Azərbaycanın Avstriya ilə ədliyyə sahəsində əlaqələri uğurla inkişaf edir

 

Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür.

Azərbaycan və Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirən F.Məmmədov hüquqi sahədə də səmərəli əlaqələrin qurulduğunu vurğulamışdır. Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsini, o cümlədən penitensiar infrastrukturun təkmilləşdirilməsini, bu islahatlarda həm də avstriyalı mütəxəssislərin iştirakını qeyd etmişdir. Avstriyanın respublikamızla hərtərəfli, o cümlədən hüquqi əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən qonaq iki ölkənin ədliyyə nazirlikləri arasında səmərəli əlaqələri təqdir etmiş, bu münasibətlərin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Azərbaycanın ədliyyə nazirini Avstriyaya səfərə dəvət edən səfir qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürmüşdür.

Görüşdə ədliyyə, məhkəmə qərarlarının icrası, alternativ cəzaların tətbiqi, xüsusi notariusların fəaliyyəti və hakimlərin təlimi məsələləri müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 10.