Azərbaycanın müasir iqtisadi inkişaf strategiyasına fundamental elmi baxış

 

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin çoxsaylı əsərlərində ölkədəki iqtisadi inkişaf prosesləri sanballı elmi təhlilə cəlb olunur

 

Müasir dövrdə iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Tarixən iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyev də rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və ötən 8 ildə bu sahədə həlledici uğurlara imza atmışdır.

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Azərbaycanın ötən illərdə bütün sahələrdə dinamik inkişaf etdiyini göstərir. Qısa müddətdə ölkə iqtisadiyyatı 1,6 faiz artmış, qeyri-neft sektorunda bu rəqəm 5,6 faiz, qeyri-neft sənayesində 9,8 faiz təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində yanvar-mart aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta aylıq əməkhaqqı 11,7 faiz artmış, əhalinin adambaşına düşən gəlirləri inflyasiya səviyyəsini 7,7 faiz üstələmişdir.

 

Mühüm uğurlardan biri də qısa müddətdə Azərbaycanın strateji valyuta ehtiyatlarının 4 milyard dollardan çox artmasıdır. Möhtərəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bununla bağlı demişdir: "Ölkəmizdə yığılan valyuta ehtiyatları 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir. Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır".

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi ictimai həyatın bütün sahələrində kardinal islahatlara əsaslı təkan verdiyindən, təbii olaraq ayrı-ayrı tədqiqatçılar - filosoflar, iqtisadçılar, siyasətşünaslar respublikanın milli inkişaf strategiyasının mahiyyətini elmi prinsiplər əsasında açmağa, obyektiv təhlillər aparmağa çalışırlar. Bu tədqiqatlar sırasında isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyevin respublikamızın qloballaşma, demokratikləşmə və iqtisadi modernləşmə kursundan bəhs edən, dərin elmi məzmun yükünə malik olan sanballı əsərləri xüsusi diqqət çəkir.

Respublikadakı iqtisadi inkişaf proseslərinin politoloji müşayiətində də akademik Ramiz Mehdiyevin tədqiqatları xüsusi rol oynayır və bu baxımdan onun son illərdə qələmə aldığı əsərlər olduqca əhəmiyyətlidir. Həmin əsərlərdə Azərbaycanın iqtisadçı alimləri qarşısında yeni dövrdə tədqiqi vacib olan problemlər qoyulur, onların araşdırılmasına daim dəyərli metodoloji yanaşmalar təklif olunur. Görkəmli akademikin əsərlərində iqtisadi inkişaf məsələlərinə geniş toxunulur, aparılan islahatlar elmi şəkildə təsnifatlaşdırılır, həllini gözləyən problemlər ətrafında cəsarətli polemikalar açılır. Filosofun son 10 ildə işıq üzü görmüş "Azərbaycanın inkişaf dialektikası" (2000), "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" (2001), "Azərbaycan: qloballaşma dövrünün tələbləri" (2005), "2005-ci il parlament seçkiləri: ilkin təhlil (mülahizələr, nəticələr və proqnozlar) (2006), "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" (2006), "Demokratiya yolunda: irs haqqında düşünərkən" (2008), "Gələcəyin strategiyasını müəyyənləşdirərkən" (2008), "Modernləşmə xətti yenə də gündəlikdədir" (2008), "Yeni siyasət: inkişafa doğru" (2008), "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" (2008), "Zaman haqqında düşünərkən və yaxud elitanı transformasiya edərkən" (2008), "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" (2009), "İnkişafın Azərbaycan modeli" (2010), "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" (2011) və digər əsərlərində düzgün olaraq göstərilir ki, Azərbaycanın bütün başlıca problemlərinin həlli məhz davamlı iqtisadi inkişaf proseslərindən keçir.

