Türkiyə Respublikasının
nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində
olmuşdur
Aprelin 14-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini - Ahmet Zahteroğullarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, ölkəmizdə daim Türkiyənin qardaşlıq köməyinin hiss olunduğunu, müxtəlif sahələrdə bu ölkənin təcrübəsindən yararlanmağa ehtiyac duyulduğunu bildirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ahmet Zahteroğulları bildirmişdir ki, biz hər zaman təcrübəmizi paylaşmağa hazırıq. Qonaq Azərbaycana səfərindən məmnun qaldığını, ölkədə şahidi olduğu ciddi inkişafdan heyrətlənərək qürur hissi keçirdiyini ifadə etmişdir.
A.Rəhimov qonağa 1990-cı illərin əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət və iqtisadi tənəzzüldən, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlardan danışmışdır. Vurğulanmışdır ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada sabitlik bərpa olunmuş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf etməyə başlamışdır. Xidmət rəisi həmin siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini nəzərə çatdırmışdır.
A.Rəhimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısının miqrasiya ilə bağlı tapşırıq və tövsiyələrini xatırlatmışdır. Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq məqsədilə DMX-yə müraciət edənlərin arasında daha çox qardaş Türkiyə dövlətinin vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edən xidmət rəisi bunu müsbət hal kimi qiymətləndirmişdir.
Sonda iki ölkə arasında miqrasiya sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi yolları, qurumlararası əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.-15 aprel.- S. 10.