Yaltada MDB İqtisadi Şurasının 49-cu iclası keçirilir

 

Bu gün Yalta şəhərindəki (Krım Muxtar Respublikası, Ukrayna) Livadiya sarayında Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 49-cu iclası keçiriləcəkdir.

Forumun işində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti də iştirak edir. Forum iştirakçıları məhdud formatda iclasın gündəliyinə daxil olunmuş bütün 15 məsələni, o cümlədən Sərbəst Ticarət Zonası haqqında sazişin layihəsini təsdiq etmişlər. MDB-nin icraçı katibi Sergey Lebedev bunu İqtisadi Şuranın iclasının açılışında elan etmişdir.

S.Lebedev onu da bildirmişdir ki, İqtisadi Şuranın növbəti, 50-ci yubiley iclası bu il iyunun 28-də Moskvada Ümumrusiya Sərgi Mərkəzinin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) ərazisində keçiriləcək və Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20-ci ildönümünə həsr ediləcəkdir.

Hazırda MDB İqtisadi Şurasının Yalta iclası qapalı rejimdə keçirilir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 7.