Məşhur analitiklə görüş

 

ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridman Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur.

Universitetin rektoru, akademik İsa Həbibbəyli qonağı salamlayaraq onun elmi tədqiqatlarının, siyasi proqnozlarının əhəmiyyətindən, Amerika mətbuatı vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran dəyərli məqalələrindən bəhs etmişdir. Akademik qeyd etmişdir ki, Azərbaycanın ayrılmaz parçası olan, 5000 illik tarixə malik, böyük elmin və siyasətin beşiyi sayılan Naxçıvan sürətli inkişaf yolundadır. Söhbət zamanı Naxçıvan Dövlət Universitetinin dünya elminə inteqrasiyasından, Avropa universitetləri ilə əməkdaşlığından da danışılmışdır. Tanınmış analitik George Fridman bildirmişdir ki, səfərinin məqsədi uzun illər erməni mühasirəsində olan, sərhəd bölgəsi Naxçıvandakı geosiyasi vəziyyət, burada reallaşan sosial-iqtisadi layihələrlə tanış olmaqdır.

Qonaq universitet ərazisini gəzərək ali məktəbin maddi-texniki bazası, strukturu ilə maraqlanmış, müəllim və tələbələrlə görüşdə iştirak etmişdir. George Fridman Azərbaycanın dinamik inkişaf edən, sülhpərvər missiyaya və beynəlxalq nüfuza malik, enerji təhlükəsizliyində böyük rol oynayan bir ölkə olması, ABŞ üçün mühüm əhəmiyyət kəsb edən tərəfdaşa çevrilməsi barədə məruzə etmişdir. Məşhur siyasətşünas Ermənistanın təcavüzkar siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Amerika-Azərbaycan əlaqələrinin gələcək inkişafı, dünyadakı ictimai-siyasi proseslərlə bağlı sualları cavablandırmışdır.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2011.-19 aprel.- S., 5.