Parlament radikal müxalifətin antimilli fəaliyyətini kəskin pislədi

 

Aprelin 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə münasibət bildirdilər. Gündəlik təsdiq edildikdən sonra cari məsələlər barədə danışıldı.

Milli Məclisin deputatı Asəf Hacıyev ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, 1992-ci ildə bir qrup təcrübəsiz və dövlət anlayışından uzaq olan insan hakimiyyətə gətirildi: "Bu proseslərin arxasında erməni lobbisinə bağlı olan müxtəlif təşkilatlar və şəxslər dururdu. Onların bunda şəxsi maraqları var idi. Nəticədə ölkəmizin iqtisadiyyatı dağıldı, anarxiya hökm sürməyə başladı, ərazilərimiz işğal olundu". Deputat bildirdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı sürətli inkişaf yoluna çıxardı: "Bu, hesab edirəm ki, o zaman iqtidarda olan insanları da xilas etdi. Çünki bu hadisələr baş verməsəydi, xalq və tarix onların cəzasını verəcəkdi. Lakin görünür, həmin qüvvələr bu tarixdən nəticə çıxarmayıblar. Yenə onlar sürətlə inkişaf edən və dünyada böyük nüfuza malik olan Azərbaycanda yaşanan tərəqqini dayandırmağa çalışırlar, ölkəyə xaos gətirmək istəyirlər. Bunun arxasında yenə erməni lobbisi ilə bağlılığı olan təşkilatçılar və siyasətçilər durur". Asəf Hacıyev onu da vurğuladı ki, bu gün güclü Azərbaycan dövləti ölkəmizə qarşı yönələn istənilən cəhdin qarşısını qətiyyətlə almaq gücündədir.

Milli Məclisin deputatı Siyavuş Novruzov ölkəmizdə akkreditasiya olunmuş bir qrup diplomatın radikal müxalifət liderləri ilə keçirilən görüşünə toxundu. Bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklər və onların nümayəndələri istənilən şəxslə görüşə bilərlər: "Lakin niyə onlar sayı 1 milyondan artıq olan qaçqın və məcburi köçkünlərlə bir dəfə olsun belə, görüş keçirməyiblər? Niyə onlar 9 yaşında şəhid olan uşağın ailəsi ilə görüşüb, heç olmasa, başsağlığı verməyiblər? Niyə Azərbaycanın iki qəhrəman oğlunun nəşlərinin qaytarılmasında Ermənistan tərəfindən müharibə qanunlarının pozulması ilə problem yaradılanda onun həlli üçün heç bir addım atmadılar? Bunlar insan hüquqları deyilmi? Bəlkə bunlar Avropa Xartiyasında göstərilmir? Əvəzində həmin diplomatlar o insanlarla görüşürlər ki, onlar cəmiyyət tərəfindən tamamilə boykot ediliblər". Daha sonra Siyavuş Novruzov qeyd etdi ki, diplomatların görüşdüyü radikal müxalifətin təmsilçiləri olan insanlar hansısa məsələdə heç bir-birilərinə güzəştə getmirlər: "Onda xalqın marağı ilə bağlı onlar hansı güzəştə gedə bilərlər? Onlar dağıdıcılıq prosesindən, başqa-başqa dövlətlərə xidmət etməkdən savayı heç bir addım atmayıblar. Hamı bilir ki, həmin insanların heç bir sosial bazası yoxdur. İnsanları aldatmaqla, yalançı vədlər verməklə və dəfələrlə şahidi olduğumuz kimi pul paylamaqla aksiyalara cəlb etmək istəyirlər. Lakin heç 300-400 nəfər insanı ətraflarına toplaya bilmirlər".

