Konqresmen Dan Boren: Azərbaycan üzrə işçi qrupu fəaliyyətini artıracaqdır

 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə işçi qrupu fəaliyyətini artıracaqdır. Bunu qrupun yeni həmsədri konqresmen Daniyel (Dan) Boren AzərTAc-a və Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir. Cənab Boren ABŞ-Azərbaycan münasibətləri ilə bağlı fikirləri ilə yanaşı, işçi qrupuna həmsədrlik etmək haqda qərarının səbəblərini Azərbaycan jurnalistləri ilə müzakirə etmişdir. Qeyd edək ki, ABŞ Konqresində Oklahoma ştatını təmsil edən demokrat konqresmen Dan Boren Azərbaycan üzrə işçi qrupunun 2008-ci ildən üzvü olsa da, qrupun həmsədri səlahiyyətlərinin icrasına bu ilin mart ayından başlamışdır. Hazırda sıralarında 39 konqres üzvünü birləşdirən Azərbaycan üzrə işçi qrupuna demokrat Dan Borenlə yanaşı, respublikaçı konqresmen Bill Şuster də həmsədrlik edir.

 

- Cənab Boren, Azərbaycan üzrə işçi qrupunun həmsədri vəzifəsində Konqresdə 23 illik siyasi karyerası olan qocaman siyasətçi Solomon Ortizi əvəz etmisiniz. O, 2004-cü ildə Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunu təsis edənlərdən biri idi. Bu qərara necə gəldiniz? Ümumiyyətlə, qrupun bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan üzrə işçi qrupunun təsisçisi və sabiq həmsədri Solomon Ortiz və mən Konqresdə neçə il birlikdə işləmişik. Biz, Nümayəndələr Palatasının Silahlı qüvvələr üzrə daimi komitəsində də birgə xidmət etmişik. Bilirəm ki, Ortiz Qafqaz bölgəsi ilə yaxşı tanış idi və bu bölgənin maraqlarının Konqresdə təmsil edilməsi üçün çox səylər göstərmişdir. Təəssüf ki, o, sonuncu Konqres seçkilərində qalib gəlməmişdir. Azərbaycan üzrə işçi qrupunun respublikaçı həmsədri Bill Şuster mənə, demokrat həmsədr vəzifəsini icra etmək təklifi etmişdir. Bu, həmsədr olmaq qərarımın bir səbəbi idi. Digər əsas səbəb isə, əlbəttə, Azərbaycan və mənim təmsil etdiyim Oklahoma ştatı arasında mövcud yüksək səviyyəli münasibətlərdir. Bizim ştatın milli qvardiyası artıq uzun müddətdir Azərbaycanla əməkdaşlıq quraraq dəfələrlə birgə təlimlərdə iştirak etmişlər. Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maylz Dearinq Azərbaycana səfər etmişdir. Sizin Vaşinqtondakı səfiriniz də, həmçinin Oklahomada olmuşdur. Ona görə, mən, həmsədr olmaq qərarımın həm təmsil etdiyim ştat, həm də ölkəmin maraqlarına xidmət etdiyini gördüm. Bu, təbii bir qərar idi. Birləşmiş Ştatlarla Azərbaycan arasında tərəfdaşlıq olduqca vacibdir. Mən, həm də Konqresdə Kəşfiyyat üzrə komitənin üzvüyəm. Ölkələrimiz arasında münasibətlər vacibdir.

İşçi qrupuna gəldikdə isə, zənnimcə, vəziyyət yaxşıdır. Bil Şuster həmsədr kimi vəzifələrini yüksək səviyyədə yerinə yetirir. Biz, keçmişdəkinə nisbətən daha fəal olacağıq. Hər halda, mən həmsədr kimi daha çox iş görmək niyyətindəyəm. Sizin səfirlə çox müsbət əlaqələr qurmuşuq. O və onun heyəti bizimlə yaxından işləyir. Əməkdaşlığımız irəliləyir. Bu işin əsas hissəsi qurulan münasibətlərə əsaslanır. Ümid edirəm, biz, həm demokrat, həm də respublikaçı tərəfdən daha çox konqres üzvünü Azərbaycan üzrə işçi qrupuna dəvət edəcəyik. Gələcəkdə isə, hər iki siyasi düşərgənin təmsilçiləri ilə birgə Azərbaycana səfər etməyi planlaşdırırıq. Mən, şəxsən, Azərbaycana getməyə həvəslə hazırlaşıram. Onu da deyim ki, özümün ovçuluğa marağım var. Ümid edirəm, işgüzar görüşlərlə yanaşı, təbiət qoynuna çıxmağa da vaxtımız olacaqdır.

