Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu sivilizasiyalar arasında əlaqələrin
qurulması və inkişafına təkan verəcəkdir
Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalar arasında əlaqələrin qurulması və inkişafına təkan verəcəkdir.
Bu fikir İndoneziya Milli İnformasiya Agentliyinin (Antara) fotoinformasiya redaksiyasının baş redaktoru Oskar Motuloh ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilmiş görüşdə səslənmişdir.
AzərTAc ilə Antara arasında 2007-ci ilin dekabrında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu imzalanandan sonra hər iki agentliyin əlaqələrinin sürətlə genişləndiyini bildirən baş direktor A.Aslanov dost və qardaş ölkələrimizin münasibətlərinin dərinləşməsində media qurumlarının rolunu xüsusi vurğulamışdır.
İnformasiya sahəsində əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, ölkələrimizin qədim tarixini və müasir sosial-iqtisadi inkişafını əks etdirən müştərək fotoalmanax hazırlamaq məqsədi ilə hər iki xəbər agentliyinin fotomüxbirlərinin İndoneziyaya və Azərbaycana səfər etdiklərini bildirən baş direktor hazırda toplanmış materiallardan ibarət sərginin keçirilməsi ilə əlaqədar danışıqların aparıldığını qeyd etmişdir.
Oskar Motuloh qarşılıqlı səfərlərin və müştərək layihələrin agentliklərimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini söyləmişdir.
Azərbaycanda gedən sürətli inkişaf proseslərindən xəbərdar olduğunu deyən O.Motuloh Bakının gözəlliyinin onu heyran etdiyini bildirmişdir.
Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti
haqqında danışan O.Motuloh tədbir çərçivəsində
çox dəyərli müzakirələrin
aparıldığını vurğulamışdır. Qonaq
demişdir ki, forum fərqli sivilizasiyalar arasında əlaqələrin
qurulması və inkişafına böyük töhfə verəcəkdir.
Azərbaycan.- 2011.- 16 aprel.- S. 11.