Deputat Fərəc Quliyev qeyd etdi ki, parlamentdə komissiya yaradılmalı və radikal müxalifət təmsilçiləri ilə görüşən diplomatik korpusların nümayəndələrinin fəaliyyəti araşdırılmalıdır. Səlahiyyətlərinə uyğun fəaliyyət göstərməyən diplomatlar persona-non-qrata elan olunmalıdırlar. Deputat Fəzail İbrahimli vurğuladı ki, ölkədaxili bütün problemlər Azərbaycanın öz daxilində həll olunmalı və buna heç bir kənar qüvvə müdaxilə etməməlidir. Bildirdi ki, müəyyən səfirliklər ölkənin daxili işlərinə müdaxilə etməyə çalışmaqla səlahiyyətlərindən kənara çıxırlar. Radikal müxalifətə xitabən deputat dedi: "Xarici dövlətlərin ağuşuna atılmaq, onların diktəsi ilə hərəkət etmək heç kimə uğur gətirməyib".

Deputat Elton Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazımlı olan sabitliyi möhkəmləndirir: "Ölkəmizdə demokratiya, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz qarşısındadır. Bütün bunları görməyən və görmək istəməyən radikal müxalifət partiyaları əhali və gənclər arasında çaşqınlıq yaratmağa çalışmaqla böyük zəhmət bahasına əldə edilmiş mövcud sabitliyi pozmağa cəhd edirlər. Bu insanlar heç də dövlətçiliyi, Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi mühüm məsələni düşünmürlər. Radikal müxalifət ictimai gərginliyi artırmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq taktikasını seçib. Onların təxribat xarakterli aksiyaları heç də dinc xarakter daşımır və son aksiyalarda bu, bir daha aydın göründü. Lakin çox düzgün olaraq hüquq-mühafizə orqanları həmin təxribatlara getmədilər və qanun çərçivəsində hərəkət etdilər. Radikalizmi, aqressivliyi qəbul etməyən Azərbaycan cəmiyyətində hansısa iğtişaş törətmək, sabitliyi pozmaq qeyri-mümkündür".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda keçirdiyi görüşlərdən danışdı: "Əhalinin bütün qrupları ilə görüş keçirdim. Təqaüdçülərlə görüşdə onlar 2006-cı il yanvar ayının 1-dək olan pensiyaların ödənilməsi ilə bağlı bütün cəmiyyətin narahat olduğu məsələnin həlli istiqamətində Prezident İlham Əliyevin cəsarətli, müdrik və vaxtında verilmiş siyasi qərarını alqışladılar. Prezident İlham Əliyevin fəaliyyətindən insanlar böyük razılıq ifadə etdilər və onu dəstəklədiklərini bildirdilər". Hadi Rəcəbli vurğuladı ki, 2006-cı il yanvar ayının 1-dək olan pensiyaların ödənilməsi ilə bağlı Prezident İlham Əliyev 400 milyon manatdan artıq maliyyə tutumu olan məsələnin həllinə siyasi qərar verdi: "Bu məsələ 900 min pensiyaçının aldığı vəsaitin artması deməkdir. Bu, bir daha göstərdi ki, Prezident dövlət quruculuğu modelində, ilk növbədə, insan faktorunu nəzərə alır".

Deputat Fazil Mustafayev isə radikal müxalifət partiyaları ilə görüşən diplomatik korpusun nümayəndələrini qeyri-səmimilikdə ittiham etdi: "Məni narahat edən diplomatik korpusun nümayəndələrinin dedikləridir. Onlar deyirlər ki, çağırdılar, biz də getdik. 20 nəfəri bir yerdə qonaqlığa aparmaq qeyri-mümkündür, o ki qaldı toplaşıb harasa gedələr. Əgər bu diplomatlar səmimidirlərsə, açıq söyləsinlər ki, biz müxalifətin inqilabi dəyişikliklər istəyən, xariclə müəyyən əlaqələri olan hissəsini dəstəkləyirik". Deputat qeyd etdi ki, diplomatik korpusun nümayəndələri heç də bütün müxalifət partiyaları ilə bərabər məsafə saxlamır və fərqli münasibət sərgiləyirlər: "Bu, kifayət qədər yanlış addımdır".

