Dövlət İdarəçilik
Akademiyasında qısamüddətli
ixtisasartırma kurslarının
növbəti buraxılışı
olmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 11-16 apreldə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər ki, "Azərbaycan Pespublikasının xarici siyasəti" proqramı üzrə kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Kursun məqsədi Azərbaycanın xarici siyasətinin vəzifələri, prinsipləri və əsas istiqamətləri, müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, dövlətimizin beynəlxalq aləmlə, dünya və region ölkələrlə, eyni zamanda, beynəlxalq və region təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri, dünyanın və regionun təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya proseslərinə qatılması kimi aktual məsələlər və sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.
Tematik plan üzrə kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, müasir dövrdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ölkəmizin region dövlətləri ilə münasibətləri, Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar kimi digər məsələlər əhatə edilmişdir.
Kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Bakı Dövlət Universitetinin professoru, Milli Məclisin deputatı Musa Qasımlı, Diasporla İş üzrə Dövlət Komitəsinin Amerika və Kanada ölkələri şöbəsinin müdiri Cavanşir Vəliyev və başqaları dinləyicilər qarşısında çıxış etmişlər.
Kurs müddətində proqrama uyğun olaraq iştirak edən dinləyicilər Diasporla İş üzrə Dövlət Komitəsində təcrübədə olmuşlar.
Aprelin 16-da Dövlət İdarəçilik Akademiyasında
(DİA) həmin istiqamət
üzrə buraxılış
mərasimi keçirilmişdir.
DİA-nın I prorektoru
Əlikram Abdullayev tədbirdə dinləyicilər
qarşısında çıxış
etmiş, kursu müvəffəqiyyətlə bitirdiklərinə görə
onlara vəsiqələr
verərək uğurlar
arzulamışdır.
Azərbaycan.- 2011.-19 aprel.- S. 5.