Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə olunmuşdur
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin quru qoşunları komandanı, ordu generalı Ərdal Ceylanoğlu aprelin 18-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, türkiyəli qonaq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanında türk və Azərbaycan şəhidlərinin məzarını da ziyarət etmişdir. Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
Geniş tərkibli görüşdə Səfər Əbiyev Türkiyə ilə Azərbaycanı birləşdirən qırılmaz tellərin getdikcə möhkəmləndiyini, qardaşlıq əlaqələrinin hər iki ölkənin milli və dövlətçilik maraqlarına söykəndiyini bildirmişdir.
Eyni fikri bölüşən türkiyəli qonaq da bu qardaşlığın daha yüksəklərə ucaldılmasının vacibliyini vurğulamışdır.
Hərbi əməkdaşlığın inkişaf perspektivləri görüşdə aparılan müzakirələrin əsas mahiyyətini təşkil etmişdir.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və hərbi attaşe, briqada generalı Özhan Ayaş iştirak etmişlər.
Azərbaycan.- 2011.- 19 aprel.- S. 5.