Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir

 

Tbilisidə GUAM ölkələri turizm nazirlərinin toplantısı keçirilmişdir. "Ekspo-Georgia" sərgi mərkəzində ölkədə istehsal olunan məhsullar haqqında təsəvvür yaradan stendlər də nümayiş etdirilmişdir. Tədbirdə altı ölkədən nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm idarəsinin rəisi Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdu.

A.İsmiyev AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, GUAM ölkələri ilə Yaponiya arasında turizmin inkişafı sahəsində mövcud olan layihə üzərində iş aparılır. Məqsəd GUAM ölkələrinə Yaponiyadan turistlər cəlb etməkdir. Yaponlar turizmi xoşlayan xalqdır. Onlar səfərə çıxdıqları zaman bir ölkə ilə kifayətlənmirlər, bütün bölgəyə səyahət etməyə üstünlük verirlər. Ekspertlər səviyyəsində tərtib olunmuş sənədlər qurum rəhbərləri tərəfindən müzakirə olunub imzalanmışdır. Bunun ölkəmizdə turizmin daha da inkişafına xidmət edəcəyinə əminəm.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili də təəssüratını bölüşmüşdür: Zənnimcə, həm təşkil olunmuş sərgi, həm də toplantı yalnız Gürcüstanda deyil, bütün bölgədə, o cümlədən Azərbaycanda da turizmin inkişafına öz töhfəsini verəcəkdir. Məqsəd GUAM ölkələri turizm idarələri rəhbərlərinin gələcək əməkdaşlığını daha da inkişaf etdirmək üçün müzakirələr aparmaqdır. Bu görüşdə turizm sahəsində gələcək fəaliyyət planı əks olunmuş Tbilisi bəyannaməsi imzalandı. Həmçinin burada GUAM ölkələrinə Yaponiyadan turistlərin cəlb olunması yollarına da diqqət yetirildi. Bir sözlə, həm işçi qrup, həm də turizm idarələrinin rəhbərləri məhsuldar işləmiş, səmərəli müzakirələr aparmışlar.

GUAM-ın baş katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə münasibət bildirərkən qeyd etmişdir ki, hər bir münaqişədə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində də danışıqlar formatı mövcuddur. Biz münaqişələrin hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normaları və ölkənin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə tərəfdarıq. Çalışırıq ki, GUAM məkanında mövcud münaqişələrin tənzimlənməsinə dünya ictimaiyyətinin diqqətini cəlb edək. Bu münaqişələrin tənzimlənməməsinin yalnız GUAM dövlətləri üçün deyil, beynəlxalq təhlükəsizliyə də əngəl törətdiyini diqqətə çatdırırıq. GUAM münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etmir. Lakin biz dünya ictimaiyyətinin bu məsələlərə bizim mövqeyimiz baxımından yanaşması yönümündə fəaliyyət göstərir və çalışırıq ki, GUAM məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yardım edək. Azərbaycanda Qarabağ kimi, Gürcüstan da turizm baxımından cəlbedici məkan olan Abxaziyaya nəzarət edə bilmir. Lakin buna baxmayaraq biz turizmi inkişaf etdirməliyik, çünki onun inkişafı ilə ölkədə bank, nəqliyyat, tikinti, kənd təsərrüfatı, emal müəssisələri, restoran biznesi kimi sahələr də inkişaf edir. Ümidvaram ki, vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağda, Gürcüstan isə Abxaziyada turizm potensialının artırılması qayğısına qalacaqdır.

GUAM katibliyinin iqtisadi məsələlər üzrə proqramının əlaqələndiricisi Səbuhi Temirov tədbir haqqında daha geniş məlumat vermişdir: "Bu, turizm üzrə artıq doqquzuncu görüşdür. Bizim bir sıra layihələrimiz vardır ki, onlardan biri də GUAM ölkələrində turizmin daha da inkişaf etdirilməsidir. Layihənin məğzi GUAM - Yaponiya əməkdaşlığı çərçivəsində GUAM ölkələrinə Yaponiyadan turistlərin cəlb edilməsidir. Bu istiqamətdə Yaponiya ilə çox fəal iş aparılır və artıq əməli fəaliyyət planı hazırlanmışdır. Azərbaycan Respublikası belə tədbirlərdə olduqca fəal iştirak edir. Ötən il belə bir toplantı Azərbaycanda keçirilmiş və müvafiq fəaliyyət proqramı tərtib olunmuşdur. İndi həmin proqrama bir daha nəzər salındı, yerinə yetirilmiş müddəalar çıxarıldı, qalanları isə bu il üçün nəzərdə tutulan fəaliyyət planına daxil edildi. Azərbaycan layihələrin həyata keçirilməsində fəallıq göstərir. Layihənin başlanğıcından Azərbaycan GUAM çərçivəsində turizm əməkdaşlığı sahəsində əlaqələndirici ölkədir. Bu ildən isə əlaqələndirici funksiyası Gürcüstana keçir. Tbilisi görüşündə protokol və gələcək fəaliyyət planı əks olunan bəyannamə imzalandı".

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə iştirak etmişdir.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 10.