Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli qonaqlar, əziz dostlar!
Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Cənab Prezident, Sizin səfəriniz böyük əhəmiyyət daşıyır. Əminəm ki, səfərin çox uğurlu nəticələri olacaqdır. Səfərdən sonra Rumıniya-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Əlaqələrimizin çox böyük tarixi vardır və çox gözəl gələcəyi olacaqdır. Çünki bütün sahələrdə aramızda əlaqələr dostluq və səmimiyyət üzərində qurulubdur. Biz siyasi sahədə tərəfdaşıq və bu gün imzalanmış sənəd bir də onu göstərir ki, aramızda sözün əsl mənasında, strateji tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər gələcəkdə bütün sahələrdə bütün istiqamətlər üzrə güclü inkişafa təkan verəcəkdir. Bizim Sizinlə siyasi sahədə görüşlərimiz də mütəmadi xarakter daşıyır. Biz tez-tez görüşürük - həm Rumıniyada, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bir sözlə, bizim aramızda siyasi dialoq çox güclüdür. Bu, imkan verir ki, siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərsin.
Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır. Enerji sahəsində əməkdaşlıq inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac edilir. Azərbaycanın Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir. Qaz sahəsində də uğurlu əməkdaşlıq üçün gözəl şərait mövcuddur. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" üzrə bəyannamə imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, bu bəyannamə əsasında, o cümlədən Azərbaycan resursları hesabına ödəniləcəkdir. Azərbaycanın zəngin qaz ehtiyatları vardır və bu resurslar müxtəlif yollarla dünya bazarına çıxarılır. Rumıniya-Azərbaycan əlaqələri bu baxımdan müstəsna xarakter daşıyır. Çünki Rumıniya həm Nabukko layihəsinin fəal üzvüdür, eyni zamanda, AGRİ layihəsinin də təşəbbüskarıdır.
Sizin təşəbbüsünüzlə AGRİ layihəsinə start verilmişdir. Keçən ilin sentyabr ayında Bakıda Sizin iştirakınızla keçirilmiş AGRİ üzrə zirvə görüşü konkret nəticə vermişdir. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün konkret işlər görülür.
Mən ümid edirəm ki, Rumıniya-Azərbaycan əlaqələri Azərbaycan-Avropa əlaqələrinə də güclü təsir göstərəcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında hazırda "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq qurulmuşdur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın gözəl perspektivləri vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün gözəl şərait vardır. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurulur və qurulmalıdır.
Ölkələrimiz arasında əlaqələr təkcə iqtisadi, enerji və siyasi sahələrlə kifayətlənmir. Humanitar sahədə yaxşı əməkdaşlıq nümunələri vardır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi Buxarestdə ucaldılmışdır. Rumıniyanın görkəmli bəstəkarı Corce Eneskunun abidəsi Bakıda ucaldılmışdır. Biz Sizinlə bərabər bu tədbirlərdə iştirak etmişdik. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Bir sözlə, münasibətlərimiz, əlaqələrimiz çoxşaxəlidir, hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin inkişafı üçün hər iki tərəfdə güclü siyasi iradə mövcuddur.
Mən əminəm ki, əlaqələrimizin inkişafı, eyni zamanda, Qara dəniz və Xəzər dənizi regionlarının əməkdaşlığına da müsbət təsir göstərəcəkdir. Buna da böyük ehtiyac vardır. Xəzər dənizi və Qara dəniz bölgələrini birləşdirən nəqliyyat, enerji layihələri və iqtisadi layihələr dəstəklənməlidir. Bu istiqamətdə Rumıniya və Azərbaycan əlaqələri xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələrin hazırda ən yüksək zirvədə olması bizi çox sevindirir.
Bir də demək istəyirəm ki, aramızda çoxlu sənədlər imzalanmışdır, o cümlədən bu gün. Onların içində strateji tərəfdaşlıq sənədi xüsusi əhəmiyyət daşıyır. Sənədin icrası nəticəsində əminəm ki, əlaqələrimiz müxtəlif istiqamətlər üzrə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab
Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə
salamlayıram. Əminəm ki, Sizin səfəriniz həm
uğurlu, həm də Sizin üçün xoş keçəcəkdir.
Azərbaycan.- 2011.-19 aprel.- S. 2.