin olunmalıdırlar.
Təəssüf
ki, bu məsələdə son vaxtlar ciddi problemlər
yaşanır.
Yəni, özəlləşdirmədə
iştirak edən şəxsin üzərinə məcburi
köçkünlərin yerləşdirilməsi öhdəliyi
qoyulmadan bina satılır və köçkünlərə
deyilir ki, buradan çıxmalısınız. Beləliklə, ölkə
başçısının həyata keçirdiyi siyasətə
kölgə salmaq cəhdləri olunur. Bu
zaman məcburi köçkünlər də onların məskunlaşdıqları
yerlərdən çıxarılmaları ilə
bağlı ərizə və şikayətlərlə
müraciət edirlər.
Bu məsələ
məni olduqca narahat edir. Ona görə Milli Məclisdə məsələ
qaldırdım və qeyd etdim ki, rayonların icra hakimiyyətləri
bu məsələdə diqqətli olmalıdırlar. Əgər biganəlik göstərilirsə, rayon
icra hakimiyyətində məcburi köçkünlərə
qeyri-humanist münasibət bəslənilirsə, şübhəsiz
ki, bu, narazılıq doğuracaq. Milli Məclisin
tribunasından ona da diqqəti yönəltməyə
çalışdım ki, ölkədə qaçqın və
məcburi köçkünlərlə bağlı həyata
keçirilən siyasətə kölgə salmaq istəyənlərə
qarşı qəti mübarizə aparılacaq, onların hərəkətinə
hüquqi qiymət veriləcək. Artıq hiss olunur ki,
bu məsələdə müəyyən irəliləyişlər
var.
Psixologiya elminin inkişafına diqqət
artırılmalıdır
- Hazırda elmi fəaliyyətinizdə
nə kimi yeniliklər var? Ümumiyyətlə,
elmin bu sahəsinə yetərincə dövlət
qayğısı varmı?
- Psixologiya elmi sahəsində
kifayət qədər problemlər var. Məsələn, elmi
rəhbəri olduğum eksperimental psixologiya elmi-tədqiqat
laboratoriyası heç bir cihazla təmin olunmayıb. 10 ildən
artıqdır yaradılan laboratoriyaya bu müddətdə bir
dənə də olsun cihaz verilməyib! Dəfələrlə
müxtəlif səviyyələrdə müraciətlər
edilib, amma faydası olmayıb! Belə olduqda
hansı böyük elmi nailiyyətlərdən danışa
bilərik. Bütün dünyada
eksperimental psixologiya laboratoriyaları müxtəlif sahələrlə
bağlı araşdırmalar aparır və elmi nəticələr
ortaya qoyurlar. Bu elmi nəticələr
çox böyük səmərələr verir. Heç bir kapital qoyuluşu olmadan və yaxud
çox cüzi kapital qoyuluşu ilə böyük iqtisadi səmərə
əldə edilir. Biz bu cihazlar olmadan
dörd divar arasında bir kompüterlə hansı
böyük araşdırmaları apara bilərik? Buna baxmayaraq, əməkdaşlarımız çox
böyük fədakarlıqla çalışırlar,
işlər görürlər. Təbii
ki, cihazların olmadığı yerdə bu bizi qane edə
bilməz.
Odur ki,
hazırda belə bir fikir formalaşıb ki, elm bizə nə
verə bilər və ona görə bu istiqamətdə pul xərcləməyə
dəyməz.
Bu bizim ən ağrılı problemimizdir və
bu stereotipi sındırmalıyıq. İkinci
tərəfdən, tədqiqatçılarda belə bir ruh
düşkünlüyü yaranıb ki, əldə etdiyi nəticə
heç yerdə tətbiq olunmayacaqsa, rəflərdə toz
basacaqsa, onda bu elmi yeniliyi əldə etməsinin mənası
nədir?!
Bir ciddi problem də müəllimlərin,
elmi-tədqiqat işçilərinin maaşlarının az olmasıdır. Korrupsiyaya qarşı
mübarizə üzrə tədbirlər planında Təhsil
və Səhiyyə nazirliklərinə
tapşırılmışdı ki, 2010-cu ilə qədər
müəllimlərin və həkimlərin statusları
müəyyənləşdirilsin və bu statusa uyğun
olaraq onların maaş problemləri həll
olunsun. 2011-ci ildir, lakin müvafiq qurumlar bu məsələni
həll etməyiblər. Şübhəsiz
ki, onlar təkliflərlə Maliyyə və İqtisadi
İnkişaf nazirliklərinə müraciət etməli idilər.
Nəhayət, hökumət səviyyəsində
bu məsələ ilə bağlı müvafiq qərar qəbul
edilməli idi. Alimə, müəllimə, elmi
işçiyə kifayət qədər maaş
verə bilməsək və onları ixtisasına, hazırlıq
səviyyələrinə görə fərqləndirməsək,
şübhəsiz ki, elm sahəsində olan problemləri həll
edə bilməyəcəyik!
Bu gün
söhbət cəmiyyətin humanistləşməsindən və
humanitarlaşmasından, ictimai-humanitar elmlərin həyatımızdakı
rolundan gedir. Söhbət ictimai şüurun, vətəndaş
mövqeyinin və cəmiyyətin hansı istiqamətdə
inkişafı ilə bağlı
dünyagörüşünün
formalaşdırılmasından, hər bir elmin və cəmiyyətin
fəlsəfi konsepsiyasının işlənməsindən
gedir. Əgər ictimai elmlərin
inkişafına diqqət yetirilməzsə, hansısa ciddi irəliləyişlərdən
danışa bilmərik. Cəmiyyət
sosiologiyasız, politologiyasız, psixologiyasız, fəlsəfəsiz
sürətlə irəliləyə bilməz. Cəmiyyətdə baş verən bir çox
kataklizmlərin də səbəbi odur ki, bu elm sahələri
gedən proseslərə kifayət qədər müdaxilə
edə bilmir.
Konkret
psixologiya elminə gəldikdə isə, psixologiyasız hər
hansı bir sahə keçinə bilməz. Bu gün
praktik psixologiyaya çox böyük ehtiyac var. Nəzəri
psixologiyada əldə olunan nəticələr praktik
psixologiyada tətbiq olunur. Çox təəssüf
ki, bunları görmürük. Necə
olur ki, məhbus azadlığa çıxır və bir
müddətdən sonra yenə cinayət törədərək
həbsxanaya düşür? Deməli,
burada psixoloji problemlər var. Yəni, əhalinin psixoloji
sağlamlığında psixologiya elminin verəcəyi
töhfələr böyükdür. Təəssüf
ki, cəmiyyətdə bunu görmürük. Halbuki
Avropa ölkələrində psixologiya elminin verdiyi töhfələr
digər elmlərin verdiyi töhfələrdən qat-qat
çoxdur!
Hesab edirəm
ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə
ciddi ehtiyac var. Belə olarsa, biz cəmiyyətə daha
çox töhfə verə bilərik. Bizim zəngin
nəzəri araşdırmalarımız, kifayət qədər
mütəxəssislərimiz var. Bu araşdırmalar praktikada
tətbiq olunmalı, mütəxəssislərin bilik və
bacarığından geniş istifadə edilməlidir.
Müsahibəni apardı: Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.- 15 aprel.- S. 8.