Deputat Mübariz Qurbanlı bildirdi ki, hər bir ölkənin vətəndaşı ilk növbədə milli maraqları qorumalıdır: "Radikal müxalifətin son vaxtlarda Bakı şəhərində qarşıdurma yaratmaq cəhdləri milli maraqlardan tamamilə uzaqdır. Həmin radikal müxalifətin qanadında yer alan qüvvələrin rəhbərləri olan şəxslər tarixi keçmişi, siyasi fəaliyyətləri ilə bir daha sübut edirlər ki, onlar hər zaman Azərbaycanın milli maraqlarına ziyan vururlar. Bu gün Azərbaycan dövləti Ermənistan istisna olmaqla bütün dövlətlərlə normal siyasi, iqtisadi münasibətlərə malikdir, 145 dövlətlə ticarət və iqtisadi əlaqələr qurulub. Azərbaycan Qərb ölkələri, Asiya, eləcə də qonşu dövlətlərlə çox sıx münasibətlərə malikdir. Buna görə də bəzən çıxışlar edilərkən belə təəssürat yaranmasın ki, radikal müxalifəti Qərbdə dəstəkləyirlər. Əminəm ki, Qərb dövlətləri rəhbərlərinin heç biri İsa Qəmbərin və Əli Kərimlinin mövcudluğundan xəbərdar deyil. Qərb dövlətlərinin Azərbaycana gələn rəsmi nümayəndələri, yüksək səviyyəli şəxsləri bir dəfə olsun belə, radikal müxalifət nümayəndələri ilə görüşmürlər. Çünki onların Azərbaycan cəmiyyətində hansısa gücə malik olmadığını həmin Qərb ölkələrinin rəhbərləri yaxşı bilirlər. Onda sual doğur: radikal müxalifətin xaricdən bu və ya digər dəstək alması tezisi nədən ortaya çıxır? Bu gün xaricdə, məsələn, ABŞ Konqresində, Fransa parlamentində, Rusiya Dövlət Dumasında və digər ölkələrdə Ermənistanla, erməni lobbisi ilə bağlı olan siyasətçilər var. Bu, hamıya məlumdur. Radikal müxalifət bu və ya digər formada məhz həmin qüvvələrin əlində bir alətə çevrilib".

Mübariz Qurbanlı onu da söylədi ki, Azərbaycanda bu gün hansısa qarşıdurma olarsa, bundan yalnız təcavüzkar Ermənistan qazanacaq: "Ona görə də Azərbaycan cəmiyyəti radikal müxalifətin bu hərəkətlərini qətiyyətlə pisləyir. Cəmiyyət onlara qarşıdır. Xalq radikalizm və ondan yaranan tələblərin əleyhinədir. Radikalizm Azərbaycanda iflasa uğrayıb və radikal müxalifətin ölkədə heç bir sosial dayağı yoxdur".

YAP-ın sədr müavini-icra katibi, deputat Əli Əhmədov qeyd etdi ki, radikal müxalifətin keçirdiyi mitinqdən narahatlıq duyulduğuna dair iddialar səslənsə də, bunun heç bir əsası yoxdur: "Bu, belə deyil. Azərbaycan xalqı, iqtidarın və parlamentin təmsilçiləri də çox az sayda tərəfdarı olan radikal müxalifətin mitinq keçirmək cəhdlərindən narahat deyil. Çünki onların bu yolda hansısa bir nailiyyət əldə etməsi mümkün deyil. Bu gün Azərbaycanda insanları düşündürən və sözün həqiqi mənasında, narahatlıq yaradan məsələ tamam başqadır. Bu da Azərbaycanda radikal müxalifətin ideologiyasına çevrilməkdə olan düşmənçilik psixologiyası və əhval-ruhiyyəsidir". Əli Əhmədovun sözlərinə görə, Azərbaycan hakimiyyətində təmsil olunanlara, parlamentin üzvlərinə, azacıq yaxşı yaşayanlara radikal müxalifət düşmən kimi yanaşır: "Nəticə etibarilə radikal müxalifətin ideologiyasına çevrilən düşmənçilik, əslində, Azərbaycanın əleyhinə işləyən faktora çevrilir. Bunlar fantaziya məhsulu yox, Azərbaycanda müxalifətlə bağlı olan reallıqlardır. İki faktı qeyd etmək istəyirəm: təxminən bir il öncə Avropada mahnı müsabiqəsi keçirilərkən bir müxalifətçi oğlu ilə birlikdə həmin müsabiqədə iştirak edən azərbaycanlı ifaçını yox, ermənini dəstəklədi və sonra bu hərəkətinə Azərbaycan iqtidarına nifrəti ilə haqq qazandırmağa çalışdı. Sabah isə onlar bir başqa məqam gəldikdə kiməsə nifrəti əsas gətirərək ermənilərə dəstək olacaqlar. Narahatçılığımız bundandır. İkinci fakt: radikal müxalifətin nəzarətində olan qəzetlərin səhifələrini vərəqləmək yetərlidir ki, burada Azərbaycan vətəndaşına, istənilən vətənpərvərə qarşı hər cür düşmənçiliyi aydın şəkildə görəsən. Bütün bunlar nəticə etibarilə Azərbaycana qarşı düşmənçiliyə çevrilir".

Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd etdi ki, radikal müxalifət təkcə YAP-ın üzvlərinə yox, həm də parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə qarşı düşmənçilik hissi bəsləyir: "Məgər həmin müxalifətçilər xalqa qarşıdırlar ki, onlar bu şəxslərə qarşı da düşmən kəsiliblər? Xarici havadarları ilə birlikdə sadəcə, onları müxalifət hesab etmirlər". Bahar Muradova radikal müxalifətlə görüşən diplomatik korpusun nümayəndələrinin hərəkətinə də münasibət açıqladı: "Görüşdə iştirak edən diplomatlar düşünmürlər ki, bu hərəkətləri Azərbaycanla münasibətlərə xələl gətirə bilər? Azərbaycanda müstəqil dövləti qoruyub saxlamaq, onun dönməzliyini təmin etmək xalqın əzəli və əbədi hədəfidir. Bu hədəfə getmək yolunda bizə mane olanlara kimliyindən asılı olmayaraq sözümüzü deyəcəyik". Bahar Muradova daha sonra qeyd etdi ki, mətbuatda və ictimai gündəmdə belə bir fikir var ki, səfirlərin və diplomatların radikal müxalifətlə keçirdikləri görüşlərində maliyyə məsələləri ilə bağlı söhbətlər aparılıb: "Yaxşı olardı ki, diplomatlar bununla bağlı izahat və açıqlama versinlər". Bahar Muradova keçirilən görüşlərdə şəffaflıq məsələsinə də toxundu: "Milli Məclisdə xarici diplomatlarla görüşlər keçirilərkən parlamentin beynəlxalq şöbəsinin əməkdaşları yanımızda olur, televiziyalar çəkilişlər aparır, mətbuat nümayəndələri bu tədbiri işıqlandırır. Bu səbəbdən həmin görüşlərlə bağlı lazım olan məqamların hamısını istənilən vaxt ortaya çıxarmaq mümkündür. Bəs diplomatlarla radikal müxalifətin görüşündə hansı mətbuat orqanı iştirak edib? Əgər etmişdisə, niyə materiallar açıq şəkildə mətbuata çıxmadı? Bizdən şəffaflıq tələb edən dairələr niyə özləri qeyri-şəffaf fəaliyyət göstərir?".

Milli Məclisin Sədri Oqtay Əsədov çıxışlara yekun vurdu: "Çox sağ olun, Bahar xanım. Mən fikir verdim ki, bizim bir çox deputatlar bir neçə siyasi partiyanın görüşünə gedən bəzi beynəlxalq təşkilatların, eləcə də səfirliklərin nümayəndələrinin apardıqları bu görüşlərdən öz narahatlıqlarını bildirirlər. Mən də bu görüşlərdən öz narahatlığımı bildirirəm. Çünki Bahar xanımın dediyi kimi, bizə həmişə şəffaflıqdan "dərs keçən"lər, mediaya açıq olmaqdan mühazirə oxuyanlar özləri qapalı iclas keçirirlər. Söyləyin görüm, hansı qəzetdə bu iclas haqqında kiçik bir fikir söylənib? Heç bir məlumat yoxdur. Yəni, orda müzakirə edilən məsələlərin hansı istiqamətdə olduğunu bilən yoxdur. Bunu ictimaiyyətə açıqlamaq lazımdır. Əgər onlar təmiz niyyətlidirlərsə öz niyyətlərini ictimaiyyətə açıqlamalıdırlar. Bunları etmirlər.

