İşğalda qalan sərvətimiz

 

18 aprel Abidələrin Beynəlxalq Mühafizə Günüdür

 

Ötən əsrin 20-ci illərində ermənilər Azərbaycana məxsus 15 qədim mahalın hesabına özlərinə qurama dövlət düzəltsələr də, "böyük Ermənistan" mərəzi sağalmaq bilmədi. Ermənilərin Cənubi Qafqazda, o cümlədən qədim Oğuz yurdunda - indiki Ermənistan ərazisindəki tarixi türk-xristian abidələrinə sahib çıxması da məhz XIX əsrdə geniş vüsət aldı.

Akademik Ramiz Mehdiyev "Gorus-2010: absurd teatr mövsümü" adlı kitabında yazır: "Azərbaycanın xristian abidələri erməni ruhanilərinin və onlarla bağlı elmin saxtalaşdırma obyekti olmuşdur. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Bu siyasətin bir hissəsi alban əlyazmalarının epiqrafikasının məhv edilməsi olmuşdur. XI əsrədək erməni epiqrafikası yoxdur (əgər müasir daşyonanlar işğal olunmuş ərazilərdə yeni "qədim" erməni yazıları oymağa macal tapmamışlarsa)".

Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu müxtəlif basqınların, müharibələrin nəticəsində, eləcə də zaman-zaman bu yerlərə köçürülən, tarixi torpaqlarımıza sahiblik edən ermənilər tərəfindən dağıdılsa da, bir hissəsi də erməniləşdirilərək mənimsənildi. Amma bir fakt da var ki, daşlara yazılmış tarixi, yaddaşı pozmaq və ya dəyişmək heç də həmişə yadellilərə nəsib olmamışdır. Doğrudur, ermənilər özününküləşdirə bilmədikləri türk abidələrini yerlə-yeksan edir, izini itirməyə çalışırdılar. Bütünlüklə Ermənistanda abidələrə qarşı səlib yürüşü elə sovet hakimiyyəti illərində də həyata keçirildi. Sürətlə addəyişmə başladı. Hələ sovet dövründə Ermənistan adlanan qədim Oğuz yurdunda azəri türklərinə məxsus toponimlər dəyişdirildi. Yüzlərlə şəhər, kənd, qəsəbə, dağ, çay, dərə, bulaq və tarixi abidələrin adları erməniləşdirildi. Toponimin özü də millətin mənəvi abidəsidir. Akademik Ramiz Mehdiyev adıçəkilən kitabda yazır: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur".

1832-ci ildə rus məmuru İ.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Qala məscidi, Şah Abbas məscidi, Zal Xan məscidi, Novruzəli bəy məscidi, Hüseynəli Xan məscidi, Sərtib Xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Səfər məscidi və daha dörd məscidin xarabalıqları. İndi nə o məscidlər var, nə də İrəvan adlı o qədim türk şəhərində yaşayan soydaşlarımız. Vaxtilə müsəlman Şərqində "məscid və minaralər" şəhəri kimi məşhurlaşan İrəvanda bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə fars məbədi kimi təqdim edirlər.

Uzun illər fasiləsiz olaraq hücumlara mətanətlə sinə gərən məşhur İrəvan qalasının da bu gün izi-tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar Sarayı, onun şəkillərdə gördüyümüz Güzgülü salonu artıq bir nağıldır.

Təəssüf ki, insan bəzən başına hansı faciənin gələcəyini əvvəlcədən bilmir, yaxud da başına gələnlərdən nəticə çıxarmır. 1905-1915, 1918-1920, 1948-1953-cü, 1988-ci illərdə ermənilərin türklərə qarşı həyata keçirdiyi deportasiya və soyqırımı nəticəsində qədim Oğuz yurdunda neçə-neçə maddi mədəniyyət abidəmiz işğal altında qaldı. Təəssüf ki, sovet hakimiyyəti illərində bu abidələrin siyahısı tutulmamış, çoxunun şəkili çəkilməmiş, Azərbaycan memarlığının parlaq səhifələrindən biri olan bu bölgənin maddi mədəniyyət nümunələri barədə sanballı araşdırmalar aparılmamışdır. Yalnız ayrı-ayrı tarixçilərin, səyyahların qələmə aldığı tədqiqatlarda, tarixi qaynaqlarda, eləcə də şəxsi kitabxanalarda və bir də arxivlərdə işğalda qalmış, yox edilmiş, təmayülü və adı dəyişdirilmiş abidələr haqqında müəyyən məlumat almaq mümkündür.

