Erməni snayperinin qətlə
yetirdiyi azyaşlı Fariz Bədəlovun
ölümünün qırxıncı gününə həsr
olunmuş "dəyirmi masa" keçirilmişdir
Aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində bu il martın 8-də ermənilərin Ağdam rayon sakini, 9 yaşlı Fariz Bədəlovu snayperlə qətlə yetirmələrinin qırxıncı gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir Fariz Bədəlovun timsalında son 20 ildə ermənilər tərəfindən Ermənistanla sərhəd bölgələrində, Dağlıq Qarabağda vəhşicəsinə öldürülmüş bütün azyaşlı soydaşlarımızın xatirəsinin yad edilməsinə həsr edilmişdir.
"Dəyirmi masa"nın iştirakçıları əvvəlcə indiyədək ermənilər tərəfindən qətlə yetirilmiş bütün uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ziyalıların, ictimai xadimlərin, KİV nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova bu hadisəni atəşkəs dövründə ermənilər tərəfindən törədilmiş növbəti vandalizm aktı olduğunu bildirmişdir.
S.Yusifova demişdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistanın silahlı qüvvələri azyaşlı uşaqlara yönəlmiş bu cür amansız qətl faktları ilə insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə, uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara düşmən olduqlarını bir daha dünyaya nümayiş etdirmişlər. Təəssüf ki, sivil dünyanın gözü qarşısında baş verən bu qanlı hadisələrə, məsum uşaqlara qarşı aparılan vandalizm siyasətinə Qərb dövlətləri, beynəlxalq təşkilatlar hələ də siyasi-hüquqi qiymət verməmişlər. Nüfuzlu beynəlxalq uşaq təşkilatları da 9 yaşlı Farizin snayperlə qətlə yetirilməsini indiyə kimi qınamamışlar.
"Dəyirmi masa"da "Kaspi" Təhsil Şurasının sədri, filologiya elmlər namizədi Sona Vəliyeva çıxış edərək bildirmişdir ki, bu gün çox mühüm bir hadisəyə həsr olunmuş tədbirə yığışmışıq. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, körpələrimiz, qızlarımız, gəlinlərimiz, qocalarımız vəhşicəsinə qətlə yetirilmişlər. Bunu erməni tərəfi "müharibə qanunları" ilə əlaqələndirməyə cəhd göstərir. Amma heç bir "müharibə qanunu"nda yazılmamışdır ki, cəbhənin təmas xəttinə yaxın kəndin kiçik sakini məqsədyönlü şəkildə snayperlə nişangaha alınsın və öldürülsün.
Sona Vəliyeva demişdir ki, hər birimiz dünyanın bu hadisəyə biganə qalmasını yana-yana vurğulayırıq. Beynəlxalq aləmdə bu gün doğrudan da, ikili standartlara uyğun oyun gedir. Müsəlman aləminə, islam dünyasına qarşı ölçüyə gəlməyən dərəcədə haqsızlıqlar baş verir. Azərbaycan da, bir müsəlman ölkəsi olaraq öz sərvəti ilə dünyada tanınan, müstəqillik yolu ilə inamla irəli gedən, qısa zaman kəsiyində 100 ilə bərabər inkişaf yolu keçmişdir. Ölkəmizin bu uğurlarını gözü götürməyən dünyadakı ermənipərəst qüvvələr xalqımızın hüquqlarının tapdalanmasına, torpaqlarımızın işğalının davam etməsinə biganə yanaşırlar.
Bilirsiniz ki, uşaqlar bizim böyük sərvətimiz, gələcəyimizdir. Bu uşaqlardan biri, 40 gün bundan əvvəl, 8 Mart Beynəlxalq Qadınlar Günündə erməni snayperindən açılan güllə ilə vəhşicəsinə qətlə yetirilmişdir. Bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, bütün Azərbaycan mediası, ziyalıları adından uşaq hüquqlarını qoruyan beynəlxalq təşkilatlara bəyanat ünvanlansın. Bəyanatda göstərilsin ki, nəyə görə dünyanın nüfuzlu televiziya kanalları, internet saytları hansısa bir sahibsiz pişiyin, itin taleyi haqqında Avropaya günlərlə, həftələrlə görüntülər yayımlayır. Avropalılar özlərini hamıdan sivil, hamıdan mədəni, humanist, sahibsiz heyvanlara sahib çıxan xalq, millət, dövlət kimi göstərirlər.