Biz bu məsələlərin hamısını düzgün başa düşməliyik. Parlamentdə əyləşən bütün deputatlar bilməlidirlər ki, Azərbaycanın inkişaf yolunda əldə etdiyi nailiyyətlər, möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurları heç də hamının ürəyincə deyil. Mən tam səmimi deyə bilərəm, bizim Prezidentin apardığı müstəqil siyasət bir çoxlarının ürəyindən deyil. Biz bu məsələlərə, bu hərəkətlərə qarşı hazırlıqlı olmalıyıq. Bilməliyik ki, belə hərəkətlərlə yenə üzləşə bilərik.

Mən çox istərdim ki, belə birlik nümayiş etdirən beynəlxalq qurumlar bu birliyi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminə yönəltsinlər. Onda xalq da, ictimaiyyət də bunu çox yüksək səviyyədə qarşılayar. Ancaq bu görüşlərin hansı məqsədə, hansı mərama dəstək olduğu bilinmir. Nəyə görə Milli Məclisdə təmsil olunmuş digər siyasi partiyalar bu sırada yoxdurlar? İqbal Ağazadə çıxış etdi, bir az "tərəf saxlayır", ona görə ki, onlar artıq siyasi partiyalar arasında narazılıq yaradırlar, deyirlər ki, Milli Məclisdə yeganə müxalifət partiyası "Ümid" partiyasıdır. Yəni, bu qarşıdurmanı yaratmaqla bizim aramıza da ikitirəlik salmaq istəyirlər. Mən hesab edirəm ki, əgər Milli Məclisdə təmsil olunan siyasi partiyalar varsa, beynəlxalq təşkilatlar ilk növbədə onlarla işləməlidirlər. Ölkənin ziyalıları, hörmətli şəxsləri var, əgər fikirləri varsa, həmin beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri ilk növbədə onlarla işləməlidirlər. Yoxsa bir qrup yığılıb hansısa "məsələni həll etməklə" Azərbaycana xələl gətirmək, ölkənin inkişafına zərər vurmaq istəyirlərsə, biz onlara qarşı olacağıq. Bütün bu qüvvələr bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini aparmaq yolundan dönməyəcək və öz inkişafını davam etdirəcək. Hər kəs bunu bilməlidir və belə hərəkətlərə, Azərbaycana qarşı təhdidlərlə mübarizəyə hazırlıqlı olmalıdır".

Daha sonra gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında məsələnin müzakirəsi başlandı. Hesablama Palatasının sədri Heydər Əsədov hesabat barədə deputatlara məlumat verdi. O, Hesablama Palatasının maddi-texniki bazasının gücləndirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və əlavə etdi: "Eləcə də Milli Məclis üzvlərinin Hesablama Palatasının işinin təkmilləşdirilməsi üçün verdikləri təkliflərə, tövsiyələrə rəhbərlik etdiyim qurum adından minnətdarlığımı çatdırıram".

Heydər Əsədov vurğuladı ki, hələ üç il öncə dünyada başlayan maliyyə-iqtisadi böhran dünyanın iqtisadi sistemində yeni çağırışların meydana gəlməsinə səbəb oldu: "Böhranın nəticələri müəyyən qədər aradan qaldırılsa da, hələ də dünya iqtisadiyyatında baş verən disproporsiyalar davam etməkdədir". Hesablama Palatasının sədri sözügedən böhranın yaranma səbəbləri barədə də danışdı. Bildirdi ki, böhranın Azərbaycana ciddi təsiri olmayıb və Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın nəticələri Azərbaycanın böhranın təsirlərini uğurla dəf etməsinə səbəb olub.

