Azərbaycan Prezidenti İlham Əliyev
Stratfor Özəl Elmi Korporasiyasının
yaradıcısı, icraçı direktoru və baş
analitiki George Fridmanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul etmişdir.
Dövlətimizin başçısı George Fridmanın ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirdi.
Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridman özünün qlobal dünya siyasətində dəyişikliklərlə bağlı Azərbaycanın regionda aparıcı rolu barədə geniş fikirlərin əks olunduğu "Növbəti onillik" sərlövhəli kitabını dövlətimizin başçısına təqdim etdi. George Fridman Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedəcəyini, muxtar respublikada reallaşan sosial-iqtisadi layihələrlə tanış olacağını bildirdi.
Naxçıvanın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu deyən Prezident İlham Əliyev bütün bu ərazilərin hamısında tarixən azərbaycanlıların məskunlaşdığını, sonradan Zəngəzur mahalının Ermənistana verildiyini və Naxçıvanın Azərbaycandan ayrı düşdüyünü dedi. Prezident İlham Əliyev muxtar respublikaya böyük həcmdə sərmayə yatırıldığını, mühüm sosial və infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı qonağın tarixi abidələrlə zəngin Naxçıvana səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional məsələlər, geosiyasi vəziyyət, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 17 aprel.- S. 1.