 

Uğurlu iqtisadi islahatların banisi

 

Akademik Ramiz Mehdiyevin qələmə aldığı sanballı əsərlərin cəmiyyət üçün aktuallığı, elmi dəyəri, əhəmiyyəti ilk növbədə onunla ölçülür ki, müəllif bilavasitə real həyatdakı mövcud problemləri əsl vətəndaş və ziyalı təəssübkeşliyi ilə gündəliyə gətirir. Həmin əsərlərdə Azərbaycanın 20 illik şərəfli müstəqillik tarixinin ayrı-ayrı mərhələləri - çətinlikləri, uğur və nailiyyətləri emprik müqayisə yolu ilə göz önündə canlandırılır, ictimai-siyasi, iqtisadi proseslərə tarixi irs və müasirlik prizmasından nəzər salınır. Uzun illər dövlət idarəçiliyində işləmiş və milli müstəqilliyin möhkəmləndirilməsi prosesinə sanballı töfhələr vermiş həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyev əsərlərində birmənalı olaraq müstəqil dövlətin əsas qurucusu, banisi kimi ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi önə çəkir.

Akademik qeyd edir ki, ulu öndər Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi, Azərbaycanda da bazar iqtisadiyyatının fundamental prinsipləri - fərdi və ictimai maraqların qorunması, mülkiyyətin ayrı-ayrı növləri, azad rəqabət, sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır.

2005-ci ildə çapdan çıxmış "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində isə akademik Ramiz Mehdiyev 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulu ilə ölkənin milli iqtisadi inkişaf strategiyasının hüquqi bazasının yaradıldığını yazır: "1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası ölkədə yeni iqtisadi sistemə keçidin hüquqi əsası oldu. Həmin tarixdən Azərbaycanın iqtisadi həyatında yeni mərhələ başlayır. Ötən illər ərzində ölkə iqtisadiyyatı bazar dəyişiklikləri yolu ilə sürətlə irəliləyərək, keyfiyyətcə yeni görkəm kəsb etmişdir. Yeni iqtisadi sistemin formalaşdırılması üçün 500-dən çox qanun qəbul olunmuşdur. Onların arasında mülkiyyət, torpaq haqqında, maliyyə-bank, valyuta, vergi və məhkəmə-hüquq sistemlərinin islahatı sahəsində qanunlar mühüm yer tutur. Qəbul olunmuş qanunların praktikada gerçəkləşdirilməsi iqtisadi münasibətlərin və mexanizmlərin əhəmiyyətli dərəcədə liberallaşmasına, təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsinin azalmasına gətirib çıxarmışdır".

Akademik həmçinin göstərir ki, Azərbaycanda modernləşmənin müasir mərhələsi 1994-cü ildə aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından başlanır. Bu müqavilə milli iqtisadiyyatın inkişafına nəinki təkan vermiş, həm də onun keyfiyyətcə yeni vəziyyətini müəyyən etmişdir. Neftin yüksək qiymətləri ilə şərtlənən əlverişli xarici iqtisadi konyuktur Azərbaycanda mərhələli, ardıcıl inkişaf proqramlarının həyata keçirilməsinə kömək edir. Lazımi hüquqi bazanın formalaşdırılması və region üçün zəruri neft-qaz layihələrinin reallaşdırılması respublikanın iqtisadi gələcəyi barədə nikbin proqnozlar irəli sürməyə imkan verir.

 

İqtisadi islahatların əsas hədəfi - modernləşmə

 

Akademik Ramiz Mehdiyevin əksər tədqiqatlarında kifayət qədər ciddiliklə araşdırılan və elmi mühitdə böyük maraqla qarşılanan məsələlərdən biri də Azərbaycanda modernləşmə istiqamətində həyata keçirilən çoxşaxəli islahatlardır. Bu əsərlərdə modernləşmə sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində cəmiyyət həyatının bütün sahələrinin müasirləşməsi, yeniləşməsi ilə xarakterizə olunan mütərəqqi və dönməz proses kimi dəyərləndirilir.