Daha sonra Heydər Əsədov bildirdi ki, palata tərəfindən 2008-ci ildə Azərbaycanda 23 audit, 21 analitik işi və 1 mionitorinq, 2009-cu ildə 31 audit və 10 analitik təhlil işi həyata keçirilmişdisə, 2010-cu ildə isə 41 audit və 6 analitik təhlil işinin keçirilməsi təmin edilib. Göründüyü kimi, palata nəzarət tədbirlərinin keçirilməsində sonrakı maliyyə-büdcə nəzarətinə daha çox üstünlük verib, hesabat ilində 2008-ci illə müqayisədə 18 audit tədbiri və ya 78,3 faiz, 2009-cu illə müqayisədə isə 10 audit tədbiri və ya 32,3 faiz çox keçirilib.

Daha sonra Hesablama Palatasının sədri müxtəlif təşkilatlarda aparılan audit barədə məlumat verdi. Dövlət Neft Fondunda 2010-cu il üçün İş Planına uyğun olaraq "2008-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin idarə olunması və istifadəsi üzrə" keçirilən tədbir barəsində danışdı. Bildirdi ki, həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbiri nəticəsində Dövlət Neft Fondunun fəaliyyətinin bir sıra beynəlxalq maliyyə qurumları və onların rəhbərləri tərəfindən vaxtaşırı olaraq yüksək qiymətləndirildiyi müəyyən olunub. Belə ki, Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumu olub. Həmçinin Suveren Fondlar İnstitutunun təsisçiləri tərəfindən hazırlanmış "Linaburq-Meduel Şəffaflıq İndeksi" cədvəlində 10 balla 45 suveren fond arasında 8 ölkənin suveren fondları ilə birgə birincilər sırasında yer alıb. Beynəlxalq Valyuta Fondu 2008-2009-cu illərdə qlobal iqtisadi böhranın yüksək təsirlərinə baxmayaraq, fondun 2009-cu ildəki vəsaitlərinin idarə edilməsi sahəsindəki fəaliyyətlərini müsbət qiymətləndirib. Fondun vəsaitlərinin idarə edilməsində əldə edilən gəlirlər təsdiq olunmuş büdcə layihələrinə görə 2008-ci ildə 55,3 faiz, 2009-cu ildə 44,7 faiz çox icra edilib.

Heydər Əsədov onu da bildirdi ki, fondun investisiya portfelindəki istiqrazlar "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitnin saxlanması, yerləşdirilməsi və idarə edlilməsi haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq Standart&Poor's, Moody's beynəlxalq agentliklərinin investisiya reytinqləri üzrə təsnifatlandırılıb. Belə ki, portfeldəki istiqrazların 61,11 faizi AAA, 17 faizi AA, AA+, AA-/Aa1, Aa2, Aa3, 19,63 faizi A, A+ təsnifatı üzrə investisiya reytinqinə malik istiqrazlar olub. Onun sözlərinə görə, fondun vəsaitinin yerləşdirilməsində maksimal təhlükəsizliyin gözlənilməsi böhran dövründə Azərbaycan vəsaitlərinin qorunmasına səbəb olub.

Hesablama Palatasının sədri aparılan auditlər zamanı üzə çıxan nöqsanların ənənəvi xarakter daşıdığını qeyd etdi. Həmin nöqsanların əsas hissəsi satınalma proseslərinin, mənzil-kommunal təsərrüfatı sistemlərinin düzgün tətbiq edilməməsi və digər bu qəbildən olan nöqsanlardır: "Yoxlama dövründə qlobal miqyaslı, ölkənin təhlükəsizliyinə səbəb ola biləcək hallara rast gəlinməyib. Müəyyən edilən nöqsanlar yerli xarakter daşıyıb". Heydər Əsədov daha sonra bildirdi ki, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsində aparılan yoxlama zamanı ciddi pozuntular aşkar edilib. 2004-2008-ci illərdə şöbənin struktur vahidləri üzrə faktiki ştat vahidlərinin, eləcə də musiqi məktəblərində dərs stavkalarının süni surətdə artırılması nəticəsində işçilərə və kənar şəxslərə qanunsuz əməkhaqqı ödənilməsi, işçilərin adına əsassız ödəniş cədvəlləri yazılmaqla onların müxtəlif banklarda olan əmanət hesablarına vəsait köçürülməsi və digər belə hallar müəyyən edilib. Audit prosesində aşkara çıxarılan maliyyə pozuntuları və çatışmazlıqlarla əlaqədar yoxlama materialları Hesablama Palatasının kollegiya iclasının qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və təqdim olunan materiallar əsasında cinayət işi açılıb.