İrəvan şəhəri Cənubi Qafqazın və Yaxın Şərqin mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu sayda karvansara var idi. Qaynaqlarda göstərilir ki, 1829-1832-ci illərdə şəhərdə aşağıdakı karvansaralar olub: Gürcü, Culfa, Zöhrab, Xan, Tahir, Sulu, Susuz, Hacı Əli, Ovşar və s.

İndiki Ermənistan qədim türk-Oğuz yurdu olduğu kimi, ərazidəki saysız-hesabsız qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da dediklərimizi təsdiq edir.

Vaxtilə bu yerlərdə olan tarixçilər - Ə.Ələkbərov, Z.Bünyadov, M.Nemətova abidələr haqqında geniş araşdırma apararaq onları dünya epiqrafiya elminin dəyərli nümunələri kimi səciyyələndirmişlər. Xüsusilə də qəbir daşlarının üzərindəki yazıları oxuyaraq qədim insanın, ulu babalarımızın həyat tərzi, məişəti haqqında dəyərli məlumatlar vermişlər. Məhz onların axtarışları nəticəsində qədim türklərə məxsus elə qayaüstü təsvirlər üzə çıxarılmışdır ki, bunların Qobustan və Gəmiqaya təsvirləri ilə əlaqəsi şərh edilmişdir. Xüsusilə də Zəngəzur bölgəsi abidələrlə zəngin bir ərazi hesab edilib. Mahalın Qarakilsə rayonu ərazisində eramızdan əvvəl ikinci minilliyə aid bir tikilinin qalıqları son illərə qədər qalırdı. Şaquli vəziyyətdə cərgə ilə düzülmüş bu daşlar Neolit dövrünün yadigarı idi. Ədəbiyyata Qoşundaş adı ilə düşən bu qədim abidəni sonralar ermənilər sətri tərcümə edərək öz kitablarında Zorakarer kimi siyahıya alıblar.

Zəngəzurun məşhur yaşayış məskəni olan Urud kəndi (sonradan Voratan) abidələrlə çox zəngin idi. Burada Babək qalası, kurqanlar, qədim körpü, eləcə də müxtəlif qəbirüstü abidələr, məbədlərin xarabalıqları vardı. Hündür, sıldırımlı qayanın zirvəsində yerləşən qala üç tərəfdən divarla əhatələnmişdi. Qalanın zirvəsindən çaya gizli yol vardı. Qalanın aşağı hissəsində təxminən iki kilometrə yaxın bir ərazidə dağılmış evlərin xarabalıqları görünürdü. Bu qala tarixi mənbələrdə müxtəlif adlarla qeyd edilib. Sonuncu dəfə Babəkin ordusu burada döyüşdüyündən yerli əhali onu elə Babək qalası adlandırmışdılar.

Qarakilsənin (Sisian) Ağdü kəndindəki qəbirüstü abidə öz nəhəngliyi və milli ornamentləri ilə diqqət çəkirdi. Sonralar ermənilər VII yüzillikdə tikilmiş 9 metr hündürlüyündə olan bu abidənin sütunlarına xaç şəkilləri oydular. Halbuki Ağdü kəndi qədimdən türk-oğuz boylarının beşiyi idi. Ermənilər bu kəndə ancaq 1988-ci ilin soyqırımından sonra köçdülər.

Zəngəzur mahalının Gorus rayonunun Tatev kəndində böyük bir ərazini əhatə edən məbəd vardı. El arasında bu məbədə tat ev və ya "böyük ev" deyirdilər. "Tat" sözünü el arasında bu ərazidə oturaq həyat keçirən türklərə aid edərdilər. IX-X əsrdə yaşamış memar babalarımızın daş yaddaşı olan bu abidə də əslində alban-türk xristian məbədi idi.