Filosof 2008-ci ildə qələmə aldığı "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində milli modernləşdirmə dedikdə, üç məsələnin həlli vacibliyini diqqətə çəkir: vətəndaş həmrəyliyinin təmin edilməsi, demokratik təsisatların və ənənələrin təkmilləşdirilməsi, müvafiq sosial sistemlərin formalaşdırılması; səmərəli və möhkəm iqtisadi sistemin yaradılması və onun Ümumavropa strukturuna daxil edilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi; nəhayət, azərbaycançılığın və milli "Mən"in mahiyyətinin başa düşülməsinin üstünlük təşkil etdiyi möhkəm sosiomədəni mühitin qurulması. Akademik Ramiz Mehdiyevin qənaətincə, bu üç məsələ milli inkişaf strategiyasında birinci dərəcəlidir və yaxın gələcəkdə Azərbaycanın intensiv inkişafına, innovasiya mədəniyyəti bazisinin formalaşmasına təkan verməlidir.

Müəllifin bu fikri də maraq doğurur ki, modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə dəyişdirilməsini başa düşmək lazımdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir. Eyni zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri arasında aralıq mövqe tutan orta sinfin yaradılması üçün dövlətin məqsədyönlü səyləri olmadan modernləşmə mümkün deyildir. Müasir cəmiyyətdə bu sinif təkcə öz klassik qrupları - orta və kiçik sahibkarlar, ticarətçilər, sənətkarlar və başqaları ilə deyil, həm də iri müəssisələrin menecerləri, elmi-texniki və humanitar ziyalılarla təmsil edilmişdir.

2008-ci ildə çap olunmuş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində isə akademik Ramiz Mehdiyev yazır ki, cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın yaradılmasından ibarətdir. Bununla yanaşı, müəllif yeni dünya nizamı formalaşdıran ümumdünya transformasiyaları dövründə Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsini son dərəcə zəruri hesab edir. Alim yazır ki, bu həqiqəti başa düşən ölkənin hakim siyasi elitası inteqrasiya təşəbbüslərində Azərbaycanın iştirakının təmin edilməsi üçün mühüm amilə çevrilmiş bir sıra taleyüklü layihələri uğurla həyata keçirmişdir. Azərbaycan neftinin dünya bazarlarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan vermiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal layihələr başa çatdırılmış, regional iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsinə çevriləcək, perspektivdə Şimal və Cənubun genişmiqyaslı əməkdaşlığına imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanmışdır: "Böyük İpək yolunun bərpası çərçivəsində Azərbaycan təkcə tranzit ölkəyə çevrilmir, həm də çox vaxt özü ixracatçı ölkə qismində çıxış edir, bu isə milli iqtisadiyyat üçün yeni imkanlar, perspektivlər yaradır. Eyni zamanda, Azərbaycan özünün təbii qazının Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya ərazisi ilə sonradan Avropa İttifaqı ölkələrinə nəql edilməsini nəzərdə tutan NABUKKO kimi layihələrə fəal surətdə qoşulur, "Yeni qonşuluq" proqramı çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir".

Akademik Ramiz Mehdiyev ümumilikdə son illəri haqlı olaraq milli iqtisadiyyatın liberallaşmasında müəyyənləşdirici mərhələ hesab edir. Görkəmli filosofun qənaətincə, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının başlanması, birbaşa xarici investisiyalar axınının liberallaşdırılması, dövlət xərclərində prioritetlərin oriyentasiyasının yüksək iqtisadi səmərəni, rentabelliyi təmin edən və gəlirlərin bölgüsünü yaxşılaşdırmağa imkan verən sahələrin xeyrinə dəyişməsi inqilabi dəyişikliklər olmuşdur. Bütün bunlar həm də təsərrüfatçılıq subyektlərinin işinin və qeydiyyat sisteminin daha artıq dərəcədə şəffaflığına, milli iqtisadiyyatın səmərəli inkişafına şərait yaradır.

Akademik eyni zamanda iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq cəmiyyətin və dövlətin sosial və institusional strukturunun da dəyişdiyini qeyd edir: "Əhalinin alıcılıq qabiliyyətinin artması, eləcə də ölkəyə investisiyalar axını nəticəsində iqtisadiyyatın daha çox fəaliyyət qabiliyyətli və səmərəli olması, təsərrüfat həyatının mərhələli modernləşməsinə şərait yaradır. Bu da, öz növbəsində, Karl Marksın bəhs etdiyi vəziyyətə gətirib çıxarır - ölkədə təsərrüfat modernləşəndə, kapitalizm möhkəmlənəndə və burjuaziya yarananda siyasi sistemin transformasiyası labüddür. Marksın terminologiyası ilə desək, bazisdə baş verən dəyişikliklər həmişə üstqurumda dəyişikliklərə səbəb olur".