Heydər Əsədov həyata keçirilən digər audit əməliyyatları barədə də məlumat verdi. Qeyd etdi ki, müəyyən edilən nöqsanlar nəticəsinədə 2 milyon 318 min manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Həmçinin ötən il keçirilmiş yoxlamaların nəticələrinə əsasən 628 min manat məbləğində işlərin daha keyfiyyətli icrası təmin edilib. 777 min manat məbləğində əvvəl qeydiyyatdan kənar qalan əsas fondlar hesaba qəbul edilib. Hesablama Palatasının auditor yoxlamaları dövlət strukturlarının və təşkilatlarının 1 milyon 395 min manat məbləğində debitor borcunu azaltmağa, 518 min manat məbləğində kreditor borclarının yaranmasının qarşısını almağa imkan verib. Bundan başqa, dövlət büdcəsinə ödənilməsi üçün 853 min manat məbləğində əlavə vergilər hesablanıb, Dövlət Sosial Müdafiə Fonduna əlavə daxilolmalar 171 min manat təşkil edib.

O, Hesablama Palatasının debitor borcların azaldılması istiqamətində fəaliyyəti barədə məlumat verdi. Görülən tədbirlərin nəticəsi olaraq müvafiq strukturlara Hesablama palatası tərəfindən 83 təqdimat göndərilib. Heydər Əsədov palatanın iş planı, beynəlxalq fəaliyyəti, fəaliyyətinin maliyyə təsərrüfat təminatı Nazirlər Kabinetinə təqdim edilmiş təklif və tövsiyələri barədə də məlumat verdi.

Parlamentin İqtisadi siyasət komitəsin sədri Ziyad Səmədzadə bildirdi ki, hesabat Hesablama Palatasının fəaliyyətinin ildən-ilə təkmilləşməsinin real göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanda aparılan iqtisadi siyasət ölkənin sürətli inkişafına xidmət edir, ölkənin maliyyə imkanları artır və bu zaman inkişafa xidmət üçün ayrılan maliyyə vəsaitindən səmərəli istifadə ön plana çəkilir. Bu baxımdan o, Hesablama Palatasının iş planının diqqətəlayiq olduğunu bildirdi.

Deputat Elton Məmmədov 2010-cu ilə dair hazırlanan hesabatı yüksək qiymətləndirdi və onun əhatəli şəkildə hazırlandığını vurğuladı. Bildirdi ki, hesabat ilində həyata keçirilən audit tədbirləri yüksək peşəkarlıqla həyata keçirilib. Deputat Rəfael Cəbrayılov da dövlət büdcəsinin icrasında və büdcə xərclərinin şəffaf olmasında Hesablama Palatasının rolunun böyük olduğunu vurğuladı. Qurum tərəfindən hazırlanan təklif və tövsiyələri yüksək qiymətləndirdi. Deputat Mübariz Qurbanlı Heydər Əsədovun məruzəsini yüksək qiymətləndirdi və görülən işlərdən məmnunluğunu bildirdi.

Deputat Fəzail Ağamalı Hesablama Palatasının fəaliyyətini kifayət qədər peşəkarlıqla qurduğunu diqqətə çatdırdı, üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini qeyd etdi. Büdcə vəsaitlərinin qeyri-qanuni xərclənməsinin qarşısının alınmasında Hesablama Palatasının rolunun böyük olduğunu vurğuladı. Deputat Siyavuş Novruzov da Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirdi. Daha sonra hesabat səsə qoyularaq Milli Məclis tərəfindən nəzərə alındı.

