Azərbaycan müstəqil siyasət yürüdən və dinamik inkişaf edən ölkədir

 

Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində böyük uğurlara yol açan sosial-iqtisadi inkişaf strategiyasını inamla davam etdirən dövlət başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyəti ölkə hüdudlarından kənarda da diqqətlə izlənir. Bu da təsadüfi deyildir, - bütövlükdə Cənubi Qafqaz regionunun sürətlə yüksəlişinə etibarlı təminat yaratmış beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin gerçəkləşməsində lokomotiv rolunu oynayan respublikamızda cərəyan edən proseslər bütövlükdə regiona ciddi təsirini göstərir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, malik olduğu zəngin təbii resurslar region dövlətlərinin də iqtisadi-siyasi mənafelərinin təminatına yaxşı imkanlar açır.

Bu gün Azərbaycan inkişafının elə mərhələsindədir ki, respublikamızın bütün həyati əhəmiyyətli sahələrdə qazandığı uğurlar beynəlxalq səviyyədə geniş təbliğ olunmalıdır. Prezident İlham Əliyev məhz bu zərurətdən çıxış edərək yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Beynəlxalq səviyyədə təbliğati işin gücləndirilməsi ölkəmizin maraq və mənafelərinin təminatı, milli təhlükəsizliyinin qorunması, xarici siyasətdə qarşıya qoyulmuş prioritetlərin gerçəkləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Prezident İlham Əliyevin son 8 illik fəaliyyətinin üstün cəhətlərindən biri də məhz onun xarici ölkələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə qurması, bundan Azərbaycanın dünya miqyasında təbliğində maksimum dərəcədə istifadə etməsidir. Bu müsahibələrdə ən müxtəlif məsələlərə geniş münasibətini açıqlayan dövlət başçısı respublikamızın beynəlxalq imicinin yüksəlməsini, onun barəsində obyektiv rəyin formalaşmasını təmin edir.

Dövlət başçısının bir neçə gün əvvəl Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" - Rusiya informasiya telekanalına müsahibəsi də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibə zamanı Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumuna və gələcək inkişaf perspektivlərinə, eləcə də respublikamızda həyata keçirilən mütərəqqi islahatlara diqqət çəkmiş, Azərbaycanın dünəni, bugünü və sabahı, müasir idarəçilik sistemi, enerji təhlükəsizliyi strategiyası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşmüşdür.

Rusiya-Azərbaycan əlaqələri ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev demişdir ki, münasibətlər dinamik, ardıcıl və səmərəli şəkildə inkişaf edir. Dövlət başçıları səviyyəsində siyasi əlaqələr yüksək səviyyədədir, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir, qəbul edilən qərarlar real səmərə verir. Hər iki tərəf haqlı olaraq mövcud əlaqələri strateji tərəfdaş münasibətləri kimi səciyyələndirir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynayır. Dövlət başçısı bu amili də xüsusi vurğulamışdır: "Biz qonşuyuq. Biz həmişə mehriban qonşuluq və dostluq prinsipləri üzrə yaşamışıq. Biz əsrlər boyu birlikdə, yanaşı yaşamışıq və çox vacibdir ki, Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə bu müsbət meyillər qorunub saxlanmış və artırılmışdır".

Son illərdə Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığı zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Sovetlər Birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. Son illərdə isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır və bunların 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir. Prezident İlham Əliyev "Rossiya-24" - Rusiya informasiya telekanalına müsahibəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişafından razılıqla söz açmışdır: "İqtisadi sahədə əlaqələrimiz möhkəmlənir. Böhran dövründə bizdə əmtəə dövriyyəsi bir qədər azalmışdı, lakin indi onu kompensasiya edirik və əmtəə dövriyyəsinin strukturu yaxşılaşır. Ticari münasibətlər baxımından Rusiya bizim mallar üçün bazar kimi bizdən ötrü çox böyük maraq doğurur, Rusiya həm də idxal üzrə bizim əsas tərəfdaşımızdır. Yəni, Azərbaycana ən çox idxal Rusiyadan daxil olur".

