Azərbaycan Kənd Bələdiyyələri
Milli Assosiasiyasının ümumi yığıncağı
olmuşdur
Abşeron rayonunun Masazır kəndində Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının (AKBMA) illik ümumi yığıncağı maraqlı və işgüzar şəraitdə keçmişdir. 2006-cı ildə müstəqil təşkilat kimi yaradılmış bu assosiasiya öz sıralarında 1327 kənd bələdiyyə qurumunu könüllülük əsasında birləşdirir. Dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi yığıncağa 164 özünüidarəetmə orqanının rəhbərləri nümayəndə kimi göndərilmişdi. Respublika Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə bu qurumun illik fəaliyyətinin bütün mənzərəsi öz əksini tapmışdı. AKBMA-nın maliyyə göstəriciləri, kənd bələdiyyələrinin fəallığının artması, ölkənin kənd yerlərində özünüidarəetmə orqanlarının inkişafının digər aspektləri müqayisəli şəkildə təqdim edilmişdir. İl ərzində iki ümumrespublika forumu, assosiasiyanın "Bir bələdiyyə - azı bir layihə" adlı mühüm təşəbbüsü, "Bələdiyyə: yeni forma, yeni məzmun" konfransı və digər tədbirlərin keçirilməsi regionlarda, o cümlədən respublikanın kəndlərində bələdiyyə təsisatının inkişafını yeni məcraya yönəltmişdir. Təkcə hesabat dövrü ərzində "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində 3671 layihə həyata vəsiqə almışdır. Bu layihələrin reallaşdırılması üçün 7 milyon 650 min manat vəsait ayrılmışdır. Məruzədə qeyd edilmişdir ki, bu vəsaitin təqribən 4 milyon 280 min manatı kəndarası yolların abadlaşdırılmasına yönəlmiş 1089 layihənin, su təchizatının yaxşılaşdırılmasına yönəlmiş 312 layihənin, abadlaşdırma və yaşıllaşdırma yönümlü 551 layihənin həyata keçirilməsinə sərf edilmişdir.
Kənd bələdiyyələrinin işinin fəallaşdırılması, bu işin uğurla əlaqələndirilməsi AKBMA-nın fəaliyyətinin prioritet istiqamətlərini - bələdiyyələrin təkmilləşdirilməsi və onların cəmiyyətdə tutduğu yerin möhkəmlənməsi, vətəndaş cəmiyyətinin yaradılması, demokratik prinsiplərin təbliği ilə bağlı işləri daha səmərəli və məhsuldar şəkildə həyata keçirməyə imkan verir.
Məruzədə assosiasiyanın Milli Məclisin regional məsələlər üzrə daimi komissiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), respublika Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, QHT-lər və digər ictimai təşkilatlarla səmərəli əməkdaşlığı məsələlərinə geniş yer ayrılmışdır. Məruzəçi AKBMA-nın fəaliyyətinin modernləşdirilməsində İKT-nin rolunu vurğulamaqla bərabər təəssüflə qeyd etmişdir ki, respublikada yalnız 36 bələdiyyənin öz internet səhifəsi vardır, həmin səhifələrdəki məlumatlar isə heç də vaxtlı-vaxtında təzələnmir. Natiq öz həmkarlarını müasir informasiya texnologiyaları sistemindən daha fəal istifadə etməyə çağırmışdır.
Məruzədə "Abad kənd" və "Abad həyət" nominasiyalarında qalib gəlmiş bələdiyyələrin adları çəkilmişdir.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasından, habelə Abşeron, Zaqatala, Göyçay, Qazax, Masallı, Salyan, Qax, Biləsuvar və digər rayonlardan olan kənd bələdiyyələrinin sədrləri çıxış etmiş, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Çıxış edənlər bir sıra mühüm məsələlər qaldırmış, konkret təkliflər vermişlər. Müzakirələrdə kənd bələdiyyələrinin rəhbərləri cəsarətlə aktual problemlər qaldırmış, yeni seçilənlər həmkarlarından konkret məsələlərin həllində öz təcrübələrini onlarla bölüşmələrini xahiş etmişlər. Treninq və seminarların sayını artırmağın zəruri olması da qeyd edilmişdir.
Azərbaycan intensiv inkişaf edir. Bu, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də görünür. Bu fikirləri respublika Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş üzrə mərkəzinin rəisi Mehdi Səlimzadə yığıncaq iştirakçıları qarşısında çıxışında söyləmişdir. O vurğulamışdır ki, inkişaf etmiş bələdiyyə yalnız inkişaf etmiş dövlətdə ola bilər. Natiq ölkəmizdə ÜDM-nin, orta əməkhaqqının, əhalinin gəlirlərinin artması barədə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədəki çıxışına istinadla statistik məlumatlar vermiş, kənd bələdiyyələrinin rəhbərlərinin diqqətini ona cəlb etmişdir ki, bu, bələdiyyə təsisatının təkmilləşdirilməsi üçün gözəl mənbədir. M.Səlimzadə bələdiyyələri rüblük hesabatlar sistemini tətbiq etməyə çağırmışdır, çünki şəffaflıq seçicilər qarşısında əsas öhdəliklərdən biridir. M.Səlimzadə xüsusi fərqlənmiş 10 bələdiyyəyə noutbuklar hədiyyə etmişdir.
Tədbir iştirakçıları Prezident Administrasiyasının bölmə müdiri Ramiq Həşimovun çıxışından da xeyli faydalı bilgi əldə etmişlər. R.Həşimov demişdir: "Bəzi bələdiyyələr şikayətlənirlər ki, onlara səlahiyyət verilməmişdir. Bu, əsassız fikirdir. Sizin qanunla nəzərdə tutulan bütün səlahiyyətləriniz vardır. Məsuliyyəti öz üzərinə götürmək və onun öhdəsindən gəlməyi bacarmaq isə başqa məsələdir".
O, faktlara və rəqəmlərə istinadla xüsusi vurğulamışdır ki, mövcud potensialdan, resurslardan bacarıqla istifadə etmək, bütün bunları pozitiv dəyişikliklər məcrasına yönəltmək olduqca vacibdir.
M.Səlimzadə və R.Həşimov kənd bələdiyyələri sədrlərinin suallarını cavablandırmış, onlara konkret tövsiyələr vermişlər.
Sonra tədbir iştirakçıları AKBMA-nın nəzarət-təftiş komissiyasının məruzəsi və 2011-ci il üçün büdcə ilə tanış olmuşlar. Ümumi yığıncağın qətnaməsi qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-16 aprel.- S. 4.