Qısa fasilədən sonra parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının qanun layihəsini birinci oxunuşda təqdim etdi.

Komitə sədri bildirdi ki, ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu sahədə vergi güzəştlərinin tətbiq edilməsi, fermerlərə əlverişli şəraitin yaradılması bütövlükdə kənd təsərrüfatının ildən-ilə inkişafına gətirib çıxarıb. E.İbrahimov bildirdi ki, müzakirəyə çıxarılan qanun layihəsi qəbul edilərsə, Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilatı və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Qanun layihəsi hazırlanarkən bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən istifadə edilmişdir. Eləcə də Azərbaycan Aqrar Universitetinin müəllimlərinin və digər aidiyyəti təşkilatların əməkdaşlarının rəy və təklifləri nəzərə alınmışdır. Komitə sədri qeyd etdi ki, may ayında işçi qrupun Almaniyaya səfərinin təşkili gözlənilir. Bu sahədə adı çəkilən ölkənin böyük təcrübəsi olduğundan onların da rəyləri bizim üçün maraqlıdır.

Deputat Vahid Əhmədov qanun layihəsinin əhəmiyyətindən danışdı və bildirdi ki, bu qanun kənd təsərrüfatının inkişafına xidmət edəcəkdir. Onun sözlərinə görə kənd təsərrüfatı kooperativlərinin yaradılması könüllü şəkildə həyata keçiriləcək. Burada söhbət kolxoz və sovxozların yaradılmasından getmir. Əsas məqsəd kənd təsərrüfatı ilə məşğul olan fermerlər arasında əlaqələrin, ittifaqın yaradılması və kənd təsərrüfatı texnikasından birgə istifadə edilməsidir.

"Avropanın inkişaf etmiş ölkələrinin qanunvericilik təcrübəsindən istifadə etmək son dərəcə vacibdir. Bu qanun kənd təsərrüfatında kooperasiya münasibətlərinin formalarını müəyyənləşdirəcək" - deyən deputat Xanhüseyn Kazımlı layihənin konseptual baxımdan qəbul edilməsini təklif etdi.

Deputat Əli Məsimli kənd təsərrüfatı ittifaqlarının yaradılmasında "Almaniya model"indən istifadəni düzgün hesab etdi. Bu ittifaqların yaradılmasından sonra fermerlərə aşağı faizlə kreditlərin verilməsi üçün aqrar bankının yaradılmasını da təklif kimi irəli sürdü.

Qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə istinad olunduğunu deyən deputat Fəzail Ağamalı əlavə etdi ki, kənd təsərrüfatı kooperativlərinin yaradılması fermerlərin birgə fəaliyyət göstərməsinə imkan yaradacaq. Deputat Elmira Axundova "Kənd təsərrüfatı kooperasiyası" haqqında qanun layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, qanun layihəsində kənd təsərrüfatı kooperativlərinin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri aydın şəkildə göstərilib. Kənd təsərrüfatı kooperativlərinin yalnız könüllülük prinsipi əsasında yaradılacağını deyən deputat Siyavuş Novruzov vətəndaşlar arasında mülkiyyət münasibətlərinin də nəzərə alınmasını vacib saydı.

Parlamentin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərməsi üçün belə birliklərin yaradılması kənd təsərrüfatının daha da inkişafına kömək olacaq. Deputatlardan Yevda Abramov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Aqil Abbas qanun layihəsinə dair müsbət fikirlərini bildirdilər və birinci oxunuşda qəbul edilməsini vacib saydılar. Deputatlar "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etdilər.

Sonra parlamentin sədri Oqtay Əsədov "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işci qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik və əlavələr barədə məlumat verdi. Deputat Qüdrət Həsənquliyev Azərbaycan-Malta, deputat Elxan Süleymanov isə Azərbaycan-Belçika parlamentarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçildilər.

 

 

Azərbaycan.- 2011.-16 aprel.- S. 5.