Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aprelin 16-da Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı senator Ambruaz Düponun ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə etdi. Ambruaz Düponla keçirdiyi ötən görüşlərini xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin də uğurlu olacağına əminliyini bildirdi. Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla və sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu səfərin Fransa-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı əlaqələrin bundan sonra da möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi.

Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon bu səfər zamanı da Bakıda böyük inkişafın şahidi olduğunu və dəyişikliklərin onda dərin təəssürat yaratdığını vurğulayaraq son bir neçə ildə paytaxtımızda gedən inkişaf proseslərinin önəmini qeyd etdi. O, ölkəmizə ilk səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Ümummilli liderlə görüşün onda böyük təəssürat yaratdığını deyən qonaq ölkəmizə həmin səfərindən sonra Azərbaycanı daha yaxından tanımağa başladığını dedi.

Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələrin önəmi qeyd edilərək bu əlaqələrin münasibətlərimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verdiyi vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 aprel.- S. 1.