İçərişəhər
keçmişimizin yadigarı, gələcəyimizə səmtlənən
karvan yoludur
İzdihamlı meydanların, modern maşınların şütüdüyü prospektlər boyu sıralanmış müasir binaların, səliqəli, il boyu yaşıl qalan ağacları, gül kolları ilə göz oxşayan park və xiyabanların doğurduğu xoş təəssürat Qoşa qala qapısından keçən andan tamamilə yeni, əvəzolunmaz naxışlarla zənginləşir. Birdən-birə ötən əsrlərin cazibəsinə düşür, özünü keçmişin ab-havasında hiss edirsən. İçərişəhər - köhnə şəhər müasirliklə qədimliyi, tarixin qaranlıq səhifələri ilə işıqlı, nurlu gələcəyi qovuşduran sehrli bir körpü kimi səni ağuşuna alır.
Hər birimizin qəlbində bir qürur ünvanı, şərəf nişanəsi kimi əbədiləşən İçərişəhər tarixi keçmişimizi, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, bir sözlə, azərbaycanlılıq və azərbaycançılığı Şirvanşahlar sarayının divarlarında, Xanəgahda, Multanı və Buxara karvansaralarında, Məhəmməd məscidində (Sınıq qala), Qoşa qala qapılarında, İkimərtəbəli karvansarada, daş döşənmiş (köhnə bakılıların ifadəsi ilə qənbər döşənmiş) ensiz küçələrdə, tarixin lap dərinliklərinədək uzanan dar dalanlarda yaşadır. Özgürlüyümüzün, güclülüyümüzün, etibarlılığımızın və sədaqətliliyimizin, istedadlılığımızın və tolerantlığımızın daşlaşmış, heykəlləşmiş yadigarı olan bu məkan hər kəsi heyran qoyur. Elə şəhərimizə təşrif buyuran saysız qonaqlarımızı, Azərbaycana böyük maraq göstərən turistləri də.
Öz qədim tarixinin bir hissəsində Azərbaycanın dövlətçilik rəmzi olan Şirvanşahların paytaxtı kimi də tarixə düşmüş İçərişəhər cəmi 22 hektarlıq kiçik ərazidə yerləşsə də, öz adət-ənənələri, memarlıq inciləri, ticarət qayda-qanunları, qonaqpərvərliyi və regional əlaqələri ilə o vaxtdan-bu vaxta öz əhəmiyyətini saxlamaqdadır. Tarixi qoruq ərazisində 4 dünya əhəmiyyətli abidə (Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Məhəmməd məscidi və İçərişəhərin özü), ölkə əhəmiyyətli 28 memarlıq və 4 arxeoloji abidə yerləşir, 1300 ailə yaşayır. İçərişəhər bir kompleks kimi öz mədəni, tarixi əhəmiyyətinə görə 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış, 2000-ci ilin dekabrında isə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov köhnə şəhərin bioqrafiyasında, onun yalnız muzey-şəhər kimi deyil, canlı bir orqanizm təki fəaliyyətində ümummilli lider Heydər Əliyevin və onun layiqli siyasi varisi ölkə başçısı İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirir:
- Yəqin ki, xatırlayırsınız, 2003-cü il fevralın 17-də ulu öndər Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdı. O vaxtdan burada bütün yeni tikinti işləri dayandırılmış, qədim şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsinə start verilmişdi. İki il sonra, 2005-ci il fevralın 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılması haqqında" sərəncam və idarənin aktiv fəaliyyətə başlaması üçün əsas olan "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" 2007-ci il 16 may tarixli 574 nömrəli fərman imzalayıb. Bununla cənab Prezident mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən İçərişəhərin idarə edilməsinin unikal sistemini yaradıb. Dövlət başçısının bu prinsipial yeni baxışı - analoqu olmayan idarəetmə modeli, İçərişəhərin qorunması üçün yeni stimul verib və bununla yanaşı, yeni yaradılmış idarənin qarşısında qoruğun saxlanılması üçün xüsusi məsuliyyət müəyyən edib. Bundan sonra burada bir canlanma yaranmış, uçmuş və ya uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin yaradılması, yaşayış binalarının təmiri və mühəndis-kommunikasiya qurğularının dəyişdirilməsi, ərazinin abadlaşdırılması istiqamətində işlər görülməyə başlamış və bunun üçün vəsait ayrılmışdır.
Mikayıl Cabbarov bildirir ki, İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası, arxeoloji işlərin aparılması məsələləri müvafiq normativ-hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, qoruq ərazisində yerləşən mədəni, tarixi abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağandır.
