Azərbaycan Qəsəbə Bələdiyyələri
Milli Assosiasiyasının ümumi yığıncağı
keçirilmişdir
AzərTAc xəbər verir ki, aprelin 14-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının (AQBMA) ümumi yığıncağı keçirilmişdir.
Yığıncaqda dövlət qurumlarının nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələri Milli assosiasiyalarının və qəsəbə bələdiyyələrinin sədrləri iştirak etmişlər.
AQBMA-nın və Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov hesabat məruzəsi ilə çıxış etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının yüksək sürətlə inkişaf etdiyini vurğulayan sədr, bu inkişafın əhalinin maddi rifah səviyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına müsbət təsirini vurğulamışdır. İ.Xəlilov bildirmişdir ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış bələdiyyələr bu gün sürətlə inkişaf edir, yerli problemlərin həllində daha fəal iştirak etməyə çalışırlar. Son seçkilərdən sonra bələdiyyə üzvləri arasında qadınların və gənclərin sayının artması müsbət hal kimi xüsusi vurğulanmışdır.
Assosiasiyanın 2006-cı ildə yaradıldığını xatırladan İ.Xəlilov qeyd etmişdir ki, qurum respublikanın 154 qəsəbəsinin bələdiyyələrini birləşdirir. Milli assosiasiya öz fəaliyyətini prioritet olaraq özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində onların rolunun artırılması istiqamətləri üzrə qurur, bu sahədə geniş və əhatəli proqramlarla çıxış edir, təşəbbüslər irəli sürür. Bələdiyyələrin qabaqcıl təcrübəsinin öyrənilib yayılmasına, yerli özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatları arasında əlaqələrin qurulmasına, maarifləndirmə işlərinə xüsusi diqqət yetirir.
Məruzəçi assosiasiyanın ötən ildəki fəaliyyətinin bütün istiqamətləri barədə konkret faktlar və rəqəmlər əsasında məlumat vermiş, onun işini hərtərəfli təhlil etmişdir.
Assosiasiyanın rəhbəri vurğulamışdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, Avropa Şurasının Baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosiyanın və başqalarının iştirak etdiyi bələdiyyə sədrlərinin birinci və ikinci ümumrespublika toplantıları bu tədbirlər sırasında xüsusi yer tutmuşdur.
Assosiasiyanın "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində qabaqcıl təcrübəni öyrənmək və geniş yaymaq məqsədilə "dəyirmi masalar", "Bələdiyyə: yeni forma, yeni məzmun" mövzusunda respublika konfransı keçirilmiş, konfransın sənədləri kitab şəklində dərc edilmişdir. "Bələdiyyə: yerli özünüidarəetmənin yeni mərhələsi" adlı sənədli film çəkilmiş, bir sıra başqa tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, hesabat dövründə ümumi məbləği 1 milyon 700 min manat olan 515 layihə reallaşdırılmışdır. Ölkə bələdiyyələri tərəfindən böyük razılıqla qarşılanmış və dəstəklənmiş "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü barədə danışan natiq onun müsbət nəticələri barədə geniş danışmışdır. Vurğulanmışdır ki, bu təşəbbüs milli assosiasiyaların qabaqcıl bələdiyyə təcrübəsinə həsr olunmuş "Bələdiyyə: yeni forma, yeni məzmun" respublika konfransında irəli sürdükləri daha yeddi yeni təşəbbüslə inkişaf etdirilmişdir. Bunlar "Seçicilərimizi eşidək", "Bələdiyyə günü", "Sadə idman qurğularına bələdiyyə qayğısı", "Bələdiyyə kuboku", "Bizim ünvan", "Abad kənd" və "Abad məhəllə" təşəbbüsləridir.
Tədbirlər sırasında ötən ilin oktyabrında Gənclər və İdman Nazirliyi ilə birlikdə Lənkəranda və Bərdədə "Azərbaycanda dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində bələdiyyələrin rolu" mövzusunda zona konfranslarının, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə tematik aylıqlar, həftələr və "dəyirmi masalar" keçirilməsi qeyd edilmişdir.
Bildirilmişdir ki, Milli Məclisin Regional məsələlər komitəsinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və QHT-lərlə sıx əməkdaşlıq edilir.
AQBMA sədri assosiasiyanın xətti ilə keçirilmiş sosial, mədəni və idman yönümlü çoxsaylı tədbirlər barəsində də ətraflı məlumat vermişdir. Həyata keçirilmiş layihələrdən bəhs edən sədr fəal bələdiyyələrlə yanaşı, passiv mövqe tutan bələdiyyələri də qeyd etmişdir. Bələdiyyə sisteminin optimallaşdırılması mövzusuna toxunan İ.Xəlilov müasir informasiya texnologiyalarından istifadə edilməsinin zəruriliyini xüsusi vurğulamış, həmkarlarını elektron məlumatlar sistemini daha fəal tətbiq etməyə çağırmışdır.
Yığıncaqda assosiasiyanın nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilmişdir.
Sonra yığıncaq iştirakçıları assosiasiyanın 2011-ci il üçün büdcəsini müzakirə və təsdiq etmişlər.
Yığıncaqda çıxış edənlər - Naxçıvan MR Qəsəbə Bələdiyyələri Assosiasiyasının, Zığ, Vəndam, Xocasən, Aran və Lökbatan bələdiyyələrinin sədrləri AQBMA-nın 2010-cu ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra təkliflər irəli sürmüşlər. Açıq dialoq formatında, konstruktiv və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər qaldırılmışdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və Prezident Administrasiyasının bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov çıxış edərək dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyatının keyfiyyətini yaxşılaşdırmaq üzrə qarşıya qoyulmuş məsələlər və bununla bağlı bələdiyyələrin artan rolunu yığıncaq iştirakçılarına xatırlatmışlar. Onlar yerli özünüidaəretmə orqanlarının peşəkarlığının, Azərbaycan bələdiyyə sisteminin səmərəliliyinin artırılmasının vacibliyini vurğulamışlar.
Sonra qəsəbə bələdiyyələrinin sədrlərini maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılmış, onlara konkret tövsiyələr verilmişdir.
Azərbaycan.- 2011.- 15 aprel.- S. 10.