Ümumiyyətlə, filosofun əksər əsərlərində yer almış mühüm tezislərdən biri məhz ondan ibarətdir ki, demokratikləşmə prosesi yalnız iqtisadi cəhətdən təmin olunmuş ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. Demokratik idarəetmə forması vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə reaksiya verməli və uyğunlaşmalıdır. Akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində haqlı olaraq xatırladır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda adambaşına düşən məhsulun həcmi cəmi 300-400 dollar arasında idi. Və belə bir şəraitdə müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını qoysa belə, demokratik ölkə sayıla bilməzdi. Son illərdə isə Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi artaraq 5 min dolları ötmüşdür. Milli gəlir, adambaşına düşən məhsul istehsalı artdıqca, təhsilə, elmə, səhiyyəyə, informasiya vasitələrinə, informasiya texnologiyalarına ayrılan vəsaitlər də artır. Bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

Akademik Ramiz Mehdiyevin hər bir ölkədə demokratiyanın inkişaf səviyyəsini adambaşına düşən ümumi daxili məhsulun həcmi müəyyənləşdirir fikri isə son dərəcə maraqlı və yeni yanaşma kimi diqqəti çəkir. Bu cəsarətli yanaşma deməyə əsas verir ki, yüksək iqtisadi rifaha nail olmayan dövlətin demokratik ideallara yetişməsi mümkün deyildir. Eləcə də demokratik proseslərə yol açmayan iqtisadi islahatların davamlı olaraq səmərə verməsi mümkün deyildir. Liberallaşma prosesinə başlamaq üçün milli gəlirin müəyyən bir səviyyəyə qaldırılması zərurəti əsərdə konkret nümunələrlə əsaslandırılır: "Əslində, siyasi dəyişikliklər çox vaxt inkişaf etməkdə olan iqtisadi sistemin, - Sinqapurda, İndoneziyada və ya Malayziyada olduğu kimi, - dönməz aspektinə çevrilir. Məsələn, 20 il müddətində liberallaşmağa cəhd göstərən Meksikada real irəliləyiş yalnız əhalinin hər nəfərinə düşən milli gəlir 9000 dollara çatdıqdan sonra baş vermişdir. Bu hədd demokratikləşmə prosesinin dönməz olduğunu göstərdi və Meksikanı konsolidasiya olunmuş demokratiya ölkələri sırasına çıxardı. Türkiyədə demokratik dəyişikliklər iqtisadi vəziyyətin sabitləşməsindən, inflyasiya azalandan və cəmiyyətin maddi rifahı yüksəlməyə başlayandan sonra uğurlu oldu. Türkiyənin siyasi rəhbərliyi qısa müddətdə əhalinin hər nəfərinə düşən ÜDM-in, demək olar ki, 6500 ABŞ dollarına çatmasına nail oldu ki, bu da ölkə iqtisadiyyatının sabit şəkildə və mərhələli inkişafını göstərir".

 

İqtisad elminin problemlərinə fundamental yanaşma

 

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın sürətlə modernləşməsi elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev 2009-cu ildə ictimai və humanitar elmlərin problemlərinə həsr olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında yeni hədəflər müəyyənləşdirir. Əsərin ictimai və elmi dəyəri ilk növbədə onunla ölçülür ki, burada mövcud problemlərlə yanaşı, keyfiyyətcə yeni mərhələdə elm xadimlərinin üzərinə düşən vəzifələr konkret şəkildə göstərilir.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində iqtisad elminin üzləşdiyi problemlər kifayət qədər dolğun və obyektiv tənqid ruhunda açıqlanır, eyni zamanda, bu sahənin alimləri qarşısında duran başlıca vəzifələrdən söz açılır. Haqlı olaraq vurğulanır ki, həyata keçirilən islahatların elmi-metodoloji, fəlsəfi əsaslarının hazırlanması, dinamik inkişafı təmin edən effektiv islahatların konseptual təhlilə cəlb edilməsi vacib məsələlərdən biridir. "Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz. Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir", - deyə akademik Ramiz Mehdiyev sözügedən əsərində yazır. Eyni zamanda vurğulayır ki, daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, maliyyə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər elmi həllini gözləyir.

