Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
Astaraya səfəri çərçivəsində aprelin
15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış
olmuşdur.
Dövlət
başçısının diqqətinə çatdırıldı
ki, kompleksin inşasına "Azərbaycan Respublikası
regionlarının, o cümlədən Lənkəran şəhəri,
Astara, Lerik, Masallı və Yardımlı rayonlarının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Prezident
İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli sərəncamına
əsasən başlanmışdır. Beş hektaradək ərazidə
aparılan tikintiyə 2007-ci ilin yayında
başlanmışdır. Baş plana əsasən, müasir
memarlıq üslubunda, səkkizguşəli ulduz formasında
inşa ediləcək kompleksdə ikimərtəbəli əsas
universal idman zalı korpusu olacaqdır. İdman zalında min nəfərlik
tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat
stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və
hakim otaqları və s. yaradılacaqdır.
Bildirildi ki, ikimərtəbəli
üzgüçülük hovuzunun binasında 200 yerlik
tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi,
hakim, inventar otaqları, yeməkxana və digər texniki
otaqlar inşa ediləcəkdir. Baş plana əsasən, ikimərtəbəli
4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları,
qaçış yolu, yerüstü avtomobil dayanacağı
da inşa olunacaqdır. Kompleksə müstəqil qaz, su,
kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi
və ayrılmış sahənin hasarlanması,
yaşıllıqların və istirahət zolaqlarının
salınması, binaların müasir avadanlıqla təchiz
edilməsi, havalandırma və digər qurğuların
quraşdırılması nəzərdə tutulmuşdur. Kompleks
bu ilin sonunadək təhvil veriləcəkdir.
Prezident İlham Əliyev
görülmüş işlərdən
razılığını bildirdi, tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2011.-16 aprel.- S. 4.