Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri regionda cərəyan edən prosesləri müzakirə etmişlər

 

Xəbər verdiyimiz kimi, aprelin 16-da Azərbaycan Respublikası, İran İslam Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirlərinin İranın Urmiya şəhərində üçtərəfli görüşü keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə üç ölkə arasındakı qonşuluq münasibətləri, regionda cərəyan edən proseslər, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Xarici işlər nazirləri səviyyəsində qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadilələrinin davam etdirilməsi məqsədi ilə növbəti görüşün Azərbaycanın Naxçıvan şəhərində keçirilməsi barədə razılıq əldə edilmişdir.

Görüşün nəticələrinə dair birgə bəyanat qəbul edilmişdir.

Urmiya şəhərinə səfəri çərçivəsində nazir E.Məmmədyarov Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu ilə görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılmış və ikitərəfli münasibətlərin müxtəlif aspektləri diqqət mərkəzində olmuşdur. Tərəflər, həmçinin Yaxın Şərqdə cərəyan edən proseslərə dair fikir mübadiləsi aparmışlar.

Nazir E.Məmmədyarov İranın xarici işlər naziri Ə.Salehi ilə də görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq sahələri və qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

Nazir E.Məmmədyarovun İranın Qərbi Azərbaycan vilayətinin başçısı Vahid Cəlalzadə ilə görüşündə Azərbaycanla İran arasındakı mehriban qonşuluq və səmimi dostluq münasibətlərinin mövcudluğu vurğulanmışdır.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.