Vətənpərvərlik bizə daha çox lazımdır

 

Ölkəmizin uğurları, ilk növbədə, ordunun, əsgərin əhval-ruhiyyəsində, onun maddi-texniki təchizatının güclənməsində, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında özünü göstərir. Bu, belə də olmalıdır. Çünki Milli Ordunun qarşısında duran mühüm vəzifə məhz qaçqın və məcburi köçkünlərin ən vacib hüququ olan doğma torpaqlarında rahat, basqısız yaşamaq haqqını bərpa etmək və onu daima göz bəbəyi kimi qorumaqdır.

 

Hələ 1918-ci ildə dahi Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetində daşnak Andranikin vəhşilikləri barədə yazmışdı: "Biz hər bir halda özümüzü qorumalıyıq və hüdudumuzu elə bir möhkəm vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanları müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin".

Azərbaycana güclü-qüvvətli ordu, bu gün həmişəkindən daha çox lazımdır. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc, danışıqlar yolu ilə tənzimlənməsi prosesi süni şəkildə uzadıldıqca güclü orduya, vətənpərvər cəmiyyətə, sağlam gəncliyə olan inam, ehtiyac hissi daha aktual məna kəsb edir. Azərbaycan Prezidenti məhz xalqımızın bu böyük ehtiyaclarından, arzularından yaranan, gündən-günə möhkəmlənən, inkişaf edən ordumuzun qarşısında duran vəzifələrdən danışarkən dəfələrlə bəyan etmişdir: "Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların tələblərinə riayət etmir, Azərbaycan xalqının səbri tükənməz deyildir. Biz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyik".

Prezidentin gücünə-qüvvəsinə əmin olduğu Milli Ordumuzun sıralarında bu amalla yaşayan gənclər xidmət edir. Gənclərimizin yüksək vətənpərvərlik ruhu və şəhid övladlarımızın qəhrəmanlıq, şücaət nümunələri ilə zəngindir. Mübariz İbrahimov və Fərid Əhmədov kimi hərbçilərin ön cəbhədə erməni işğalçılara verdiyi dərs Azərbaycan gəncliyini nə qədər ruhlandırmışdısa, qarşı tərəfi bir o qədər məyus edib. Ermənilər belə bir zərbəni, belə bir həmləni gözləmirdi. Uzun müddət düşmən əlində qalsa da, qəhrəmanların nəşi geri alındı, onlar igidlərə xas təntənə ilə paytaxtda Şəhidlər xiyabanında dəfn edildilər. Ölkənin ən ali fəxri adlarına layiq görüldülər. Bugünün özündə də həm onların uyuduğu məzar, həm də doğulub boya-başa catdıqları ev, oxuduqları məktəb minlərlə gəncin, yeniyetmənin ziyarət yeridir.

Ordumuzun texnika, silah-sursat baxımından təchizatının gücləndirilməsi də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin daimi diqqətindədir. Bu gün hərbi hissələrimiz ən müasir silahlara və döyüş texnikasına malikdir. Ən təqdirəlayiq olan isə əsgərlərimizin əlindəki silahın bir çoxunun özümüzdə - Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmasıdır. Bu isə o deməkdir ki, Azərbaycan əsgərinin əlindəki silah heç vaxt titrəyə bilməz, onun hədəfindən heç kim və heç nə yayına biməz.

Ölkəmizdə ildən-ilə artan hərbi xərclər Ermənistana çox həqiqəti qandırmaqdadır: artıq bu xərclər 2 milyard 150 milyon dollar səviyyəsinə qaldırılıb. Bu isə bütövlükdə Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur.

Bayraq Gününün bayram kimi qeyd olunması da dövlətə və onun rəmzlərinə olan sevgini, məhəbbəti daha da artırdı. And yerimiz olan bu müqəddəs bayrağın altından keçərək bir vaxt babalarımızın keçdiyi yolla indi vətənpərvər oğullarımız addımlamaqdadırlar. Məqsəd isə birdir: işğal olunmuş ərazilərimizi azad edərək həmin ərazilərdə dövlətimizin suveren hüquqlarını bərpa etmək, bir sözlə, bayrağımızın o doğma torpaqlarda əbədi dalğalanmasına nail olmaqdır.

Bu, xalqımızın ən böyük arzusudur. Prezidentimiz də əvvəlki illərdən daha inamla, daha qətiyyətlə dedi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq işğal olunmuş torpaqlarımızda qaldırılmalıdır və qaldırılacaqdır. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaqdır."

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 17 aprel.- S. 6.