Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
məqsədilə bir sıra tədbirlər həyata
keçirmişdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, komissiyalarda və əhalinin sosial müdafiəsi mərkəzlərində çalışan işçilərin məsuliyyətinin artırılması, "Vətəndaşların müraciətinə baxılması qaydası haqqında" qanunun icrasının təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, vəzifələrinin icrasında, həmçinin vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşları vəzifələrindən azad edilmiş, 5 rayonun (Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi) mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmış, 15 nəfərə isə töhmət verilmişdir.
İctimai nəzarətin gücləndirilməsi məqsədilə "Ünvanlı sosial yardım təyin edən" Komissiyanın Əsasnaməsinə əlavə və dəyişikliklər edilərək komissiyanın üzvləri siyahısına təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların (o cümlədən qeyri-hökumət və həmkarlar ittifaqlarının) nümayəndələri də daxil edilmişdir. Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə Ombudsman Aparatının əməkdaşları ilə birgə vətəndaşların iştirakı ilə araşdırılmış, müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, 6 zona üzrə tibbi-sosial ekspert komissiyalarının sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılmış, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məqsədilə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Azərbaycan.- 2011.-15 aprel.- S. 10.