Yurdumuzun dilbər guşəsi - Qusar

 

Tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın yenicə çapdan çıxmış "Qusar, qusarlılar" ensiklopedik toplusunda Azərbaycanın Qusar rayonunun tarixindən, təbiətindən, görkəmli adamlarından, adət-ənənələrindən bəhs olunur. Azərbaycan və ləzgi dillərində yazılmış kitabın rəyçisi coğrafiya elmləri doktoru, Azərbaycan MEA-nın həqiqi üzvü Budaq Budaqovdur.

Ümummilli lider Heydər Əliyev yurdumuzun bu dilbər guşəsində yaşayan insanların əməyini həmişə yüksək dəyərləndirər, onların vətənə, torpağa, dövlətə bəslədikləri sədaqət hissini belə ifadə edərdi: "Şahdağ kimi məğrur dağı, gözəl meşələri, çayları, bulaqları olan, hər şeydən əvvəl, qəhrəman insanlardır qusarlılar... Qusarlılar xüsusi etimada layiqdir. Sizin tarixiniz qəhrəmanlıq tarixidir. Sizin tarixiniz qurub-yaratmaq tarixidir. Vətənə, torpağa, dövlətə sədaqət tarixidir".

Bu diqqəti və xoş münasibəti layiqincə davam etdirən Prezident İlham Əliyev də qusarlılarla tez-tez ünsiyyətdə olur. Bu gözəl guşədə yaşayan insanların ərazi bütövlüyümüz yolunda qəhrəmanlıq göstərmələrini minnətdarlıq duyğuları ilə dilə gətirir: "...Qusar əhalisi həmişə olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcəkdir".

Əlbəttə, sovet dövründə azlıqda yaşayan xalqlar heç vaxt öz tarixi keçmişləri, adət-ənənələri, mədəniyyətləri, digər xalqlarla dostluq əlaqələri və özgürlükləri haqqında bu şəkildə geniş, ətraflı, müfəssəl nəinki kitab, heç adi məqalə də yaza bilməzdilər. Çünki sovet rejiminin öz qanunu, diktəsi və tələbi var idi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Azərbaycanın nail olduğu demokratiya, yaranmış tolerant mühit imkan verir ki, respublikada yaşayan bütün xalqlar, millətlər öz tarixi keçmişlərinə güzgü tutaraq müəyyən faktları, hadisələri qələmə ala bilsin. Məhz indi əsl xalqlar dostluğunun şahidiyik.

Kitabın müəllifi Sədaqət Kərimova oxuculara müraciətində deyir: "Kitabı iki dildə yazmağım təsadüfi deyil... Hər iki dili göz bəbəyi kimi qoruduğumu bu kitab bir daha sübut edir". Fikirdəki həqiqət bizi də riqqətə gətirir. Çünki laylasını ləzgicə eşidən həmkarımız məhz Azərbaycan dilində təhsil alıb, ali məktəbdə oxuyub, uzun illərdir ki, bu dildə yazıb-yaradır. Ona görə də hər iki dili ürəkdən sevməsi təbiidir. Bu, onun həm övladlıq, həm də vətəndaşlıq borcudur. Müxtəlif məlumatlarla zəngin olan topluda Qusarın tarixindən, təbiətindən, kəndlərindən, eləcə də bugünündən söz açılır. Burada yaşayan insanların məşğuliyyətindən, özlərinə məxsus adət-ənənəsindən, mənəvi aləmlərindən, yaradıcılıqlarından, Azərbaycan mədəniyyətinə, elminə, incəsənətinə, hərb tarixinə verdiyi töhfələrdən bəhs edilir. Maraqlıdır ki, Qusarda doğulmayan, ancaq yaradıcılıqlarında onun gözəl təbiətini, insanlarını vəsf edən digər sənət adamlarının da adları çəkilir. Onların bu bölgəyə bəslədiyi məhəbbətdən danışılır.

Əlbəttə, mən tarixçi deyiləm. Ola bilsin ki, kitabda kiməsə mübahisəli görünən, müəyyən müzakirələrə yol açan fikirlər də var. Heç müəllif də tarixçi deyil. Sadəcə olaraq, jurnalist həmkarımın uzun illərdir böyük zəhmət çəkərək fədakarlıq və məhəbbətlə hazırladığı bir ensiklopedik toplunun işıq üzü gördüyünü bildirdim. Qoy tarixçi alimlər ensiklopediyalarımızın sırasına yenicə daxil olan bu toplu haqqında öz sözlərini desinlər. Bizim çatdıracağımız budur ki, "Qusar, qusarlılar" toplusu çox nəfis şəkildə çap edilib. Bu rayonun təbiət gözəlliklərini, tarixi abidələrini əks etdirən rəngli şəkillər və məşhur simalarının fotoları verilib. Təqdirəlayiq olar ki, bizim hər bir bölgəmiz haqqında geniş və müfəssəl məlumat verən bu cür ensiklopediyalar müntəzəm hazırlansın.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-16 aprel.- S. 11.