Bakıda korrupsiyaya qarşı
mübarizə ilə bağlı forum keçirilmişdir
Bakıda Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir.
AzərTAc xəbər verir ki, forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, bir sıra beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərləri, QHT-lərin nümayəndələri iştirak etmişlər.
Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin əlaqələndiricisi Əliməmməd Nuriyev tədbiri açaraq Prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizənin vacibliyinin vurğulandığını və bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirmişdir. Forumun həmin işdə mühüm rol oynayacağını vurğulayan Ə.Nuriyev bu məqsədlə cəmiyyətin bütün üzvlərinin birgə fəaliyyətinin vacibliyini qeyd etmişdir.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən son tədbirlər və qarşıda duran perspektivlər" mövzusunda məruzə ilə çıxış etmişdir.
F.Ələsgərov bildirmişdir ki, forumun keçirilməsində məqsəd dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının səmərəli dialoqunun qurulmasına və Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək etməkdir.
Şöbə müdiri qeyd etmişdir ki, artıq Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə daxil olub və korrupsiyaya qarşı mübarizə həmin siyasətin əsas istiqamətlərindən biridir. Yanvarın 14-də və aprelin 12-də Nazirlər Kabinetinin iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək kimi məqsədini bir daha vurğulamışdır. Bu məqsədə çatmaq, iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün dövlətimizin başçısı tərəfindən bir çox vəzifələr müəyyən edilmişdir. Buraya makroiqtisadi sabitliyin qorunması, sağlam rəqabətin gücləndirilməsi, inhisarçılığın qarşısının alınması, vergilər bazasının genişləndirilməsi, investisiya proqramlarının və investisiya yönümlü siyasətin davam etdirilməsi üçün tədbirlər daxil edilmişdir.
Dövlətimizin başçısı iqtisadi inkişafın əsas şərtlərindən biri kimi, həmçinin sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılmasını göstərmişdir. Sahibkarlığın, özəl sektorun, qeyri-neft sektorunun inkişafına süni maneə yaradan yoxlamaların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, o cümlədən korrupsiyaya qarşı mübarizə ölkəmizin yeni inkişaf strategiyasının tərkib hissəsi kimi müəyyən edilmişdir.
Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin zəruriliyini regionlara etdiyi çoxsaylı səfərlərdə və sahibkarlarla görüşlərində də səsləndirmiş və bildirmişdir ki, korrupsiyaya qarşı mübarizə həm iqtidarın, həm vətəndaşların ümumi işi olmalıdır.
Digər inkişaf etmiş ölkələr kimi, Azərbaycanda da korrupsiyaya qarşı mübarizə üsullarının, qanunvericiliyin təkmilləşdirildiyi, yeni institusional mexanizmlərdən və metodlardan, əməli tədbirlərdən istifadə olunduğunu bildirən şöbə müdiri korrupsiyanın qarşısını almaq üçün adekvat hüquqi və təşkilati vasitələrin müəyyən edildiyini diqqətə çatdırmışdır.
F.Ələsgərov vurğulamışdır ki, Azərbaycan Prezidenti tərəfindən verilən fərmanlar və tapşırıqlar korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin daha da gücləndirilməsində dövlətimizin başçısının siyasi iradəsini nümayiş etdirir.
Ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin ümummilli lider Heydər Əliyev tərəfindən başlandığını xatırladan F.Ələsgərov bu istiqamətdə qanunvericilik və institusional bazanın yaradıldığını, 1994-cü və 2000-ci illərdə ulu öndər tərəfindən korrupsiyaya qarşı mübarizə məqsədilə müvafiq fərmanların imzalandığını xatırlatmışdır.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulduğu, hazırda ölkəmizin ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində İstanbul Fəaliyyət Planı, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və digər beynəlxalq təşkilatlarla bu sahədə sıx əməkdaşlıq etdiyi vurğulanmışdır.
Bildirilmişdir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə biznesə başlamaq prosedurları sadələşdirilmiş, bir sıra sahələrdə "bir pəncərə" prinsipi tətbiq edilmişdir. Milli Strategiya çərçivəsində 2010-cu ildə elektron hökumətin inkişafı üçün xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Son illər aparılan islahatlar nəticəsində bütün dövlət qulluqçularının, o cümlədən hakimlərin, prokurorların yeni şəffaf seçki qaydaları tətbiq olunur, ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulması məqsədilə müvafiq islahatlar aparılır. Dövlət Gömrük Komitəsi, Daxili İşlər və Ədliyyə nazirlikləri, əhali ilə birbaşa təmasda olan digər dövlət qurumlarında da aparılan işlər barəsində məlumat verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Avropa Şurasının GRECO qrupunun tövsiyələri nəzərə alınmaqla Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hazırlanmışdır. Layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi, rüşvət alma və rüşvət vermə, o cümlədən nüfuz alveri cinayətlərinin tərkiblərinin genişləndirilməsini nəzərdə tutur.
