Ali qonağın şərəfinə

 

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Beseskunun şərəfinə rəsmi ziyafət verilmişdir.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və "Xoş gəlmisiniz!" deyirəm.

Cənab Prezident, bu, son beş ildə Azərbaycana Sizin beşinci səfərinizdir. Mən də Rumıniyaya beş dəfə səfər etmişəm. Belə mütəmadi səfərlər ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişafının göstəricisidir. Münasibətlərimiz əsl dostluq və tərəfdaşlıq münasibətləridir.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra Şərqi Avropada ilk dəfə Rumıniyaya səfər etmiş, Azərbaycan bu regionda ilk səfirliyini məhz Rumıniyada açmışdır. Mən özüm də Prezident kimi Şərqi Avropa ölkələri arasında ilk dəfə Rumıniyaya səfər etmişəm.

Növbəti il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Rumıniya və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrində yeni nailiyyətlər ilə daxil olacağıq.

Bugünə kimi ölkələrimiz arasında əlaqələrin inkişafını təmin edən 50-dən çox sənəd imzalanmışdır. Mənim Rumıniyaya son səfərim zamanı imzaladığımız strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında birgə bəyannamə və bu dəfə imzalanan strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından görülən işlərin məntiqi nəticəsidir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və GUAM formatında əməkdaşlığımız böyük məmnunluq doğurur. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması istiqamətində səylərimiz bizi daha da yaxınlaşdırır.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Elə bu ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış "Cənub qaz dəhlizi" haqqında Birgə Bəyannamə bunun bariz nümunəsidir. Eyni zamanda, keçən ilin sentyabr ayında Bakıda Sizin də iştirakınızla imzaladığımız AGRİ layihəsi üzrə Bəyannamə aramızdakı etibarın və regionumuzda enerji əməkdaşlığının yeni səhifəsinin açılışının göstəricisi olmuşdur.

Rumıniyalı tələbələrə Heydər Əliyev təqaüdünün verilməsi, eləcə də Buxarest şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Bakı şəhərində müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidələrinin ucaldılması humanitar sahədə əlaqələrimizin yüksək səviyyəsinin bariz nümunəsidir.

Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən üç dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq səviyyəsində yaşayan insanların sayı 4,5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar məbləğində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.

Bütün bunlar, yəni həyata keçirdiyimiz konkret layihələr bir tərəfdən Azərbaycanın dinamik inkişafını təmin edir, digər tərəfdən isə bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir. Lakin təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bugünə kimi həll edilməmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.

Bu badəni Sizin sağlığınıza, Rumıniya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram.

 

* * *

 

Rumıniya Prezidenti Trayan BESESKU rəsmi səfərlə yenidən Bakıda olmasından məmnun qaldığını bildirərək Bakı şəhəri və bütövlükdə Azərbaycanda yaşanan dinamik iqtisadi inkişafı yüksək qiymətləndirdi.

Səfər çərçivəsində hər iki ölkə arasında strateji tərəfdaşlığı və Azərbaycan ilə Rumıniya arasında münasibətləri daha da möhkəmləndirəcək tədbirlər planına imza atıldığını vurğulayan Trayan Besesku ikitərəfli münasibətlərin əsasını enerji məsələsinin təşkil etdiyini bildirərək dedi:

- İkitərəfli münasibətlərimizin özəyini enerji məsələsi təşkil edir. Bu halda maraqlarımız üst-üstə düşür. Rumıniya Avropanın enerji mənbələrini şaxələndirmək məqsədilə sistemli siyasət yürüdür. Azərbaycan isə enerji marşrutlarını və bazarlarını şaxələndirmək arzusundadır. Nəticədə, Rumıniya ilə Azərbaycan Qara dəniz regionunda təbii qazın nəqlində "maye qaz" düsturunu təqdim etməklə regional enerji durumunu dəyişəcək ilk layihə olan AGRİ-nin başlanması prosesinə böyük töhfə vermişlər. 2010-cu ildə Bakıda keçirilən AGRİ Zirvə görüşü Azərbaycanın həmin yeni layihənin həyata keçirilməsində mənbə ölkə kimi oynadığı rolu təsdiqlədi.

Rumıniya Prezidenti ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə oynadığı məsul və fəal rolunu yüksək dəyərləndirdiyini, beynəlxalq antiterror koalisiyasında və "Sülh Naminə Tərəfdaşlıq" çərçivəsində Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə verdiyi töhfəni xüsusi dəstəklədiyini dedi.

Prezident Trayan Besesku Rumıniyanın Cənubi Qafqazda cərəyan edən hadisələri böyük diqqətlə izlədiyini bildirərək dedi:

- Biz Cənubi Qafqazda cərəyan edən hadisələri böyük maraqla izləyirik və əminik ki, beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bu region sabitlik və iqtisadi əməkdaşlıq məkanına çevriləcəkdir. Biz Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq prinsipləri əsasında razılaşdırılmış həllinin tezliklə və dinc yolla müəyyən edilməsinin tərəfdarıyıq. Rumıniya ATƏT çərçivəsində tərəflər arasında danışıqların davam etdirilməsini alqışlayır və münaqişənin tezliklə davamlı nizamlanması üçün tərəflərin qəbul etdiyi hər hansı təklifi dəstəkləyir.

Prezident Trayan Besesku səfərin nəticələrinin, aparılan danışıqların və əldə olunan razılaşmaların xalqlarımız və regionlarımız üçün töhfə verəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 3.