"İnkişafın Azərbaycan modeli" ilə bağlı son illərdə sanballı tədqiqatların azlığı da əsərdə haqlı olaraq problem kimi diqqətə çəkilir. Söhbət, əslində, respublikanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə həyata keçirdiyi kompleks təşkilati-hüquqi tədbirlər sisteminin nəzəri əsasda tədqiq edilməsi, əldə olunan elmi nəticələrin vahid inkişaf strategiyası şəkilində ümumiləşdirilməsi zərurətindən gedir. Respublikamızın qlobal böhrandan minimum itki ilə çıxmasının səbəbləri, hökumətin bu sahədə həyata keçirdiyi preventiv tədbirlərin mahiyyəti yeni mərhələdə dissertasiya mövzuları kimi işlənməlidir.

Akademik Ramiz Mehdiyev məhz bu reallıqdan çıxış edərək yazır: "Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafımızın bazasını yaradırıq".

İqtisadi nəzəriyyə bütün iqtisad elmləri sisteminin təməli kimi çıxış edir. Bu, ilk növbədə onunla izah olunur ki, bu elm, fundamental qanunlar olan, yəni iqtisadi hadisələrin mahiyyətini bütövlükdə əks etdirən iqtisadi münasibətlər sisteminin ümumi qanunauyğunluqlarını öyrənir. İqtisad elmləri sistemində iqtisadi nəzəriyyənin fundamental rolunun qnoseoloji əsası məhz bununla əlaqədardır. Məhz buna görə də bu elm dünyagörüşü xarakteri daşıyır, yəni iqtisadi problemlərə ümumiləşdirilmiş prinsiplər müstəvisindən sistemli yanaşma metodlarını formalaşdırır. Deməli, iqtisadi nəzəriyyə artıq öz tədqiqat predmetinə görə başqa iqtisad elmləri üçün metodoloji resurs rolunda çıxış edir. İqtisadi nəzəriyyənin müəyyənləşdirdiyi kateqoriyalar, qanunlar, onların arasında olan qarşılıqlı əlaqə digər iqtisad elmlərinin tədqiqat metodologiyasının əsası kimi çıxış edir. Bu metodoloji əsas üzərində inkişaf edən iqtisad elmlərinin sonradan formalaşaraq müstəqil elm sahəsinə çevrilməsinin özü də iqtisadi nəzəriyyənin elmi məntiqinə söykənir.

Son illərdə tədris prosesində ekonomiksin metodologiya və metodikasına əsaslanan mikroiqtisadiyyat və makroiqtisadiyyat kurslarında istifadə edilməsi ilə əlaqədar iqtisadi nəzəriyyənin "qərbləşməsi" baş vermişdir. Zənnimizcə, cəmiyyətin iqtisadi həyatına "ekonomiks" prizmasından nəzər salsaq görərik ki, onun imtina etdiyimiz ənənəvi siyasi iqtisadla müqayisədə nöqsanları heç də az deyildir. Bəli, siyasi iqtisadın əvvəlki kursları məddahlıq xarakterli mərkəzləşdirilmiş - bölgü, əsasən də inzibati-amirlik iqtisadiyyatı ilə fərqlənirdi. Lakin dünya iqtisad elminin istiqamətlərindən biri ilə bağlı özütənzimlənən sistem olaraq, bazar iqtisadiyyatının abstrakt nəzəri ifadəsi kimi, "ekonomiks" də müasir dövrün bir çox suallarına və tələblərinə cavab vermir. "Ekonomiks" iqtisadiyyatın, onun sosiallaşdırılmasının idarə oluna bilməsinin sürətləndirilməsi, fəaliyyət göstərməsində və inkişafında sosial-mədəni amillərin əhəmiyyətinin artırılması kimi əsas meyillərə faktiki olaraq reaksiya vermir. İqtisadyönümlü mütəxəssislərin iqtisadi təhsilini "ekonomiks"in dar çərçivəsi ilə məhdudlaşdırmaq bu təhsili kasıblaşdırır, onu ümumiyyətlə, müasir sosial-iqtisadi reallıqlardan, xüsusən ölkənin iqtisadi həyatından ayrı salır.

