AŞ PA-nın yaz sessiyasında
Azərbaycanın qaçqın və məcburi
köçkün qadınlarının vəziyyəti ilə
bağlı məsələ müzakirə olunmuşdur
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının gündəliyində Azərbaycanla bağlı mövzu olmasa da, deputatlarımız hər gün ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələləri qaldırırlar.
Sessiyanın aprelin 14-də keçirilmiş ümumi yığıncaqları da bu baxımdan istisna olmamışdır. İsveçrəli deputat F.Con-Kalamenin hazırladığı "Avropanın kənd rayonlarında qadınlar" adlı məruzənin müzakirələrinə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu məsələ ilə də ölkəmizin problemləri arasında kəsişən xətləri tapmağa müvəffəq olmuşdur.
R.Hüseynov bu sessiya ərzində növbəti dəfə təcavüzkar Ermənistanın ifşasına yönələn kəskin çıxış etmiş, bədnam qonşunun apardığı işğal siyasətinin nəticəsi olaraq qaçqın və məcburi köçkünlərimizin üzləşdiyi ağır həyat şərtlərindən danışmışdır. AŞ PA-nın qadın deputatlarına müraciət edərək onları bu məsələdə həmrəylik və qətiyyət göstərməyə çağırmışdır.
Azərbaycanlı deputat məsələnin mahiyyəti ilə əlaqədar demişdir: "Ətraf mühit komitəsinin təqdim etdiyi bu dəyərli məruzə çoxlu maraqlı düşüncələr oyadır. Çünki bu məruzə bir tərəfdən kənd təsərrüfatı, ekologiya məsələləri ilə bağlıdırsa, digər tərəfdən insan hüquqları ilə əlaqədardır.
Mən də öz ölkəmin timsalında problem ətrafında bəzi mülahizələrimi Assambleya ilə bölüşmək istərdim. Qadınlar Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir və onların da böyük əksəriyyəti kənd rayonlarında məskunlaşmışlar. Dövlət idarəçiliyindən tutmuş ictimai fəaliyyətin ən müxtəlif sahələrinədək Azərbaycan qadınları geniş şəkildə təmsil olunsalar da, bütövlükdə onları daha çox kənd təsərrüfatı ilə, torpaqla bağlı təbəqə kimi səciyyələndirmək doğru olardı. Son 20 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olan 1 milyona yaxın azərbaycanlının əsas hissəsini təşkil edən qadındır isə demək olar ki, hamılıqla kənd rayonlarını təmsil edirlər. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsində bu qadınlar 20 ilə yaxındır ki, evsiz-eşiksiz qalmaqdan, ən müxtəlif sıxıntılar çəkməkdən savayı, onlar üçün doğma olan mühitdən, həyat şəraitindən, daim ünsiyyətdə olduqları torpaqdan ayrı düşmüşlər. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi təqvimə görə hər il martın 8-i qadınların bayramıdır. Lakin 20 ildir ki, erməni təcavüzünün bədbəxt etdiyi yüz minlərlə qadının faciəsini öz dərdi hesab edən Azərbaycan qadınları bu bayramlarını könül dolusu qeyd edə bilmirlər. Bu işğal yüz minlərlə Azərbaycan qadınının ana olmaq, normal həyat yaşamaq, əkib-becərmək, ürəyində xoşbəxt arzu və ümidlər yaşatmaq imkanını da məhv etmişdir. Burada - Parlament Assambleyasında çox dəyərli qadınlar vardır, onların təmsil etdiyi 47 ölkənin hər birində əminəm ki, qadına ehtiram ən yüksək səviyyədədir. Ona görə də mən ən əvvəl qadın həmkarlarıma üz tutaraq onları bir daha Ermənistan işğalından 20 ilə yaxındır ki, əzab çəkən Azərbaycan qadınlarına dəstək olmağa çağırıram. Evinizdə, sizə əziz olan insanlarla rahat, qayğısız oturanda, danışıb-güləndə unutmayın ki, öz evindən, əmlakından, doğma yurdlarındakı saysız-hesabsız xatirələrdən, elementar insan haqlarından Ermənistanın təcavüzü nəticəsində məhrum edilmiş yüz minlərlə Azərbaycan qadını da vardır.
Amma torpaq da, təbiət də canlıdır, onun da haqları vardır və biz bu barədə də düşünməliyik. 20 ildir ki, Azərbaycanın erməni işğalına uğramış on minlərlə kvadratmetr məhsuldar torpaqları insansızdır. Bu da Ermənistanın daha bir cinayətidir. Ermənistanın zəbt etdiyi torpaqları səmərəli istifadə etmək üçün nə səriştəsi, nə də kifayət qədər insan potensialı vardır. Ölkə rəhbərliyinin törətdiyi yaşanılmaz şərait ucbatından Ermənistan əhalisinin üçdə ikisi ölkəni tərk etmişdir. İşğal altındakı kənd rayonlarında, Azərbaycan qadınlarının vaxtilə əkib-becərdiyi torpaqlarda isə Ermənistan hər cür beynəlxalq nəzarətdən kənarda qalmasına arxayın olaraq narkotiklər yetişdirir, terrorçuların təlim düşərgələrini yerləşdirir, Ermənistandan və müəyyən məbləğlər qarşılığında digər dövlətlərdən gətirilən nüvə tullantılarını, zəhərli bakterioloji və kimyəvi maddələri basdırır. Beləliklə, təcavüzkar Ermənistan 1 milyonadək insanın bu günü və sabahını şikəst etdiyi kimi insanlara bolluq, firavanlıq, sevinc gətirməli olan gözəl torpaqların da gələcəyini oğurlayır. Avropa kəndlərindəki qadınların həyatı, uğurları, problemləri və istəklərindən bəhs edib bu dərdləri görməməzliyə vurmaq riyakarlıq olardı. Riyakarlıq etməyək!".
R.Hüseynovun
çıxışı AŞ PA-nın üzvləri tərəfindən
maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-15 aprel.- S. 11.