Zəngi çayının sahilində İrəvan şəhərinin yaxınlığındakı Qırmızıtəpədə böyük bir türk qalasının xarabalıqları da son illərə kimi qalırdı. Narınqala adlanan bu qala 150 otaqdan ibarət saray kompleksi olub. Müxtəlif olaylar və çəkişmələr zamanı dağıdılıb. Hətta tarixçilər yazırlar ki, İrəvan şəhəri Rusiya tərəfindən işğal edilənə kimi bura İrəvan xanlığının mərkəzi imiş.

Göyçə mahalının Göyçə gölü sahilində Kolagirən qalasının xarabalıqlarındakı qayaların üzərində mixi yazılar aşkar edilmişdi. Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bu qalanın ətrafında tarix boyu türk-oğuz boyları yaşayıblar. Qala VII yüzilliyin yadigarı idi.

Gərnibasar mahalının (sonradan Abovyan) dağlıq hissəsində qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı. I yüzilliyin yadigarı olan Gərni məbədi sonralar bərpa olunmuşdu. Dördkünc formada olan bu əzəmətli saray-məbəd əsrarəngiz bir sənət nümunəsi idi. XVII əsrdə zəlzələ zamanı dağıldıqdan sonra ötən əsrin 60-70-ci illərində bərpa edilmişdi. Ermənilər bu qalaya sahib çıxsa da, tarixi həqiqət başqa söz deyir. Müxtəlif müharibələrin, olayların, zəlzələlərin nəticəsində dağılan və yenidən qurulan Gərni məbədi türk memarlarının təfəkkürü və əli ilə yaradılmışdı.

Üçkilsə rayonu (Eçmiədzin) ərazisində möhtəşəm bir alban abidəsi vardı. Hətta bu yerlərdən keçmiş səyyahlar da öz yazılarında bu məbədin adını çəkiblər. Maraqlıdır ki, abidə bütün yazılarda Üçkilsə adlanırdı. Yalnız 1945-ci ildə ermənilər hər iki Üçkilsəni Eçmiədzin etdilər. Bu gün də fəaliyyət göstərən və ermənilərin dini mərkəzi adlanan, əslində terror yuvasına çevrilən bu tarixi məkan arman-türk hökmdarı Tiridat tərəfindən IV yüzillikdə tikilmişdi. Xeyirxah bir niyyətlə inşa edilən bu məbəd yüzillər boyu xristian arman-türk xalqına xidmət etmişdir. Təəssüf ki, indi bu məbəddə qanlı planlar qurulur, ölüm qoxulu sənədlər hazırlanır.

Üçkilsənin ərazisində - İrəvan yolunun üstündə maraqlı bir məbəd aşkar edilmişdi. Göy Mələkləri məbədi adlanan bu qədim arxeoloji tapıntıda daşların üzərində mixi yazılar vardı. Sonralar ermənilər bu qədim türk məbədini dünyaya Zvartnos adı ilə təqdim etdilər. Halbuki 1901-1907-ci illərdə arxeoloqlar tərəfindən aşkar edilmiş məbədin xarabalıqları və onun yanında tikilmiş saray da sübut edirdi ki, hər iki tikili qədim türk mədəniyyətinin nümunəsidir.

Qəmərlinin (Artaşat) Dvin kəndində nəhəng bir sarayın və məbədin qalıqları aşkar edilmişdi. Əslində atəşpərəstlik dövründən yadigar olan bu abidələr də babalarımızın böyük məharətlə qurduğu maddi mədəniyyət abidələrindən biri idi. İndi kim bilir, bu maddi sərvətimiz yerində durur, yoxsa tamamilə sıradan çıxarılıb?

Əştərək rayonunun (Yeğvard) ərazisində VII yüzilliyin yadigarı olan Qarqavəng türk məbədi əsrlərə sinə gərmişdi. Qarqar türklərinin tikdiyi bu məbədin adını sonralar həmin əraziyə gəlmiş ermənilər dəyişdirərək Zoravar qoydular. Bu rayonda diqqətçəkən abidələrdən biri də "Ana qalası" adlanır. XI yüzillikdə inşa edilmiş bu qala Alagöz dağının ətəyində, Arxaşan çayı kənarında yerləşirdi. Əslində görünüşünə görə qəsr və məbəd təsiri bağışlayan Anaqala (bəzən Başqala da deyirdilər) eynən Gədəbəy rayonundakı Qız qalasına bənzəyir. Bəllidir ki, dünyada 18 Qız qalası mövcuddur. Onun 13-ü Azərbaycanda yerləşir. Maraqlıdır ki, eyni memarlıq məktəbinin nümunəsi olan Anaqala sanki bu mövcud qalaların anasıdır. Təəssüf ki, türk-oğuz boylarının ana yurdu olan bu ərazilərə gələn ermənilər onun da adını dəyişdirdilər.

