Yaltada MDB İqtisadi Şurasının 49-cu iclası işini başa çatdırmışdır

 

Aprelin 15-də Yaltanın Livadiya Sarayında Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 49-cu iclası başa çatmışdır. İclasda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

İclasın gündəliyinə 15 məsələ, o cümlədən azad ticarət zonası haqqında saziş layihəsi, 2020-ci ilədək MDB ölkələrinin dövlətlərarası innovasiya əməkdaşlığı proqramının layihəsi, 2011-ci ilin Müstəqil Dövlətlər Birliyində ərzaq təhlükəsizliyinin artırılması ili elan olunması ilə bağlı müvafiq tədbirlər, birliyin 20 illiyinə həsr edilən dövlətlərarası sərgiyə hazırlığın gedişi barədə məsələlər daxil idi.

Bundan əlavə, 2003-2010-cu illərdə iqtisadi sahədə MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş mühüm Tədbirlər Planının icrası məsələləri, MDB ölkələrində 2006-2010-cu illərdə həyat şəraitinin yaxşılaşdırılmasının sosial və tibbi əsaslarının inkişafı və müharibə veteranlarının əmək qabiliyyətinin itirilməsinin profilaktikası Konsepsiyasının icrasının yekunları və s. məsələlər müzakirə olunmuşdur.

MDB-nin 50-ci yubiley iclası iyunun 28-də Moskvada keçiriləcəkdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.- 17 aprel.- S. 2.