Gürcüstanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsində olmuşdur

 

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olmuşdur.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, burada keçirilmiş görüşdə ölkəmizə yeni təyin olunmuş səfir Azərbaycanla ilk tanışlıqları sırasında Qafqaz Müsəlmanları İdarəsində olmasından məmnunluğunu bildirmişdir. Diplomat Gürcüstanın dövlət başçısının və dini liderinin səmimi salamlarını Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə yetirməkdən şərəf duyduğunu demişdir.

Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsində şeyxülislam A.Paşazadənin böyük xidmətləri olduğunu vurğulayan səfir QMİ sədri və Ümumgürcüstan Patriarxı II İliyanın uzun onilliklər davam edən dostluq və əməkdaşlığının bu işə böyük əməli töhfələr verdiyindən söhbət açmışdır. Səfir əmin olduğunu bildirmişdir ki, Qafqazın müdrik dini liderlərinin əməkdaşlığı dinlərarası dialoq işinə bundan sonra da yeni və dəyərli töhfələr verəcəkdir.

Görüş zamanı tarixi tellərlə bağlı olan Azərbaycan və Gürcüstan xalqlarının ümumi mənafeyi üçün əhəmiyyət kəsb edən məsələlər, habelə mövcud mənəvi əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlər, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların durumu müzakirə olunmuşdur. Səfir bildirmişdir ki, Gürcüstan və Azərbaycan dövlətləri burada yaşayan azərbaycanlı və gürcülərin ölkə həyatına fəal inteqrasiyası yönündə əhəmiyyətli və məqsədyönlü iş aparırlar.

Səmimi görüşə görə minnətdarlığını bildirən şeyxülislam A.Paşazadə Azərbaycanın dövlət başçısının ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyini və bunun dini-mənəvi əlaqələrin də yüksək səviyyədə davam və tərəqqi etməsinə şərait yaratdığını xüsusi vurğulamışdır. Gürcüstanın dövlət başçısına və dini liderinə ən səmimi salam və xeyir-dualarını yetirməyi xahiş edən şeyxülislam A.Paşazadə bundan sonra da Qafqazda milli və dini müstəvidə sülh və əmin-amanlığın hökm sürməsi üçün Patriarx II İliya ilə birgə əllərindən gələni edəcəklərini diqqətə çatdırmışdır.

Görüşün sonunda A.Paşazadə səfirə xatirə hədiyyəsi təqdim etmişdir. Səfir isə öz növbəsində şeyxülislama Şota Rustavelinin Azərbaycan dilində nəşr olunmuş nəfis kitabını bağışlamışdır.

 

 

Azərbaycan.- 2011.- 16 aprel.- S. 7.