Hazırda İçərişəhərin qorunması, tədqiqi və təbliği ilə adıçəkilən qurum məşğuldur. İdarəetmə strukturu təkmil, funksiyalar çoxşaxəlidir. İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibinə daxil olan Mənzil-Kommunal və Təmir Xidməti ərazidəki yaşayış və qeyri-yaşayış fonduna daxil olan tikililərin, yol örtüyünün, mühəndis-kommunikasiya sisteminin təmiri və yenidənqurulmasını, sanitar-təmizlik və yaşıllaşdırma işlərini, mənzil istismar və kommunal xidmətləri həyata keçirir. Elmi-istehsalat bərpa emalatxanası qoruq ərazisindəki tarixi-memarlıq və mədəniyyət abidələrinin bərpasını, təmiri və regenerasiyası işlərinin layihələrinin hazırlanmasını, memarlıq abidələrinin deformasiya və dağılma səbəblərinin diaqnostikasını, tarixilik və memarlıq üslubunun elmi cəhətdən araşdırılmasını, abidələrin bərpası ilə bağlı təcrübənin öyrənilməsini həyata keçirir. Elmi-Mədəni Mərkəz isə ərazidəki tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi ilə məşğuldur. Hazırda qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, bura geniş turist şəbəkəsinin cəlb edilməsi istiqamətində uğurlu addımlar atılır, təklif və proqram layihələri hazırlanır.
YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin çoxəsrlik tarixini əks etdirən milli maddi mədəniyyət abidələrinin toplanıb mühafizə edilməsi, qədim şəhər haqqında biliklərin əhali arasında yayılması və təbliği missiyası "İçərişəhər" tarixi muzeyinin, Şimali Azərbaycanda mövcud olmuş orta əsr feodal dövləti Şirvanşahların tarixini, memarlığını, mədəniyyətini, ticarət əlaqələrini əks etdirən maddi mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliği vəzifəsi isə "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq muzeyinin üzərinə düşür.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirir ki, köhnə şəhərin idarəçiliyi üzrə qəbul olunmuş Menecment Plan, Konservasiya üzrə Master Plan və sosial inkişafını əks etdirən xüsusi sənədin reallaşdırılması zamanı tarixi irsin qorunmasında olduqca zəruri hesab edilən müasir yanaşma texnologiyası diqqətdə saxlanılır. Bu işdə yerli əhali ilə düzgün ünsiyyətin qurulması da mühüm şərtdir. İçərişəhərdə böyümüş yüzlərlə məşhur sənət adamı, ictimai xadim, alim və mühəndis hazırda ölkədə aparılan sosial-iqtisadi və mədəni quruculuq işlərində fəal iştirak edir. Onların nümayəndələrindən ibarət Ağsaqqallar Şurası ilə bu məkanın qorunub saxlanması, gələcək nəsillərə ərməğan edilməsi istiqamətində birgə tədbirlər həyata keçirilməsi yaxşı səmərə verir. İçərişəhərlilər öz yurdlarını sevir, onun qədrini yaxşı bilir və burada aparılan təmir-bərpa işlərini, qədim şəhərin təbliği ilə bağlı həyata keçirilən bütün tədbirləri ürəkdən dəstəkləyirlər. Bu məsələdə dövlət başçısı İlham Əliyevin ortaya qoyduğu iradənin olduqca mühüm rol oynadığını diqqətə çatdıran Mikayıl Cabbarov vurğulayır ki, Prezidentin sərəncamı ilə yeni idarəetmə strukturunun yaradılmasından sonra olduqca gərgin işləmək lazım gəldi. "Sirr deyil ki, vaxtilə burada ayrı-ayrı insanlar, yerli və xarici şirkətlər qədim memarlıq ənənələrinə zidd olan arzuolunmaz yenidənqurma işləri aparmış, hətta yeni binalar tikmişlər. Təbii ki, bütün bunlar fəaliyyətimizdə ciddi maneələr yaradırdı. Geniş izahat işləri aparmalı olduq, insanları başa salmağa çalışdıq ki, İçərişəhər bizim keçmişimiz olmaqla bərabər, gələcəyə aparmaq istədiyimiz əbədiyaşarlıq simvoludur, onun gözəlliyinə, bakirəliyinə tuşlanan hər hansı bədxah niyyətə elliklə "yox" deməliyik. İstəyimizə nail olduq. İndi ürəklə, arxayınlıqla deyə bilərik ki, İçərişəhərdə qanunsuz tikintilərlə bağlı söhbət belə gedə bilməz. Köhnə şəhər o qədər də böyük ərazi deyil ki, kiminsə gözündən nə isə yayınsın. İndi içərişəhərlilər dəqiq bilirlər ki, nə vaxt, hansı küçədə hansı işlər görüləcək. Onların arzu və təklifləri, müraciətləri ciddi nəzarətdədir və mənzillərinin, həyətlərinin, ümumiyyətlə, İçərişəhərin bərpası, gözəlliyi, buradakı tarixi-memarlıq ənənələrinin göz bəbəyi kimi qorunması bu adamların da maraq dairəsindədir".
