Azərbaycan və İslam
Konfransı Təşkilatı arasında əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ciddə şəhərində İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkəmiz ilə İKT arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuş, əməkdaşlığın geniş perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. QMİ-nin sədri Azərbaycanın İKT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında təşkilatın rolunu yüksək qiymətləndirmiş, göstərdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirmişdir.
E.İhsanoğlu İKT çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın fəal iştirakından məmnun olduğunu vurğulamış, Bakının bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini xatırlatmışdır. İKT-nin baş katibi belə görüşlərin keçirilməsinin tərəflər arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev də iştirak etmişdir.
Azərbaycan.- 2011.-19 aprel.- S. 5.