Əştərəkin Talış kəndində (Aruç) VII yüzilliyin yadigarı olan bir məbədin qalıqları da dururdu. Bu yerlər də yalnız türk-oğuz boylarının ana yurdu olub.

Alagöz dağının döşündə alban-türk xristian məbədi var idi. Onun hündur sütunlarının birində türksoylu hökmdarın adı qeyd edilmişdir. Zəlzələ zamanı dağılmış bu məbədi 1947-ci ildə bədnam qonşularımız "bərpa" adı ilə ona erməni elementləri vurdular.

Duzkənd (Axuryan) rayonunda Arpa çayının sahilində böyük bir ərazidə Qanlıca adlı bir məbəd vardı. Məbədin divarlarındakı yazılardan bəlli olurdu ki, bu tarixi abidə 988-ci ildə böyük sərkərdə Bəhram tərəfindən tikilməyə başlayıb və 1029-cu ildə tamamlanıb. Bu məbədin tikintisində bünövrə daşının qoyulması Bəhramın adı ilə bağlansa da, sonrakı illərdə onun qardaşları, övladları bu məbədi başa çatdırıblar. Hətta 1225-ci ildə çox nəfis şəkildə təmir də ediblər. Məbədin adının Qanlıca olması da türk etnonimindən gəlir. Qanlıcanın yerləşdiyi əraziyə isə ermənilər XIX əsrin əvvəllərində köçmüşdülər.

Dərəçiçək mahalında (Tsaxkadsor) yenə də türk memarlığının yadigarı olan Keçarus türk məbədi vardı. Ermənilər tərəfindən dəfələrlə "bərpa" edilərək erməniləşdirilən bu məbəd də bir vaxtlar bizim idi...

Karvansaray rayonunun (İcevan) Dilican şəhərində dağlar qoynundakı alban-türk məbədi isə zümrüd meşələrin qoynunda bir gözəllik sərgisi idi. Təəssüf ki, bu maddi mədəniyyət sərvətimiz də işğal altındadır. Dilican yaxınlığında yerləşən Qoş kəndində alban-türk məbədi XII-XIII yüzillərin yadigarı idi. Bəzi qaynaqlarda abidənin "Alban salnaməsi"nin müəllifi Muxtar Qoş tərəfindən tikildiyi göstərilirdi. Elə məbəd də Qoş adlanırdı. Lakin sovet dönəmində ermənilər bu məbədin də adını dəyişib Nor Çetik qoydular.

Şörəyel mahalındakı Qıpçaq məbədi də bir özgə aləm idi. 1201-ci ildə inşa olunan müxtəlif tikililərdən, günbəzli zaldan ibarət olan bu məbədin də adını 1946-cı ildə ermənilər dəyişdirərək Aricavəng qoydular. Adından da göründüyü kimi, Qıpçaq məbədi türklərə məxsus olub. Hətta soydaşlarımız ona "Qıpçaq ocağı" da deyirdilər.

Dərələyəz mahalında (Yeğeqnadzor) Oğuz türklərinin yadigarı olan Ərgəz pirini ötən əsrin ortalarında ermənilər "bərpa" edərək görkəmini başqa şəklə saldılar. Mahalın başqa bir ərazisində tikilmiş Əxi Təvəkkül zaviyəsinin xarabalıqları qalırdı. Zaviyənin girəcəyində üç varlığın - Yerin, Ayın, Günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi olan 12 xətt və bu mahalda yaşayan türk tayfalarının sayını bildirən 8 guşəli ulduzlar həkk olunmuş daş lövhə (hündürlüyü 3 metrə yaxın, eni 2 metr) ermənilər tərəfindən sonradan tamamilə dəyişdirildi. Hər yerə xaç şəkli düzüldü. Halbuki daş piltənin üzərində ərəb dilində qəbirüstü abidənin Əxi Təvəkkülə məxsus olduğu bildirilirdi.

