Prezident İlham Əliyev Salyan
şəhərində olmuşdur
Aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdırıb qayıdarkən yolüstü Salyan şəhərində olmuşdur.
Salyanlılar dövlət başçısını hərarətlə qarşıladılar.
Şəhər ictimaiyyəti adından çıxış edən SAKİN dedi:
- Sevimli Prezidentimiz! Salyan torpağına qədəmləriniz mübarək olsun, xoş gəlmisiniz! Sizin - ulu öndərimizin yadigarının apardığı işləri gördükcə biz fərəh hissi keçiririk. Bu quruculuq işləri qəlbimizi iftixar hissi ilə döyündürür. Azərbaycanda böyük işlər görülür. Hamımız bunun şahidiyik. Salyanda son vaxtlar bənzəri olmayan quruculuq, abadlıq işlərinə başlanmışdır. Bunların hamısı Sizin sayənizdədir. Mən Sizinlə həmişə görüşəndə yadıma bir misra düşür:
"Sən ülfətlə, məhəbbətlə doğulmusan qoşa, oğul,
Çiçək-çiçək arzuların toxunmasın daşa, oğul".
Yolunuz həmişə uğurlu olsun. Belə yollarımız doğma Qarabağımızda olacaqdır.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi ürəkdən
salamlayıram. Salyan şəhərinin gözəl inkişaf
planı hazırlanır. Bu yaxınlarda icra
başçısı mənə məlumat verdi və o
planı təqdim etdi. Mən də onu bəyəndim, dəstəklədim.
İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın
ən gözəl şəhərlərindən birinə
çevrilməlidir.
Burada gözəl
xiyabanlar, binalar tikiləcək, təmir işləri
aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır.
Qazlaşdırma, içməli su, kanalizasiya layihələri,
sosial infrastruktur - bütün bu işlər planlarda
vardır. Bilirsiniz ki, mən Tahiri bu yaxınlarda təyin
etmişəm. O, Daşkəsən rayonunda yaxşı işləyib,
özünü göstərib, özünü doğruldub.
Ona görə mən məsləhət gördüm ki, onu
daha da böyük rayona təyin edim və tapşırıq
da verdim ki, burada işlər ən yüksək səviyyədə
görülməlidir. Yenə də demək istəyirəm
ki, bu yaxınlarda yanıma gəldi, planı təqdim etdi,
şəkilləri göstərdi və indi işə
başlamısınız. Artıq görürəm ki,
binaların təmiri başlanıbdır. Əlbəttə
ki, burada daxili görünüş də gözəl
olmalıdır, bütün binalar təmir edilməlidir. Eyni
zamanda, yaşamaq, işləmək üçün
bütün şərait yaradılmalıdır. İlk
növbədə, qazlaşdırma aparılmalıdır.
Çünki elektrik enerjisi ilə təminat normaldır. Ondan sonra içməli su,
kanalizasiya, sosial infrastruktur layihələri icra edilməlidir.
Burada Kürün istiqamətinin dəyişdirilməsi sxemi mənə
göstərildi. Mən onu da bəyəndim. Yəni, biz
bütün bu işləri kompleks şəkildə görəcəyik.
İşlər başlayıb və əminəm ki, yaxın
zamanlarda Salyanın yeni, gözəl siması
yaradılacaqdır.
SAKİNLƏR: Çox sağ olun. Bu da Sizin diqqət və qayğınızın nəticəsidir.
Prezident İlham ƏLİYEV: Bilirsiniz ki, Salyan xüsusi əhəmiyyətə malik olan bir rayondur. Bakıya yaxın olan bir rayondur. Həm ulu öndərin, həm də mənim seçki kampaniyalarımız Salyandan başlanmışdır - 1998-ci ildə və 2003-cü ildə. Mən seçki kampaniyasını ilk dəfə olaraq Salyan rayonundan başlamışdım. Sizin xeyir-duanızla bu vəzifəyə gəlmişəm və çalışıram ki, doğma xalqıma xidmət edim.
SAKİNLƏR: Allah Sizə uzun ömür, cansağlığı versin. Biz Sizi dəstəkləyirik, cənab Prezident. İnşallah, bu yaxınlarda gəlib görəcəksiniz ki, Salyan çiçəklənib.
Prezident İlham ƏLİYEV: Bəli, mütləq bunu görəcəyik. Gedək görək nə iş görmüsünüz?!
Sonra Prezident İlham Əliyev Salyan şəhərini gəzdi.