Söhbət heç də tədris prosesində "ekonomiks"dən imtina olunmasından getmir. Lakin vəzifə tədris prosesində ölkənin sosial-iqtisadi gerçəkliyini daha dolğun şəkildə işıqlandırmaqdan, ölkədə bazar iqtisadiyyatının təşəkkülündəki ziddiyyətləri görməkdən ibarətdir. Həm də bu ziddiyyətləri Qərbin abstrakt nəzəri mühakimələrinə deyil, ilk növbədə keçmişimizə və indimizə arxalanaraq, eyni zamanda müəyyən dərəcədə gələcəyə nəzər salaraq göstərmək lazımdır.

Ekonomiks iqtisadi nəzəriyyənin mühüm, lakin yeganə olmayan hissəsidir. Buna görə də iqtisadi təhsilin tam dolğun olması məqsədi ilə iqtisadi nəzəriyyənin bütün elmi məktəblərini öyrənmək və mənimsəmək lazımdır. Çünki yalnız bu yolla iqtisadiyyat və onun ictimai inkişafda yeri haqqında hərtərəfli və dərin təsəvvür formalaşdırmaq olar. Təsadüfi deyil ki, son illərdə ABŞ, Avropa və Yaponiya kimi inkişaf etmiş ölkələrdə tələbələrin müasir problemlərin həllində siyasi iqtisadın öyrənilməsinə ciddi fikir verilir. Azərbaycan ali məktəblərində də iqtisadi nəzəriyyəni, ekonomiksin bugünkü inhisarçı vəziyyətindən qaçaraq və onu dəf edərək, bütün rəngarəngliyi ilə tədris etmək vaxtı çatmışdır. Dünya təsərrüfatında rəqabətin güclənməsi şəraitində ölkənin iqtisadi inkişafı gənc nəslin bəşəriyyətin formalaşdırdığı iqtisadi biliklərin məcmusuna tam yiyələnməsini, zamanın tələblərinə hazır olmasını tələb edir.

 

Azərbaycanın milli inkişaf modelinin xüsusiyyətləri

 

Bazar iqtisadiyyatının inkişafının çoxəsrlik tarixi təkcə ümumi qanunauyğunluqları aşkarlamağa və ümumi nəzəri bazar modelini formalaşdırmağa imkan verməmiş, həm də fərqli ölkələrdə bazar prinsiplərinin istifadə edilməsinin özəlliklərini açmağa imkan yaratmışdır. Əgər iqtisadi uğur yalnız xalq təsərrüfatının bazar qanunları üzrə inkişafından asılı olsaydı, onda bu gün bütün bəşəriyyət sosial və iqtisadi çiçəklənmə dövründə olardı.

Sual olunur: müxtəlif ölkələrin iqtisadiyyatının bazar zəmininin nəticələrindəki hədsiz böyük fərqlərinə səbəb nədir? Bu sualın çoxsaylı cavablarından ən azı ikisini fərqləndirmək olar. Birincisi, ölkələrin tarixi inkişafı və hazırkı vəziyyəti göstərir ki, bütün ölkələrin və ayrılıqda onların hər birinin şəraitlərinə uyğun olan vahid standart bazar modeli yoxdur. İkincisi, bazar inkişaf yolunun həyata keçirilməsinin qeyri-bazar amillərinin hər ölkədə öz xüsusiyyətləri var və onlar bilavasitə bazar proseslərinə, iqtisadi proseslərə fərqli təsir edirlər. Qabaqcıl ölkələrin vətəndaşları (ABŞ, Yaponiya və Almaniya) da yaxşı bilirlər ki, onların ölkələri bir-birindən təkcə dövlət dilinə görə deyil, həm də iqtisadiyyatın bazar quruluşu, bazar modeli ilə fərqlənir.

