İstedad bəhrəsini verir
2006-cı ildə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.
Bu gün Azərbaycanda istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi sayəsində bir çox layihə həyata keçirilir. Gələcəyin sabahkı qurucuları olan istedadlı uşaqlara böyük qayğı göstərilir.
Mədəniyyət sahəsində xüsusi istedadı ilə seçilən uşaqlar, gənclər diqqətdən kənarda qalmır. Onlardan biri də 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Fərhad Qarayusiflidir.
Fərhad Qarayusifli Bakıdakı 3 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano sinfinə gələndə 13 yaşı vardı. Qəlbində fortepianoya olan məhəbbət onu musiqi məktəbinə təhsil almağa gətirmişdi. Fərhadda olan xüsusi musiqi duyumunu hiss edən məktəbin rəhbəri Dəyanət Quliyev onu birbaşa II sinfə qəbul edir. Təcrübəli pedaqoq Dəyanət müəllim sonradan bu addımında heç də yanılmır. Belə ki, 3 saylı Uşaq İncəsənət Məktəbində 4 il təhsil aldığı müddətdə Fərhad Qarayusifli uğurlar əldə edir. Fərhad saatlarla öz üzərində çalışmaqla bərabər müəllimi Gültəkin Məmmədovanın gərgin əməyi sayəsində digər şagirdlərin musiqi sahəsində əldə edə bilmədiklərinə 4 ildə nail olur.
İlk dəfə o, səhnədə P.Çaykovskinin "İlin fəsilləri" məcmuəsindən "Oktyabr" əsərini həyəcanla ifa edir. Halbuki Fərhad cəmi 6 ay idi ki fortepiano çalmaqla məşğul olurdu. Daha sonra Fərhad Qarayusifli R.Behbudov adına Mahnı Teatrının səhnəsində Azər Rzayevin fortepiano ilə orkestr üçün yazdığı konserti və digər əsərləri ifa edir.
2009-2010-cu tədris ili Fərhad üçün uğurlu olmuşdur. O, 2009-cu ildə Bakı şəhərində keçirilən Heydər Əliyev adına respublika müsabiqəsində iştirak edərək, II dərəcəli diploma layiq görülür və laureat olur.
Fərhad Qarayusiflinin musiqi sahəsində qazandığı nailiyyətlərə Qara Qarayev adına Kamera Orkestri ilə birgə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Mahnı Teatrında və Alman-Azərbaycan Mədəniyyət Mərkəzi Kapelhausda ifa etdiyi çıxışlar daxildir.
Sevindirici haldır ki, 2011-ci ilin mart ayında Türkiyədə keçirilən Gənc ifaçıların XIV Beynəlxalq müsabiqəsində Fərhad Qarayusifli III dərəcəli diploma layiq görülüb. O, beynəlxalq müsabiqə laureatı adını qazanaraq, həm də respublikamızı layiqincə təmsil edib.
Təranə CƏBİYEVA
Azərbaycan.- 2011.-16 aprel.- S. 11.