Qarşıda duran vəzifələr barədə məlumat verən şöbə müdiri korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları və KİV-lərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. F.Ələsgərov bu tədbirin dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə birgə layihələrin icrasına təkan verəcəyinə inandığını qeyd etmişdir.
Tədbirdə çıxış edən Baş prokuror, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Zakir Qaralov bildirmişdir ki, 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, dövlətimizin başçısı tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı səmərəli mübarizə beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması, dövlət idarəetməsində şəffaflıq, ədalətli məhkəmə sistemi, səmərəli antikorrupsiya qurumlarının yaradılması kimi istiqamətlərdə aparılmışdır.
Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi və bu qəbildən olan cinayətlər üzrə ibtidai istintaqın həyata keçirilməsi üçün ixtisaslaşmış antikorrupsiya qurumunun yaradılması zərurəti nəzərə alınaraq Prezidentin "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" sərəncamı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır.
Bildirilmişdir ki, 2005-2010-cu illərdə idarə tərəfindən 700 şəxs barəsində 388 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilmişdir. 2011-ci ilin əvvəlindən bugünədək isə 32 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanmışdır. Hazırda idarə tərəfindən 84 cinayət işinin istintaqı aparılır.
Dövlətimizin başçısı tərəfindən 2009-cu il iyunun 22-də "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanın imzalanması bu qəbildən olan cinayətlərə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.
Baş prokuror bildirmişdir ki, bu fərmanın icrası ilə əlaqədar idarədə 2009-cu ilin ikinci yarımilliyindən cari dövrədək yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair maddələri ilə 104 nəfər şəxs barəsində 66 cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.
Qeyd edilmişdir ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən mənfi halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması ilə əlaqədar konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir.
Vurğulanmışdır ki, vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan baxılmasını təmin etmək məqsədilə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində "qaynar xətt" əlaqə mərkəzi yaradılaraq fəaliyyətə başlamışdır.
Baş prokuror vurğulamışdır ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir və görülən işlər xalq tərəfindən yüksək qiymətləndirilir.
Tədbirdə "Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq" mövzusunda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirmişdir ki, Azərbaycanda gedən müsbət inkişafı, cəmiyyətdəki yeniləşməni məmnuniyyətlə müşahidə etməkdədirlər. O qeyd etmişdir ki, korrupsiya deyilən virus cəmiyyətin demokratikləşməsini zəiflədən, iqtisadiyyatı məhv edən bəladır. Azərbaycanda bu istiqamətdə işlərin görülməsi, qanunvericilik bazasının hazırlanması böyük və önəmli addımların bir hissəsidir. Səfir vurğulamışdır ki, mübarizə çərçivəsində hüququn aliliyini öndə tutmaq daha vacibdir. Bu, dünya təcrübəsindən irəli gəlir. Başqa ölkələrin təcrübəsindən bəhrələnməyin faydasını qeyd edən Ə.B.Cankorel ideal cəmiyyətin olmadığını, lakin əsas prinsipin mövcudluğunun əhəmiyyətini vurğulamışdır. Təmsil etdiyi qurumun korrupsiya ilə mübarizə məqsədilə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edən səfir birgə layihələrin hər iki tərəf üçün faydasını vurğulamışdır.
Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia "Avrointeqrasiya prosesində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti" mövzusunda çıxışında korrupsiyanın dövlət və cəmiyyətin inkişafına neqativ təsirindən danışmışdır.
Korrupsiya ilə mübarizənin yolları haqqında danışan R.Kobia Azərbaycanın bu problemlə mübarizə aparmaq üçün bütün imkanlara malik olduğunu vurğulamışdır. O bildirmişdir ki, cəmiyyət korrupsiyaya qarşı mübarizədə dövlətə kömək etməlidir. Hökumətə korrupsiya əleyhinə proqramın hazırlanmasında və layihələrin həyata keçirilməsində kömək etməyə hazır olduqlarını qeyd edən R.Kobia təmsil etdiyi qurumun Azərbaycanı sabit və uğurlu ölkə kimi görmək istədiyini vurğulamışdır.
Forumda "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfəralıyeva "Korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətləri institutlarının rolu", Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev "Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində dəstəklədiyi layihələr" adlı məruzələrlə çıxış etmişlər.
Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinın icraçı direktoru İsmayıl Ömərov 2011-ci ilin Azərbaycan tarixində korrupsiya ilə mübarizə ili kimi qalacağını qeyd etmiş, korrupsiyaya qarşı mübarizə tədbirlərini işıqlandıracaq xüsusi "Korrupsiyaya yox!" adlı proqramı barədə məlumat vermişdir.
Sonra müzakirələr aparılmış, forumun bəyanatı qəbul edilmişdir.
Azərbaycan.- 2011.- 16 aprel.- S. 7.