Azərbaycan-Yunanıstan əlaqələri ildən-ilə inkişaf edir

 

Müstəqil Azərbaycan Respublikası ilə Yunanıstan arasında diplomatik münasibətlərin qurulması ölkəmizin dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan Yunanıstan ilə əlaqələrin ildən-ilə inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və qlobal layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqına və Avratlantik strukturlara inteqrasiya mühüm yer tutur. Cari ilin yanvarında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Cənub qaz dəhlizi haqqında birgə bəyannamə bunun bariz nümunəsidir. Azərbaycanla Yunanıstan beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. İki ölkənin BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı buna əyani sübutdur.

Qloballaşan dünyada iqtisadi inkişaf tempinə görə liderliyini qoruyub saxlayan Azərbaycan iqtisadi qüdrətini artırmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi ilə açılan geniş perspektivlər ölkəmizin regionda nüfuzunu günü-gündən artırmaqla yanaşı, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin möhkəmlənməsinə töhfəsini verir. Təqdirəlayiqdir ki, Azərbaycan və Yunanıstan arasında enerji sahəsində mühüm əməkdaşlıq mövcuddur. Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərdə nəql edən 7 neft və qaz boru kəməri çəkilmişdir. Ölkəmiz enerji resurslarının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini artırmağa hazırdır. Təbii qaz artıq Yunanıstana nəql olunur. Azərbaycan qazının Avropa bazarlarına nəql olunmasında Yunanıstan tranzit ölkə kimi də mühüm rol oynayacaqdır. Azərbaycan və Yunanıstan arasında turizm, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün də geniş perspektivlər var. Məhz bu əməkdaşlıq sahəsində dünya sivilizasiyasına, mədəniyyət xəzinəsinə müstəsna və misilsiz töhfələr verən xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcəkdir.

Yunanıstan ilə əməkdaşlığın güclənməsinə Prezident İlham Əliyevin 2009-ci ildə bu ölkəyə etdiyi səfər də mühüm təsir göstərmişdir. Səfər zamanı Azərbaycan Prezidenti Yunanıstanın dövlət başçısı ilə geniş fikir mübadiləsi aparmış, Yunanıstana səfərinin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini bildirmişdi. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən birgə sazişlər imzalanmışdır. İkitərəfli əməkdaşlığa dair imzalanan mühüm sənədlər dövlətlərimiz arasında əlaqələrin genişlənməsinə böyük töhfə vermişdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yunanıstan-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad artmışdır.

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir. Ölkə başçıları arasında keçirilən görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilmişdir. Dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparmışlar.

Dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş", "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair saziş", "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram" mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev mətbuat üçün bəyanatda bildirmişdi: "Yunanıstan-Azərbaycan əlaqələri çox uğurlu və sürətlə inkişaf edir. Biz əlaqələrimizin səviyyəsindən çox məmnunuq və Prezidentin bugünkü səfəri bir də onu göstərir ki, bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı etimad var, qarşılıqlı maraqlarımız var. Əminəm ki, ikitərəfli münasibətlərimizin inkişafı nəticəsində ölkələrimizin vətəndaşları bir-birini daha da yaxşı tanıyacaqlar. İnsanlar arasında təmaslar daha da sıx olacaqdır. Beləliklə, gələcəkdə Yunanıstan-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir".

Yunanıstanın dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir. Prezident Karolos Papulyas bildirmişdi: "Prezident İlham Əliyevlə geniş fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi ikitərəfli münasibətlərimizə, habelə regional və qlobal məsələlərə aid idi. Bizim ikitərəfli münasibətlərimiz çox gözəldir. Hesab edirəm ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər. Bu baxımdan keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumu iqtisadi və ticari münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanlar açır".

Bakı Biznes Mərkəzində IV Azərbaycan-Yunanıstan biznes forumunun keçirilməsi də mühüm əhəmiyyət kəsb etmişdir. Tədbirdə 21 yunan şirkətinin iştirakı ikitərəfli əlaqələrimizdə, əməkdaşlıqda böyük potensialın olduğunu bir daha təsdiq etmişdir. Forum çərçivəsində ölkələr arasında enerji, ətraf mühitin qorunması, telekommunikasiya, konsaltinq və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bundan əvvəl keçirilmiş biznes forumlar da göstərmişdir ki, qarşılıqlı maraqlar kifayət qədərdir və mövcud potensialdan daha geniş istifadə etmək olar.

Azərbaycan-Yunanıstan münasibətləri inkişaf dinamikliyi, hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələndirilir. Yunanıstan Prezidentinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha intensiv inkişafına təkan verəcəkdir. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha böyük imkanlar acacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 17 aprel.- S. 2.