AŞ PA-da Ermənistanın Azərbaycan
ərazisində hava limanı tikintisini dayandırmağı tələb
edən sənəd yayılmışdır
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının iclasında "Ermənistandan işğal etdiyi Azərbaycan ərazisində hava limanı tikintisini dayandırmasını tələb edən yazılı bəyanat" qəbul olunmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanatı müxtəlif ölkələrdən olan 20-dən çox deputat imzalamışdır. Sənəddə deyilir: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində - işğal altında olan Dağlıq Qarabağ bölgəsində, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, hava limanı tikintisini həyata keçirir. Rəsmi Yerevanın bu addımı beynəlxalq hüquq normaları ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliyə və AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində hava limanının tikintisinin həyata keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmişdir. Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazisində inşa olunan hava limanına enəcək təyyarənin ilk sərnişininin məhz özünün olacağı ilə bağlı açıqlaması beynəlxalq hüquqa, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə, 1416 saylı qətnaməyə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞ PA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hava limanı inşa etməsi addımını qətiyyətlə pisləyir və narahatlığını ifadə edir. AŞ PA rəsmi Yerevanı tikintini dayandırmağa, bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırır və tələb edir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 15 aprel.- S. 11.