Akademik Arif Paşayev Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür

 

Aprelin 15-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) bu ali təhsil ocağının rektoru, tanınmış alim, akademik Arif Paşayevin Ukraynanın A.Popov adına Odessa Milli Rabitə Akademiyasının (OMRA) fəxri doktoru seçilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə OMRA-nın rektoru professor Pyotr Vorobiyenko rəhbəri olduğu ali təhsil ocağının Elmi Şurasının 2011-ci il 31 mart tarixli qərarı ilə akademik Arif Paşayevə fəxri doktor adının verildiyini bildirmiş və fəxri doktor diplomunu və mantiyasını ona təqdim etmişdir. Rektor vurğulamışdır ki, A.Paşayev bu akademiyanın məzunu olmuşdur. Onun təhsil aldığı ali təhsil müəssisəsinin fəxri doktoru seçilməsi bu akademiya üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, P.Vorobiyenko akademik A.Paşayevə simvolik olaraq onun tələbə bileti və qiymət kitabçasını da bağışlamışdır. Qeyd etmişdir ki, bu hadisə həm AMAA və OMRA arasında əməkdaşlıq əlaqələrinin, həm də Azərbaycan və Ukrayna dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Odessa Milli Rabitə Akademiyasının yüksək fəxri adına layiq görülməsinə görə bu ali təhsil ocağının professor-müəllim heyətinə təşəkkürünü bildirən akademik A.Paşayev vurğulamışdır ki, təhsil aldığı, mütəxəssis kimi yetişdiyi akademiyanın fəxri doktoru olması onun üçün böyük şərəfdir. A.Paşayev əmin olduğunu bildirmişdir ki, bundan sonra da iki təhsil ocağı arasında əlaqələr yüksələn xətt üzrə davam edəcəkdir.

Tədbirdə iştirak edən Ukrayna Azərbaycanlıları Konqresi sədrinin müavini Oleq Krapivin akademik A.Paşayevə bu təşkilatın fəxri üzvü seçilməsi ilə bağlı ona diplom və xatirə hədiyyələri təqdim etmişdir.

Sonra qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının hava gəmilərinin uçuş istismarı kafedrasının dosenti, uzun illər Azərbaycanın mülki aviasiya sistemində fəaliyyət göstərmiş qocaman aviator Vitali Tarasovun 75 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Sabir İlyasov yubilyarın 50 ildən artıq Azərbaycanın mülki aviasiya sistemində çalışdığını qeyd etmişdir. Vitse-prezident onu da əlavə etmişdir ki, V.Tarasov hazırda akademiyada ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir.

Akademiyanın rektoru akademik Arif Paşayev yubilyarı təbrik edərək V.Tarasovun Azərbaycan mülki aviasiyasının inkişafına töhfələrini yüksək qiymətləndirmişdir. Sonra A.Paşayev akademiya adından hədiyyə olaraq V.Tarasova "Chevrolet Niva" avtomobilinin açarını və sənədlərini təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 7.