Bakıda MDB-nin Bədən Tərbiyəsi
və İdman üzrə Şurasının iclası
başlamışdır
Aprelin 14-də Bakıda MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasının iclası öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizin Şura ilə sıx əməkdaşlıq etdiyini və ötən il Bakıda MDB-nin gənclərlə iş üzrə Şurasının iclasının keçirildiyini bildirmişdir. O demişdir ki, MDB-nin yaranmasının 20 illiyi münasibətilə nazirlik ilin sonunadək bir çox turnirlər və təlim-məşq toplanışları keçirəcəkdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda bədən tərbiyəsi və idmanın, Milli Olimpiya Hərəkatının inkişafına böyük diqqət yetirmişdir. Hazırda bu uğurlu siyasət ölkəmizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən 29 Olimpiya İdman Kompleksi istifadəyə verilmiş və daha 10 obyektin tikintisi davam etdirilir.
İdmançılarımızın 2009-cu ildə 619, ötən il isə 675 medal qazandığını bildirən nazir Azərbaycanın mötəbər yarışlara ev sahibliyi etdiyini diqqətə çatdırmışdır.
Belarusun idman və turizm naziri Oleq Kaçan MDB-nin Bədən Tərbiyəsi və İdman üzrə Şurasına rəhbərlik etdiyi ötən bir il ərzində görülmüş işlərdən danışmış, MDB-nin yaranmasının 20 illiyi münasibətilə keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Sonra iclasa yeni sədr təyin
olunmuşdur. Azərbaycan Respublikasının gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov 1 il
müddətinə MDB-nin Bədən Tərbiyəsi və
İdman üzrə Şurasının sədri
seçilmişdir.
İ.İsmayılov ölkəmizdə
idmanın gündən-günə inkişaf etdiyini,
idmançılarımız üçün lazımi şəraitin
yaradıldığını və Şuraya sədrlik edəcəyi
dövrdə MDB ölkələri arasında birgə tədbirlərin
keçirilməsinin nəzərdə tutulduğunu qeyd
etmişdir.
Daha sonra ölkəmizdə
idmanın inkişafı və Milli Olimpiya Hərəkatı
ilə bağlı videoçarx nümayiş olunmuşdur.
İclasda, həmçinin
MDB-nin 20 illiyinə həsr olunmuş idman və gənclər
siyasəti sahəsində tədbirlər planı, 2012-ci ildə
MDB-də elan olunacaq "Bədən tərbiyəsi və
idman ili" ilə bağlı müxtəlif tədbirlər
və əlillərin sosial reabilitasiyası ilə
bağlı mövzular da müzakirə olunmuşdur.
Xatırladaq ki, 2010-cu il
mayın 20-də Sankt-Peterburq şəhərində MDB
Hökumət Başçıları Şurası birliyin 20
illiyinin keçirilməsini qərara almış, bu qərara
müxtəlif tədbirlər planı daxil edilmişdi. MDB-nin
Bədən Tərbiyəsi və İdman üzrə
Şurasının növbəti iclasının Bakıda
keçirilməsi qərarı da həmin tədbirlər
planının bir hissəsidir.
Azərbaycan.- 2011.-15 aprel.- S. 11.