- Oklahoma ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərdən danışdınız. Doğrudan da, 2004-cü ildə ölkəmizin müdafiə nazirinin Oklahomaya səfəri ilə başlayan bu əlaqələr o vaxtdan bəri inkişaf edərək Birləşmiş Ştatlarla Azərbaycan arasında təhlükəsizlik məsləhətləşmələrinin dəyərli hissəsinə çevrilmişdir. Təmsil etdiyiniz ştat Azərbaycanla əməkdaşlıqdan necə bəhrələnir?

- Azərbaycan terror üzrə qlobal müharibədə ABŞ-ın yaxın tərəfdaşıdır. Ölkəniz bizə sentyabrın 11-i terror hadisələrindən sonra hava məkanından istifadə icazəsi vermişdir. Hər birgə hərbi təlimdən iki ölkə bəhrələnir, çünki bir-birimiz haqda bir az da artıq öyrənirik. Elə şeylər var ki, Azərbaycan onu daha yüksək səviyyədə həyata keçirir və əksinə. Oklahoma ştatı çox saylı hərbi bazaların yerləşdiyi yerdir. Mənim dairəmdə ən böyük hərbi sursat deposu yerləşir. Burada böyük bombalar istehsal olunur. Həmçinin bir neçə hərbi hava bazası yerləşir. Oklahoma ştatında böyük təlim mərkəzləri var. Ümumiyyətlə, digər ölkələrlə birgə təlimlərdən hərbi qüvvələrə fayda var. Elə təkcə onu qeyd edim ki, birgə təlim keçən tərəflərin münaqişəyə girmək ehtimalı azdır. Siz kiminləsə birgə təlim keçirsinizsə, sabah ona qarşı vuruşmayacaqsınız. Məncə, bu, olduqca vacibdir.

- Cənab konqresmen, istənilən ölkə ilə təhlükəsizlik tərəfdaşlığında Azərbaycan üçün prioritetlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllidir. Siz, necə düşünürsünüz, Azərbaycan üzrə işçi qrupu bu mənada hansı yardımı göstərə bilər?

- Hesab edirəm ki, başlıca olaraq Konqresin digər üzvlərini bu barədə maarifləndirməkdə davam etməliyik. Azərbaycanda təbii ki, hamı münaqişə barədə, erməni məsələsi və bununla bağlı digər məsələlər barədə bilir. Konqresdə də bu barədə daha çox məlumat yaymalıyıq. Gələcəkdə, münaqişə barədə Konqresin digər üzvlərinin iştirakı ilə müzakirələrin keçirilməsi və orada məsələ ilə bağlı mütəxəssislərin çıxış etməsini təşkil etmək fikrindəyik. Mən, Nümayəndələr Palatasının Təbii ehtiyatlar üzrə daimi komitəsinin də həmsədriyəm. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngindir. Müzakirələr keçirərək bunu da konqresmenlərin diqqətinə bir daha çatdırmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələrdə məsələyə ətraflı baxaraq, münaqişəni, siz qeyd etdiyiniz kimi, dinc yolla həll etməkdə Azərbaycana yardım yollarını müzakirə edə bilərik. Bu məsələ çoxtərəflidir. Mən, başa düşürəm ki, Rusiyanın bölgədə iştirakının uzun tarixi vardır. Burada qeyri-müəyyən məqamlar çoxdur. Mən məsələ ilə bağlı daha çox öyrənmək və Konqres üzvlərini daha çox maarifləndirməyə ümid bəsləyirəm.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.