Birləşmiş Ərəb Əmirliklərinin
mədəniyyət, gənclər və sosial inkişaf naziri
Azərbaycanda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir
Əbu Dabidə nəşr olunan nüfuzlu "Əl-İttihad" qəzeti Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət, gənclər və sosial inkişaf naziri Əbdürrəhman Məhəmməd Əl-Uveysin aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı ilə bağlı geniş yazı dərc etmişdir.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Əl-Uveysin Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdiyi dönə-dönə qeyd olunmuşdur. Nazir Prezident İlham Əliyevin forumun "Gülüstan" sarayında keçirilmiş açılış mərasimindəki nitqindən sitat gətirərək bildirmişdir ki, Azərbaycan dövlətinin başçısı ölkədə dini və mədəni tolerantlıq mühitinin mövcudluğu səbəbindən təhlükəsizlik və sabitlik şəraitinin hökm sürdüyünü, eləcə də insanların mədəni mənsubiyyətinin din, mədəniyyət və dünya ölkələri arasında münasibətlərin qorunmasında özünəməxsus yerinin olduğunu xüsusi vurğulamışdır. Azərbaycan Prezidenti, həmçinin bu gün dünyada bir çox problemlərin mövcudluğuna toxunmuş, hazırkı forum kimi tədbirlərin keçirilməsi yolu ilə bu problemlərin bütün tərəflərini əhatə edən müzakirələrin aparılmasına ehtiyac olduğunu vurğulamışdır.
Əl-Uveys Azərbaycan liderinin forumun açılışındakı nitqində bu beynəlxalq məclisi ayrı-ayrı problemlərin həlli yollarının və irəli sürülən təkliflərin qarşılıqlı şəkildə araşdırılması, bütün cəmiyyətlərə xas olan şəraitə uyğun olaraq ayrı-ayrı dövlətlərin təcrübəsinin öyrənilməsi, bu təcrübələr ətrafında müzakirələrin aparılması və bundan faydalanmaq üçün ən yaxşı vasitə kimi qiymətləndirməsini xüsusi vurğulamışdır.
Nazir həmçinin
Bakı Forumunun əhəmiyyətindən danışarkən
bildirmişdir ki, dünya ictimaiyyətinin müasir şəraitdə
mədəniyyət sahəsində üzləşdiyi
çağırış və təhdidlərə
qarşı birgə mübarizəsini, fərqli mədəniyyətlərin
və sivilizasiyaların dialoqunun təmin edilməsini və
müştərək işin görülməsini tələb
edir. O, eyni zamanda, Bakı Forumunun ayrı-ayrı cəmiyyətlərdə
mövcud olan siyasi, iqtisadi və sosial vəziyyətlə əlaqədar
son zamanlar daha da kəskin şəkildə özünü
büruzə verən mədəni çağırış
və təhdidlər səbəbindən yaşanan problemlərin
müsbət istiqamətdə həlli yollarının
tapılması işində dünya xalqları və
onların rəhbərləri üçün mühüm
fürsət olduğunu bildirmişdir.
Azərbaycan.- 2011.- 15 aprel.- S. 11.