Azərbaycan iqtidarının son illər yürütdüyü siyasət nəticəsində hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmini yönümündə ardıcıl tədbirlər həyata keçirilmiş, respublikamız regionda müstəqil siyasət yeridən ölkələrdən birinə çevrilmişdir. Cənab İlham Əliyev müsahibə zamanı qlobal böhran şəraitində ölkədəki inkişaf prosesləri barədə də ətraflı məlumat vermiş, xüsusən də biznes mühitinin liberallaşdırılması sahəsində görülən işlərdən danışmışdır. Dövlət başçısı vurğulamışdır ki, hazırkı inkişaf mərhələsində Azərbaycan xarici investisiyalardan asılı deyildir və böhran şəraitində də iqtisadiyyata sərmayə qoyuluşları azalmamışdır: "Hərçənd, keçən ilin göstəricilərinə nəzər salsaq, bütövlükdə iqtisadiyyata qoyulmuş 15,5 milyard dollar sərmayənin 8 milyardı daxili, 7 milyardı xarici investisiyalar olmuşdu. Yəni, hətta böhranlı dövrdə də Azərbaycanın əcnəbi sərmayədarlar üçün cəlbediciliyi davam edir. Mənim fikrimcə, bu, ilk növbədə, artıq dediyim kimi, ölkədə yaxşı investisiya mühiti, xarici sərmayələrin qorunması, eləcə də ölkənin dinamik inkişafı nəticəsində baş verir. Çünki xarici pullar oraya sərf edilir ki, orada müəyyən nəticələr vardır, gələcəyi görmək mümkündür, sabitlik vardır, sərmayədarlar özlərini inamlı hiss edir və bilirlər ki, bəlkə də 10-15 il bundan əvvəl imzalanmış kontraktların şərtlərini heç kəs dəyişdirə bilməz".

Böyük neft-qaz ehtiyatlarına malik Azərbaycan üçün həmin resursların səmərəli idarə edilməsi, ixracın şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmini vacib məsələlərdən biridir. Çünki respublikamız bu gün Avropa Birliyinə üzv ölkələrin təbii qaz təchizatının yaxşılaşdırılması, alternativ mənbənin yaradılması məqsədi daşıyan "Nabukko" layihəsinin reallaşmasında da əsas söz sahiblərindən biri kimi çıxış edir. Layihənin gerçəkləşdirilməsi ilə bağlı müzakirələrin bilavasitə Azərbaycanın iştirakı ilə aparılması respublikamızın bütövlükdə regionun enerji təhlükəsizliyində artan rolu və imkanları ilə bağlıdır. Dövlət başçısı müsahibəsində demişdir ki, Azərbaycan elektrik enerjisi kimi qazı da bütün qonşu ölkələrə - Rusiyaya, Türkiyəyə, Gürcüstana, İrana nəql edir. Bu ənənəvi istiqamətlər üzrə satışı artırmaq potensialı da vardır: "Beləliklə, bu gün biz öz qaz ehtiyatlarımızın müəyyən hissəsinin satışını, demək olar ki, təmin edirik. Digər tərəfdən, imkanlarımız və istehsal, hasilat və nəqletmənin potensial həcmləri bugünkü regional bazarların imkanlarından qat-qat çoxdur. Təbii ki, bu halda qarşımızda ya yeni bazarlara çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi durur. Sizin Nabukko barədə sualınızı daha da konkretləşdirərək deyə bilərəm ki, biz bu layihəni dəstəkləyirik, lakin qarşılıqlı maraqların nəzərə alınması şərtilə. İlk növbədə kommersiya maraqları təmin edilməlidir, qiymət ədalətli olmalıdır".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev Ermənistanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasının vacibliyini bir daha diqqətə çəkmişdir. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığına diqqət çəkən dövlət başçısı bu təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qaldığını təəssüflə qeyd etmişdir. Həmin qətnamələrdə təşkilat respublikanın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Lakin buna rəğmən, işğalçı Ermənistana qarşı preventiv tədbirlərin həyata keçirilməməsi rəsmi Bakının haqlı narazılığına səbəb olur. Bəzi Qərb dövlətlərinin təsiri altında Liviyaya qarşı operativ qərarlar qəbul edərək tezliklə onun icrasına başlayan BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi müəyyən suallar doğurur. Dövlət başçısı İlham Əliyev bununla bağlı demişdir: "BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir və onların heç biri reallaşmamışdır. Təhlükəsizlik Şurasının Liviyaya dair qətnamələri qəbul ediləndən, sözün həqiqi mənasında, bir neçə saat sonra onların həyata keçirilməyə başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini görəndə təbii olaraq belə bir sual yaranır: nə üçün? Burada bu cür operativliyə, bizimlə bağlı halda isə bu cür passivliyə səbəb nədir? Buna görə də biz vasitəçilərin, ilk növbədə Minsk qrupu həmsədrlərinin və regional ölkə kimi, bizim qonşumuz kimi Rusiyanın, xüsusən son vaxtlar Rusiyanın fəal rolunu nəzərə alaraq onların daha fəal iştirakına ümid edirik.

Dövlət başçısı İlham Əliyevin "Rossiya-24" - Rusiya informasiya telekanalına müsahibəsi Azərbaycanın regionda mühüm rolu və mövqeyi ilə seçilən ölkə olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, dövlət başçısının müsahibəsi cənab İlham Əliyevin təkcə Cənubi Qafqazda deyil, ümumilikdə, MDB məkanında əsas liderlərdən biri kimi qəbul olunduğunu, yürütdüyü siyasətin ciddi maraq və rəğbətlə qarşılandığını göstərir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2011.-17 aprel.- S. 1, 2.