Tarixi şəhər kimi İçərişəhərin özünün administrasiyasının yaradılması bu qəbildən dünyada ilk təşəbbüsdür və bu sahədə atılan addım məhz ölkə Prezidenti cənab İlham Əliyevə məxsus bir işdir. Bu fikri də Mikayıl Cabbarov xüsusi vurğulayır. Bildirir ki, YUNESKO-nun Dünya İrs Mərkəzinin ekspertləri bu təşəbbüsü uğurlu bir nümunə kimi qəbul etmişlər. Təsadüfi deyil ki, Bakı təcrübəsinin London, Krakov, Amsterdam şəhərlərində keçirilən konfrans və tədbirlər zamanı YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan digər tarixi şəhərlərdə də tətbiqi tövsiyə olunmuşdur. Qoruq idarəsi XI əsrə aid Məhəmməd məscidinin, Ramazanovların evinin, Vaqif Mustafazadənin yaşadığı binanın, Kiçik karvansaranın, Kiçik qala küçəsinin, qala divarlarının, Aşur, Molla Əhməd və Seyid Murtuza məscidlərinin təmirini yüksək keyfiyyətlə başa çatdırmışdır. Qız qalasının baxış meydançasında şəffaf şüşə konstruksiyalar quraşdırılmış, ərazidə gecə-gündüz müşahidə aparmaq üçün veb-kameralar qoyulmuş, qoruğun elektron kadastr xəritəsi hazırlanmışdır. Bundan əlavə, küçə və meydanlarda retro stilində fənərlər quraşdırılmış, parkinq üçün əlavə dayanacaqlar yaradılmış, genişmiqyaslı yaşıllıq işləri görülmüşdür. "Təmiz Şəhər" ASC ilə əməkdaşlıq yaxşı fayda verir. İndi məişət tullantılarının daşınmasında, küçələrin təmiz, səliqəli saxlanmasında heç bir problem yoxdur. 2010-cu ildə 167 mənzil cari təmir üçün növbəyə götürülmüş, 117 evdə bu iş başa çatdırılmışdır. Bir sıra ünvanlarda drenaj sistemi quraşdırılmışdır. Bakının tarixi və islam dövrü dini memarlıq abidələri haqqında kitabların, numizmatika üzrə kitab materiallarının hazırlanması, "İçərişəhərin simaları" sərgisinin keçirilməsi, Şirvanşahlar sarayı fondlarının inventarlaşdırılması, muzeylərin vahid elektron bazasının yaradılması, yeni ekskursiya mətnlərinin hazırlanması da ötən il həyata keçirilən tədbirlər sırasındadır.
İçərişəhərdə fəaliyyət göstərən muzey və qalereyalar, burada məskunlaşan səfirliklər və xarici şirkətlər, restoranlar, mağazalar və digər biznes strukturları ilə əlaqələr və əməkdaşlıq yalnız bir məcrada, müəyyən olunmuş prinsiplərə əsaslanan müstəvidə davam etdirilir - hər şey bu məkanın qədimliyinin, özgürlüyünün qorunub saxlanmasına, tarixi-memarlıq abidələrinin mühafizəsinə, tanınmasına və tanıdılmasına hesablanmalıdır. Bu qurumlar artıq İçərişəhərin bir tərkib hissəsinə çevrilib, necə deyərlər, qaynayıb qarışıblar. Onların fəaliyyəti bu şəhəri açıq səma altında muzeylikdən çıxarır, həmişə nəfəs alan, yaşayan canlı orqanizmə çevirir. Muzeylər, restoranlar, mağazalar gün ərzində işləyir və heç bir qonaq, yaxud müştəri üçün axşamı gözləmək lazım gəlmir. Burada fəaliyyət göstərən qurumların əməkdaşları, səfirliklərə və şirkətlərə işi düşən insanlar günün bütün vaxtlarında adını çəkdiyimiz və çəkmədiyimiz istirahət və mədəniyyət obyektlərinin həmişə arzuolunan qonaqlarına çevrilirlər. Dünyanın müxtəlif yerlərindən Bakıya üz tutan turistləri isə burada əziz qonaq kimi qarşılayıb, dost təki yola salırlar.
İçərişəhəri böyük şəhərlə Qız qalasının yanından, Qoşa qala qapısından və Metropolitenin "İçərişəhər" stansiyasının arxasından keçən yollar birləşdirir və ayırır. Yaşı yüz əsrlərlə ölçülən bu qədim məkana yönələn maraq - marşrutların məsafəsi isə, bəlkə də, dünya meridianlarına bərabərdir. Biz də okeanın o tayında, Avropada, Asiyada, uzaq Avstraliyada İçərişəhəri tanıtmaq, yalnız ekzotika vurğunlarını yox, həm də tariximizə, etnoqrafiyamıza, milli-mənəvi dəyərlərimizə, məişətimizə və mətbəximizə bələd olmaq istəyənləri bu qədim məkanda görmək arzusu ilə ayrılırıq İçərişəhərdən!
Akif CABBARLI
Azərbaycan.- 2011.-17 aprel.- S. 5.