"Koroğlu" operası incəsənət xəzinəsidir

 

Üzeyir bəy Hacıbəylinin şah əsəri "Koroğlu" operası Azərbaycan xalqının feodalların zülmünə qarşı mübarizəsinə həsr olunmuşdur. Məzmununa və musiqi dilinin xüsusiyyətlərinə görə xəlqilik kökləri dərin olan bu opera ölkəmizdə çox populyardır. Üzeyir bəy "Koroğlu" operasının geniş tamaşaçı kütləsi tərəfindən sevilməsinin səbəbini onun musiqi mətnində muğam sisteminin əsas götürülməsi ilə izah edib.

Xatırladırıq ki, premyerası 1937-ci il aprelin 30-da olmuş "Koroğlu" operasına dirijorluğu Üzeyir bəy özü etmişdi. Rejissoru xalq artisti İsmayıl Hidayətzadə, libretto müəllifi M.S.Ordubadi olmuş, Koroğlu partiyasını Bülbül Məmmədov, Nigar partiyasını Gülnarə İsgəndərova, Həsən xan partiyasını Məmmədtağı Bağırov ifa etmişdilər.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında oynanılan "Koroğlu" operası çox bəyənilmiş, onu opera incəsənətinin xəzinəsi adlandırmışdılar. Rus rəssamı Aleksiç Repin "Volqa çayının burlakları" əsərini təqlid etməklə çəkdiyi "Operanın böyük yolu" şarjında Üzeyir bəyi əlində saz tutmuş halda sovet bəstəkarlarının ön cərgəsində təsvir etmişdi.

Bəstəkarın operanın musiqi materialına çoxsəsliliyi daxil etməsi Azərbaycanın musiqi yaradıcılığında böyük yenilikdir. Operasevərlər bu tamaşada möhtəşəm "Çənlibel" xorunu dinləyərkən çoxsəsliyin əsərə nə qədər gözəllik gətirdiyinin şahidi olurlar. Üzeyir bəyin "Koroğlu" operasının musiqi materialına gətirdiyi yenilik simfonik orkestrin çalğı alətləri sırasına tar, qaval və qara zurna kimi milli alətləri daxil etməsidir. Əsərdə feodal Həsən xanın üzərində Koroğlu cəngavərlərinin qələbəsindən sonra çalınan cəngiyə həmin alətlərin nə qədər möhtəşəmlik gətirdiyinin şahidi oluruq. Operanın çox möhtəşəm uvertürası çalınan zaman tar partiyalarına önəm verilməsi dinləyicidə qürur hissi doğurur.

Üzeyir bəyin məharəti onda idi ki, Azərbaycan opera incəsənətini klassik ənənələrə uyğun reallaşdırsa da, onu hazır opera üslubuna tabe etdirməmiş, ənənəvi klassik üsulları bilərəkdən milli incəsənətin əsasları ilə yaradıcılıqla əlaqələndirmişdir. Odur ki, Ü.Hacıbəylinin opera incəsənətinə gətirdiyi yeniliklər Azərbaycanın bütün professional musiqi yaradıcılığına hərtərəfli təsir göstərmişdir.

Qeyd etdiyimiz kimi, bu opera xalqımızın milli azadlığı uğrunda mübarizəsinə həsr edilib. Buna görə də əsərdə geniş yer tutan kütləvi xor səhnələri, operanın kollektiv qəhrəmanı olan xalqın obrazı geniş yer almışdır. Birinci pərdənin finalında intiqama çağırış xoru, üçüncü pərdədəki Çənlibel qəhrəmanlıq xoru üsyana qalxmış xalqın obrazını ustalıqla yaradır.

Operanın musiqi baxımından ən ifadəli vasitəsi melodiyadır. Bəstəkara opera üzərində işləyərkən intonasiya özülü kimi Azərbaycan xalq musiqisinin bütün janrları və lad növləri kara gəlmişdir. Muğamatdan əsasən xanın və onun əyanlarının musiqi təsvirini vemək üçün istifadə etmişdir.

"Koroğlu" dedikdə, yaşlı nəslin yaddaşında Bülbül canlanır. Ona görə ki, Bülbül professional ifası, zəngin çalarlı, geniş diapazonlu lirik-dramatik tenor səsi sayəsində Koroğlu obrazını böyük məharətlə yaratmışdı. Şirzad Hüseynov, Yaqub Rzayev kimi solistlər də Koroğlu partiyasının mahir ifaçıları olmuş, lakin Bülbül Bülbüllüyündə qalmışdı. Bülbülün vəfatından sonra Koroğlu estafetini Lütfiyar İmanov davam etdirmiş və bu operanın repertuar müddəti xeyli uzanmışdı. Son vaxtlar isə Koroğlu partiyasının ifaçıları bir o qədər də diqqəti cəlb etməmişlər. Odur ki, bu yaxınlarda keçirilən tamaşa zamanı gənc Ramil Qasımovun Koroğlu obrazını necə yaradacağı operasevərlərdə böyük maraq doğurmuş, salonda bütün yerlər dolmuşdu.

