Moskva Dövlət Universiteti tarix
fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının
müxbir üzvü Sergey Karpov BDU-da olmuşdur
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı Sergey Karpovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Universitetdən AzərTAc-a bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin inkişaf mərhələləri, beynəlxalq əlaqələri, o cümlədən Rusiya universitetləri ilə əməkdaşlığı barədə danışmışdır.
Rusiya ali təhsil müəssisələri ilə əlaqələrin önəmini qeyd edən rektor universitetlər arasında birgə proqram və layihələrin, tələbə- müəllim mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Sergey Karpov Azərbaycanın ali məktəbləri, xüsusilə Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Əməkdaşlığın perspektivlərindən bəhs edən qonaq eyni zamanda, gənc mütəxəssislər arasında informasiya mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırmışdır. Sonra geniş müzakirələr aparılmışdır.
Qonaqlar BDU-nun tədris şəraiti ilə tanış olmuşlar.
Azərbaycan.- 2011.-19 aprel.- S. 5.