Azərbaycanda isə 8 Mart Beynəlxalq Qadınlar Günündə bir ananın gözünün ağı-qarası, balası snayperlə vurulub öldürülür, qadının bayramı qara gəlir, dünya, beynəlxalq təşkilatlar, nüfuzlu televiziya kanalları, saytlar bu dəhşətli faktı sükutla qarşılayır. Sanki Yer üzündə belə bir uşaq yox imiş.
S.Vəliyeva sözünə davam edərək demişdir ki, mən təxminən bir həftə əvvəl Almaniyanın Frankfurt şəhərində Azərbaycan diasporunun azərbaycanlı gənclərlə keçirdiyi tədbirdə iştirak etmişəm. Həmin görüşdə beynəlxalq təşkilatların nümayəndələri də çıxış edirdilər. Bu çıxışları dinləyərkən bir daha belə qənaətə gəldim ki, bizim dərdimizə dünya laqeyd yanaşır. Onlar bir insanın, bir millətin, bir dövlətin dərdlərinə, problemlərinə tamamilə biganədirlər. Bir daha əmin oldum ki, Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qalması, 1 milyondan artıq qaçqın-köçkünümüzün olması, minlərlə azərbaycanlı gəncin, qocanın, uşağın qətlə yetirilməsi beynəlxalq ictimaiyyəti qətiyyən narahat etmir.
Biz təbliğatın növlərini, yollarını dəyişməli, başqa üsullar tapmalıyıq. Problemimizi çatdırmağın yeni metodlarını işləməliyik. Bu, çox vacib məsələdir. Biz beynəlxalq insan hüquqları təşkilatlarından tələb etməliyik ki, siz insan haqlarından danışa-danışa nə üçün hüquqları tapdalanan, təcavüzə məruz qalan bir millətin səsinə səs vermirsiniz? Əgər ağrılarımıza bu cür ikili prinsiplə yanaşacaqsınızsa, o zaman bizim daxili işlərimizə də beynəlxalq səviyyəli təşkilatlarınızı qoşmayın. Bəs nəyə görə bizim ölkədə sabitliyi pozmaq, canımız, qanımız, gənclərimizin həyatı bahasına əldə etdiyimiz müstəqilliyimizi əlimizdən almaq üçün qrantlar ayırırsınız? Siz bizdən hansı insan hüquqlarını tələb edirsiniz? O "insan hüquqlarını" ki, bizim daxili sabitliyimizi pozmağa can atır, amma bir uşağı, sabahın gəncini, bu torpağın əsgərini, ananın övladını snayperlə qətlə yetirirlər, bu vandalizm aktına göz yumursunuz.
Sona Vəliyeva çıxışının sonunda demişdir ki, Allah Farizin valideynlərinə səbir versin. Bir də Tanrı xalqımıza, millətimizə belə ağrılar göstərməsin.
Milli QHT Forumunun sədri Rauf Zeyni və başqaları məhz 8 Mart Beynəlxalq Qadınlar Günündə, Novruz bayramı ərəfəsində məqsədyönlü şəkildə azərbaycanlı uşağın öldürülməsi hadisəsini dəhşətli fakt kimi qiymətləndirmiş, bunun ermənilərin vəhşiliyinin, məkrli siyasətinin bariz nümunəsi olduğunu söyləmiş və tədbirin sonunda hazırlanacaq bəyanata öz təkliflərini vermişlər.
Daha sonra "dəyirmi masa"da hadisə ilə bağlı bəyanat oxunmuşdur. Bəyanatın mətninin müxtəlif dillərə tərcümə edildikdən sonra nüfuzlu beynəlxalq təşkilatlara göndərilməsi qərara alınmışdır.
Azərbaycan.- 2011.-19 aprel.- S. 5.