Koroğlu partiyasının ifası müğənnidən böyük səs, geniş diapazon tələb edir. Üzeyir bəy Koroğlu partiyasını Bülbülün səs imkanlarına uyğun yazdığından operanın bir neçə yerində yuxarı "do" notu nəzərdə tutulmuşdur.

Elə bu başdan deyək ki, Ramil Qasımov vokal çətinliyi çəkmədən oxudu. Onun pərvazlanan lirik tenor səsi yuxarı notları da asanlıqla götürməsinə imkan verdi, eyni zamanda, özünün dramatik aktyor imkanlı ifaçı olduğunu göstərə bildi. Operanın vokal baxımından ən çətin sayılan "aşıq Koroğlu"nun Həsən xanın sarayında əyanların sifarişi ilə oxuduğu "Qırat gözəlləməsi", "Şikəstə" və s. vokal parçaları da Ramilin ifasında xoşagələn səsləndi. Sazı sinəsinə basıb aşıqlara xas hərəkətlərlə rəqs etməyi və oxumağı da son dərəcə maraqla qarşılandı.

Nigar obrazını teatrın solisti, bənzərsiz soprano vokal səsli İlahə Əfəndiyeva da uğurla yaradıb tamaşaçıların estetik zövqünü oxşadı, ariyaları məharətlə ifa etdi. Yeri gəlmişkən, o, Cüzeppe Verdi və Cakomo Puççininin operalarında baş qadın partiyalarını yüksək dərəcədə ifa etməklə də tamaşaçı sevgisini qazanıb.

Məşhur opera ifaçısı Gülyaz Məmmədova xanəndə qız rolunda yaxşı oynadı, metso-soprano səs üçün yazılmış partiyanın öhdəsindən lazımınca gəldi.

Teatrda oynanılan romantik qadın obrazlarının ifaçısı kimi tanınan Gülyaz Məmmədovanın "Arşın mal alan"da qulluqçu Telli, "Koroğlu"da xanəndə qız rolundakı uğurlu çıxışları da onun geniş yaradıcılıq imkanlarından xəbər verir.

Tamaşada təlxək rolunu oynayan Əliəhməd İbrahimov komik opera artisti kimi də yaddaqalan obraz yaratmağa müvəffəq oldu. Lirik-dramatik tenor Fərid Əliyevi "Karmen" operasından Xoze partiyasının ifaçısı kimi tanıyırıq. O, "Koroğlu" operasında Keçəl Həmzə rolunda parlaq çıxışı ilə geniş amplualı sənətkar olduğunu sübuta yetirdi. Əvvəlki təlxək rolu ifaçılarında sezilməyən xarakterik cizgilər və oxu xüsusiyyətləri ilə yaddaqalan komik səpkili obraz yaratdı.

Xalq artisti Şahlar Quliyevin yaratdığı Həsən xan obrazı da yüksək dəyərləndirilməlidir. O, vokal baxımından çox çətin sayılan ariyaları rahat ifa etməklə geniş diapazonlu güclü bariton səsini nümayiş etdirə bildi. Qərbi Avropa bəstəkarlarının operalarında ona tapşırılan partiyaları orijinalın dilində yüksək səviyyədə oxuyan Şahlar Quliyev özünün parlaq səs xüsusiyyətləri və aktyolrluq məharəti ilə, yəqin ki, bundan sonra da uzun illər tamaşaçı rəğbətini özündə saxlayacaq.

Operada xorların səslənmə möhtəşəmliyi isə xormeyster Sevil Hacıyevanın peşəkarlıq imkanları hesabına reallaşdı. Tamaşanın dirijoru Nazim Hacıəlibəyov orkestri Üzeyir ruhuna layiq səsləndirdi. Ancaq ifaçıları, xüsusilə Koroğlunu müşayiət edəndə bəzi qüsurlara yol verdi. Koroğlunun Nigara məhəbbət bəsləməsi ariyasının final notunu orkestr gurultusu eşidilməz etdi. Belə gurultuqoparma üsulu vaxtilə səs imkanı geniş olmayan tenorların yuxarı notlarda ilişməsini sezdirməmək üçün tətbiq edilirdi. "Si-bemol" final notunu asanlıqla götürə bilən Ramil Qasımov kimi ifaçı üçün bu səsbatırma üsulunun tətbiqi ümumi uğura xələl gətirir.

Ümumiyyətlə, Azərbaycan Akademik Opera və Balet Teatrı rəhbərliyinin istedadlı ifaçılar axtarışı sayəsində Koroğlu partiyasını ifa etmək qabiliyyətinə malik gənc Ramil Qasımovun səhnəyə gətirilməsi teatrın uğurudur.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.-16 aprel.- S. 11.