İndoneziyanın “The Jakarta Post” qəzeti Azərbaycanda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən yazır

 

İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzetinin 18 aprel nömrəsində Azərbaycan haqqında məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, məqalədə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunularaq Azərbaycanın dünyada tolerant və plüralist ölkə kimi nüfuzunun getdikcə artdığı bildirilir. Müəllif mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından Bakı Forumunun əhəmiyyətini xüsusi vurğulayır.

Məqalədə bildirilir ki, dünyada mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Azərbaycanda bir çox sahələrdə böyük uğurlar qazanılmışdır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkənin üzləşdiyi ən böyük problem olaraq qalır.

Müəllif Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimindəki nitqindən sitat gətirərək bildirir ki, “Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyon azərbaycanlı öz doğma torpağından qaçqın-köçkün düşmüşdür. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Baxmayaraq, orada göstərilir ki, işğalçı qüvvələr Azərbaycanın zəbt edilmiş torpaqlarından çıxarılmalıdır. İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT də oxşar qətnamə və qərarlar qəbul etmişlər. Lakin əfsuslar olsun ki, hələ də işğal davam edir. Biz ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixi haqqında geniş məlumat verilir.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 5.