Tvinninq layihəsinin reallaşdırılması MDB-də ilk dəfə olaraq Azərbaycanda müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcəkdir

 

Tvinninq layihəsinin həyata keçirilməsi MDB məkanında ilk dəfə olaraq Azərbaycanda müasir elektron audit sistemini tətbiq etməyə imkan verəcəkdir.

Bunu aprelin 14-də Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin təqdimat mərasimində vergilər naziri Fazil Məmmədov demişdir.

Nazir bildirmişdir ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən, Vergilər Nazirliyinin benefisiarı olduğu "Kompüter əsaslı audit sistemi sahəsində Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin reallaşdırılması ölkəmizdə vergi audit sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin reallaşdırılması ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin müvafiq strukturlarının texnoloji, metodik, analitik və insan resursları baxımından təkmilləşdirilməsinə, e-bəyannamələrin tətbiqi ilə yanaşı, müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və e-auditin tətbiqinə imkan verəcəkdir. Elektron audit vergilərdən yayınma ilə mübarizədə də vacib rol oynayacaqdır. Bu, vergi yoxlamalarının aparılması prosesində vaxta və insan resurslarına qənaət olunmasına da kömək edəcəkdir. Layihənin qalibi ötən ilin mayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası olmuşdur. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

"E-audit Tvinninq layihəsi, onun məqsədi və komponentləri", "Tvinninqin prinsipləri və müvəffəqiyyət amilləri. E-audit sahəsində Niderlandın müasir təcrübəsi" mövzularında məruzələr dinlənilmişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia vurğulamışdır ki, Aİ bu günə kimi Azərbaycanda 20 Tvinninq layihəsi həyata keçirmişdir. Layihələrdən 3-ü artıq uğurla başa çatmışdır. Qalan 17 layihə isə icra olunur. Aİ-nin bu cür layihələrinin Azərbaycanda tətbiqi, dövlət idarəçiliyi sahəsində uğurlu nəticələrin əldə olunmasına zəmin yaradır.

Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Uijterlinde ölkəsinin bu sahədə qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, layihə cari ilin martından başlayaraq iki il ərzində həyata keçiriləcəkdir.

Mərasimdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndələri, Niderland Krallığının Azərbaycandakı səfiri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 aprel.- S. 10.