Bu baxımdan Azərbaycanın bazar inkişafı yolunun özəlliklərinə məhəl qoymamaq, ona zorla hansısa "Qərb" və ya "Şərq" modelini calamaq praktiki nöqteyi-nəzərdən müasir tarixin özünün dərslərindən nəticə çıxarmamaq, nəzəri baxımdan isə cəmiyyətin canlı orqanizminə mücərrəd konstruksiyaların tətbiqi kimi qiymətləndirilə bilər. İstənilən başqa ölkə kimi, Azərbaycan da bazar mexanizmlərindən öz iqtisadiyyatının inkişafı üçün dərindən ölçülüb-biçilmiş, özəl xüsusiyyətlərin riyazi dəqiqliklə nəzərə alınması şərtilə istifadə edir. Bu şəraitdə bazar inkişafının Azərbaycan modeli haqqında məsələnin qaldırılmasına müasir iqtisad elmi və ona yaxın elmlərin axarında - fənlərarası tədqiqatlar çərçivəsində araşdırılan elmi-praktiki problem kimi baxılmalıdır.

İyirmi illik keçid prosesinin iqtisadi nəticələri üzərində dayanaraq əminliklə demək olar ki, hazırda Azərbaycanda bazar iqtisadiyyatının bütün zahiri əlamətləri mövcuddur. Ölkə dövlət mülkiyyətinin inhisarı ilə vidalaşmışdır və hazırda iqtisadi vahidlərin, təsərrüfatçılıqla məşğul olan subyektlərin mütləq çoxluğu iqtisadiyyatın qeyri-dövlət sektorunu əmələ gətirir. Və bu da təsərrüfatın bütün sahələri və istiqamətlərində hakim mövqeyə malikdir. Səhmdar cəmiyyətləri milli inkişafda böyük rol oynayır və onların ən iriləri iqtisadiyyatın fəal hissəsini təşkil edir. Dövlət də praktik olaraq bütün aparıcı səhmdar şirkətlərində öz səhm kapitalı payını saxlamışdır.

Ölkədə iqtisadiyyatın bazar infrastrukturu da tam təşəkkül tapmışdır. Ənənəvi əmtəə bazarına kapital bazarı, əmək bazarı, xidmətlər bazarı, informasiya bazarı əlavə olunmuşdur. Xüsusi banklar sistemi bazar dəyişikliklərinin maliyyə tərkib hissəsinin "karkas"ını əmələ gətirmişdir. Adekvat "oyun qaydaları" müəyyənləşdirmək, iqtisadiyyatın rəqabət mexanizmini dəstəkləmək üçün dövlət təsərrüfatçılıq qanunvericiliyini formalaşdırır. Fond bazarını və təbii inhisarların tariflərini tənzimləyən, antiinhisar və fiskal siyasəti təmin edən, gömrük və başqa funksiyaları yerinə yetirən dövlət institutları yaranmışdır. Mülkiyyət formalarının və sahibkarlıq formalarının rəngarəngliyi bazar dəyişikliklərinin lap erkən mərhələsindən Azərbaycan iqtisadiyyatının qarışıq səciyyəli olmasına təsirini göstərmişdir. Daxili rəqabətə xarici ticarət və manatın daxili konvertəliyi güclü təsir edir. Buna səbəb əhalinin yalnız istehlak bazarında deyil, həm də şəxsi yığım etməkdə - şəxsi yığımları dollarda, avroda və ya manatda etməkdə - seçimi olmuşdur. Son nəticədə vətəndaşlar başa düşmüşlər ki, problemlərini heç kimin üstünə atmadan vəziyyətdən özləri çıxış yolu tapmalıdırlar. Bazar əhvali-ruhiyyəsi yalnız iqtisadiyyata deyil, həm də cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmişdir. Bu baxımdan demək olar ki, Azərbaycan keçid dövrünü başa vurub və hazırda bütün bazar atributları mövcuddur.

Akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabında vurğulandığı kimi, Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər isə, şübhəsiz ki, bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin özəl sektora əsassız müdaxiləsinin aradan qaldırılmasında, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

Obyektiv amillərdən və eyni zamanda, milli iqtisadiyyatın müasir mütərəqqi dünya meyilləri ilə uzlaşdırılması zərurətindən çıxış edərək, Azərbaycan bazar iqtisadiyyatı modelinin ən mühüm cizgilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- yüksək özünütəminetməyə (texnoloji, elmi-texniki, təbii-resurs, energetik, maliyyə və s.) malik, geniş milli təkrar istehsalı təmin etməyə, qloballaşmanın verdiyi imkanlardan istifadə zamanı milli maraqları həyata keçirməyə qabil olan suveren iqtisadiyyat;

- "standart" bazar iqtisadiyyatları ilə müqayisədə dövlətin tənzimləyici rolunun daha güclü olması;

- mülkiyyət formalarının - strateji mühüm sahələrdə dövlət mülkiyyətinin mühüm rolu da daxil olmaqla - çoxnövlüyü;

- təsərrüfat formalarının, yüksək dərəcədə bir yerə cəmlənmiş istehsal strukturlarının - xüsusilə də təbii inhisar sahələrində, mühüm əhəmiyyətliliyi də daxil olmaqla - rəngarəngliyi;

- iqtisadiyyatın yüksək dərəcədə sosialyönümlüyü;

- iqtisadi həyatda, yaradıcılıq fəaliyyəti, mənəvi motivlər də daxil olmaqla, sosial-mənəvi aspektlərdən fəal istifadə;

- innovasiyalı, biliklərə əsaslanan şaxələndirilmiş iqtisadiyyat;

- bütün təzahürlərində (texnoloji, elm-təhsil, maraqlandırma və s.) güclü postsənaye bölməli iqtisadiyyat;

- özündə dünyaya açıqlıq dərəcəsini milli iqtisadi təhlükəsizlik və milli maraqlarla - ölkə əmtəə istehsalçılarının maraqları da daxil olmaqla - uzlaşdıran açıq iqtisadiyyat.

Bütün bunlarla yanaşı, milli iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətləri sırasında sosialyönümlüyü xüsusi vurğulamaq olar. Sosialyönümlü siyasət postkeçid dövründə Azərbaycanın milli iqtisadi inkişaf modelinin mahiyyətini təşkil etməklə, əhalinin rifahı, onun tələbatının ödənilməsi mənbələrinin tənzimlənməsinə və idarə olunmasına yönəlmişdir. Respublikada sosialyönümlü siyasətə hər bir iqtisadi tədbirin effekti kimi və öz növbəsində, sosial təminatın iqtisadi artımına dayanıqlı, yüksək iqtisadi artım konsepsiyasının vacib amili kimi baxılır. Azərbaycanın davamlı iqtisadi inkişafının sosial nəticələri əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və sosial ehtiyacların dolğun ödənilməsi yolları ilə müəyyən olunur.

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.

 

Ümumilikdə, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin tədqiqat əsərləri ilə qısaca tanışlıq deməyə əsas verir ki, cənab İlham Əliyevin prezidentliyinin ötən 8 ili sabit iqtisadi və siyasi sistemin yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin alıcılıq qabiliyyətinin və rifahının yüksəldilməsinə, infrastrukturun yeniləşməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar isə Azərbaycanın davamlı və sonu görünməyən demokratikləşməsinə, iqtisadi inkişaf yolunda daha uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunu yüksəltməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin "İqtisadi nəzəriyyə-1"

kafedrasının müdir əvəzi, iqtisad elmləri

doktoru, professor, Azərbaycandan Kənarda

Təhsil Almış Mütəxəssislər Təşkilatının

Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.- 16 aprel.- S.  6.