Dərələyəz mahalında türk memarlıq məktəbinin yadigarları olan abidələr lap çox idi. Onların əksəriyyətinin xarabalıqları qalmışdı. Bəziləri "bərpa" edilərək erməniləşdirildi.

Qədim Oğuz yurdunda - indiki Ermənistanda görünüşü ilə seçilən, davamlılığı ilə əsrlərə sinə gərərək bugünümüzə qədər gəlib çatmış müxtəlif körpülər vardı. İndi də bu körpülərdən istifadə edilir. Amma əsl sahibləri yox, sonradan bu ərazilərə köçürülən ermənilər tərəfindən.

Allahverdi rayonunda (Tumanyan) Tona çayının üzərində 1234-cü ildə bir tağlı daş körpü tikilmişdi. Körpü o qədər gözəl inşa edilmişdi ki, sadəcə keçid rolunu oynamırdı, tarixi bir abidə idi. Eləcə də Dərələyəzdəki Alıxan körpüsünün xarabalıqları da günümüzə qədər gəlib çatmışdı. Bir aşırımlı daş körpü vaxtilə çayın hər iki sahilini birləşdirirdi. Tədqiqatlara görə, körpünü Elxani hökmdarı Süleyman xan tikdiribmiş. Bu mahalda Həsənkənd körpüsü də bugünədək qalmaqdadır. Su səthindən 3,5 metr yüksəklikdə yerləşən bu daş körpünün ümumi uzunluğu 12 metr idi.

Qarakilsə rayonunun (Sisian) Dərəbaş kəndində Arzuman körpüsü orta əsrlərin yadigarı idi. Qədim türk kəndi Urudda Bədir qayası ilə Babək qalasının arasından keçən Bazarçayın üzərində tikilən bir tağlı körpü XVIII əsrin yadigarı idi. Ermənilər bu kəndə də 1988-ci ildə ayaq basdılar. Əştərəkdəki Qazax çayı üzərində XVII əsrdə tikilmiş üç tağlı daş körpü də türk ustalarının sənət əsəri idi. İrəvan şəhərindəki iki tağlı körpü də VII əsrdə tikilmişdi. Eləcə də bu şəhərdə Zəngi çayının qolu üzərində tikilən bir tağlı Gedər körpüsü 1664-cü ildə inşa edilmişdir. İrəvan həm də körpülər şəhəri idi. Dəmirbulaq körpüsünün də özgə gözəlliyi vardı. Həm də bu körpünün yaxınlığında eyniadlı məhəllə və məscid olmuşdur.

Ümumiyyətlə, indiki Ermənistan ərazisində bədnam qonşularımız tərəfindən erməniləşdirilmiş abidələr və məbədlər çoxdur. Bəzən onların adlarını çəkmək belə istəmirsən. Çünki hərdən fikirləşirsən ki, ömrü boyu saxtalıqla, oğurluqla, əyriliklə məşğul olan quldur ermənilər o müqəddəs ünvanların təkcə adlarını özlərinə bağlamayıblar ki? Havasını, ətrini, rəngini dəyişiblər, gözəlliyini pozublar. 1988-ci ildə həyata keçirilən deportasiya zamanı qədim yurd yerlərimiz olan indiki Ermənistanda 120 tarixi abidə dağıdıldı, 230 məscid, pir, ocaq və məbədlər yox edildi, 670 qəbiristanlıq (bu qədim axirət dünyası da abidələrlə zəngin idi) şumlanaraq düzləndi.

Həmişə aprelin 18-də dünya abidələrin mühafizə gününü qeyd edir. Əhəmiyyətinə görə, dünya mədəniyyətinin incisinə çevrilən neçə-neçə qədim abidəmiz isə erməni işğalında qalmaqdadır. Məgər abidələrin mühafizəsi ilə məşğul olan beynəlxalq qurumlar bunu bilmirmi? Yurd-yuvamız işğal ediləndə o yerlərin halal sahibləri min bir işgəncə ilə qovulanda özləri ilə nə torpaq apardılar, nə də abidələri. Ən böyük abidə isə elə doğma torpaqdı. Çünki orada olumdan ölümə qədər uzanan neçə nəslin ömür yolu yatır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-17 aprel.- S. 6.