Bakı-Supsa kəməri ahəngdar
işləyir
"Azəri-Çıraq-Günəşli"
neftinin bir hissəsi 12 ildir bu marşrutla daşınır
"Əsrin müqaviləsi" çərçivəsində qurulmuş möhtəşəm infrastruktur sırasında Qərb İxrac Boru Kəmərinin (QİBK) öz yeri və əhəmiyyəti var. Hazırda dünyanın ən böyük terminallarından sayılan və regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalının ilk "sakin"lərindən biri də məhz QİBK-dır. Bakıdan 45 kilometr cənubda yerləşən bu məkanda indi o, tək deyil. Bir neçə neft və qaz kəməri dünyaya yolunu buradan başlayır.
Qısaca olaraq Bakı-Supsa kəməri adlandırdığımız QİBK Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan neftin bir hissəsini dünya bazarına daşıyan boru xəttidir. Bakı-Supsa kəmərinin istifadəyə verilməsi "Əsrin müqaviləsi" imzalandıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri idi. Çünki İlkin Neft Layihəsi çərçivəsində "Çıraq" yatağından çıxarılacaq nefti ixrac etmək onun üzərinə düşürdü. "Çıraq" platformasından neft 1997-ci ilin noyabr ayında alındı. 1999-cu il aprelin 17-də isə Qərb İxrac Boru Kəməri istifadəyə verildi.
On iki il əvvəl QİBK ilə yanaşı, Qara dənizin sahilindəki yerüstü Supsa terminalı, eləcə də Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin də açılışı oldu. Bu münasibətlə qonşu Gürcüstan Respublikasında təntənəli mərasimlər keçirildi. Tədbirlərdə ümummilli lider Heydər Əliyev, Gürcüstanın və Ukraynanın dövlət başçıları iştirak edirdilər. Ulu öndər Heydər Əliyev Qərb İxrac Boru Kəmərinin istifadəyə verilməsinin mühüm əhəmiyyətini vurğulayaraq demişdi: "Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur".
QİBK həqiqətən də möhtəşəm kəmərdir. O, Azərbaycanın və Gürcüstanın bir çox bölgələrinin ərazisindən keçir. Belə ki, kəmərin Xəzərin sahilindən başlanan marşrutu dağlardan, dərələrdən, çaylardan adlayaraq Qara dənizdəki Supsa limanına çatır. Boru xəttinin uzunluğu 829 kilometr, diametri 530 millimetr, gündəlik neftötürmə gücü 160 min bareldir. Kəmərin həm ölkəmizdə, həm də Gürcüstanda üç nasos stansiyası var.
QİBK-nın saz vəziyyətdə olması və təhlükəsiz fəaliyyət göstərməsi həmişə diqqət mərkəzindədir. 2006-cı ilin payızında boru xəttinin təmirinə ehtiyac yaranmışdı. O zaman "Çıraq" platformasında əvvəlcədən planlaşdırılmış dayandırma həyata keçirilirdi. Bu zaman təbii ki, QİBK-nın də fəaliyyətinə fasilə verildi. Elə bunun nəticəsində də məlum oldu ki, kəmərin bəzi hissələri təmir edilməlidir. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin fevralına qədər kəmərin 60 kilometrlik hissəsində təxminən 200 qazıntı işi aparıldı. Bu, hər 300 metrdə qazıntı aparılması və borunun təmir edilməsi demək idi. Kəmərin Kür çayı ilə kəsişdiyi yerdə olan hissəsi də təmir olundu. 2008-ci ilin may ayında QİBK Azərbaycanda yenidən neftlə doldurulmağa başladı. Avqustun 1-də Supsadakı son hissə də sazlanıb qurtardı və bir gün sonra kəmər işə salındı. Lakin o dövrdə Gürcüstanda baş verən münaqişəli hadisələr kəmərin bir müddət fəaliyyətsiz qalmasına səbəb oldu. 2008-ci il noyabrın əvvəlində kəmərlə yenidən fasiləsiz olaraq neft axmağa başladı.
Hazırda Bakı-Supsa xətti ahəngdar və maneəsiz işləyir. Keçən il Səngəçal terminalından ixrac olunan 324,4 milyon barel neft dünya bazarlarına Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri, Bakı-Supsa marşrutu və dəmiryolu vasitəsilə çatdırılıb. Bu neftin 29,6 milyon barelini Bakı-Supsa kəməri ixrac edib.
Bu gün Azərbaycanın neft və qaz ixracı ilə bağlı heç bir problemi yoxdur. Hətta ölkəmizin öz karbohidrogenlərinin dünya bazarına nəqli üçün diversifikasiya imkanları getdikcə genişlənir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin 17 il əvvəl imzaladığı "Əsrin müqaviləsi"nin və sonrakı dövrdə görülən məqsədyönlü, möhtəşəm işlərin nəticəsidir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün istehlakçı ölkələr enerji resursları təchizatının şaxələndirilməsi haqqında düşünürlər. Biz bunu təmin etmişik. Bizim yeddi neft-qaz kəmərimiz var. Üçü neft kəməri, dördü qaz kəməridir. Biz istənilən istiqamətdə həm nefti, həm də qazı ötürə bilərik və bunu edirik. Bütün yeddi kəmər işlək vəziyyətdədir. Biz istənilən istiqamətdən istifadə edə bilərik".
Bu, həm də QİBK-ya
aiddir. "Azəri-Çıraq-Günəşli"
neftinin bir hissəsini dünya bazarlarına aparan və 12 ildir
üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirən kəmərə...
Flora SADIQLI
Azərbaycan.- 2011.-17 aprel.- S. 7.