Dövlət başçısı şəhərdə görülən işlərlə maraqlandı. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, şəhərdəki bütün binaların fasadları tamamilə dəyişdiriləcək, küçələrin kənarındakı xidmət və ticarət obyektlərinin xarici görünüşü müasir memarlıq üslubunda qurulacaqdır. Mərkəzi küçələrin işıqlandırma sistemləri tamamilə yenilənəcəkdir. Bunun üçün xüsusi işıqlandırma sistemləri və dirəklər sifariş verilmişdir. Şəhərin küçələri boyu çəkilən hasarlar çay daşları ilə bəzədiləcəkdir.
Həmçinin Tahir Kərimov Kürün Salyan ərazisindən keçən hissəsinin məcrasının dəyişdirilməsi ilə bağlı hazırlanan layihə barədə də dövlət başçısına məlumat verdi.
Prezident İlham Əliyev şəhərdə abadlıq və quruculuq işlərinin ölkənin ümumi inkişaf dinamikasına uyğun aparılmasına dair tapşırıqlarını verdi.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Xoş gördük, necəsiniz?
SAKİN:
Allah canınızı sağ eləsin, Salyana xoş gəlmisiniz,
həmişə Siz gələsiniz! Təzə icra
başçısından da razıyıq.
Prezident İlham ƏLİYEV: Razısınız?
SAKİN:
Bəli, çox razıyıq.
Prezident İlham ƏLİYEV: Demişəm ki, yaxşı
işləsin.
SAKİN:
Yaxşı işləyir, sağ olsun. Yeni icra
başçısı göndərdiniz. Biz Sizin bu təyinatınızı
alqışlayırıq.
Prezident İlham ƏLİYEV: Mən onu Daşkəsəndə sınamışam. Orada yaxşı işlədi. Birinci məsələ odur ki, insanlara qulluq etməlidir. Hər bir məmur, hər bir icra başçısı insanların qayğıları ilə yaşamalıdır. Bununla bərabər, iş görməlidir, işgüzar olmalıdır.
SAKİN: Allah Sizi bizə çox görməsin.
Prezident İlham ƏLİYEV: Salyan iki-üç ildən sonra Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.
SAKİNLƏR: Bəli, Sizin sayənizdə şəhərimiz daha da gözəl olacaqdır. Allah Sizə uzun ömür versin. Siz dahi ulu öndərimizin başladığı işləri çox uğurla davam etdirirsiniz. Bu işləri saymaqla qurtarmaq olmaz.
Tahir KƏRİMOV: Cənab Prezident, mən həmişə camaatın arasındayam. Camaatla görüşlərdə deyirəm ki, Prezident mənə xalqa xidmət etməyi tapşırıb. Mənim borcum bu tapşırığı layiqincə yerinə yetirməkdir.
Prezident İlham ƏLİYEV: Bu, hələ təzə başlayır, bir neçə aydan sonra burada böyük dəyişikliklər olacaqdır. Bu dəyişikliklər çoxdan olmalı idi.
SAKİNLƏR: Allah Sizdən razı olsun, Tanrı Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Əvvəllər
də bəzi işlər görülüb. Burada o vaxt Olimpiya Kompleksi
tikilmişdi. Ondan sonra rayon xəstəxanası əsaslı
təmir edilmiş, məktəblər inşa olunmuşdur.
SAKİN:
Cavanların bir qismi işsizdir, əziyyət çəkirlər.
Gənclərin işləməsi üçün iş yerləri
də olsa, çox yaxşı olar.
Prezident İlham ƏLİYEV: Bəli, o işlərlə də
məşğuluq. İş yerləri də olmalıdır.
İşsizlik var və bu, hazırda ən ciddi problemlərdən
biridir, o da həll olunacaqdır.
SAKİN:
İnşallah, pensiyaları da artıracaqsınız.
Prezident İlham ƏLİYEV: Pensiyaları
artıracağıq, yəqin ki, eşitmisiniz.
SAKİN:
Bir də ki, kimsəsiz, yaşlı qadınlara müavinət
verilsə yaxşı olardı.
Prezident İlham ƏLİYEV: Bu məsələyə də
baxacağıq. Yəni, Azərbaycanda bütün sosial məsələlər
öz həllini tapmalıdır. İnsanlar daha da
yaxşı yaşamalıdırlar.
SAKİN:
Sağ olun, bizi sosial yardımla da təmin edirlər.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİNLƏR: Allah Sizə cansağlığı versin, yaxşı
yol.
AzərTAc
Azərbaycan.- 2011.-16 aprel.- S. 4.