Kəşfiyyatçı geoloq
Xəzərdə
tapdığı yataqlar ona əbədiyaşarlıq bəxş
edib
Bu il aprel ayının 4-də Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş Ağaqurban Qurban oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, bu ilin may ayında görkəmli neftçi-geoloq, SSRİ dövlət mükafatı laureatı, professor Ağaqurban Əliyevin anadan olmasının 100 ili tamam olur. Daha sonra həmin sənəddə A.Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsinə sərəncam verilir.
Ağaqurban Əliyevi bugünkü gənclər o qədər də tanımırlar. Çox təəssüf ki, neftçilərin özü də onun haqqında az məlumata malikdirlər. Əlbəttə, vaxtilə onunla çiyin-çiyinə çalışan, rəhbərliyi altında işləyən, yetirməsi olan neftçi və geoloqlar istisna edilməklə... Bəs Ağaqurban Əliyev kimdir?
Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi, SSRİ dövlət mükafatı laureatı və SSRİ-nin fəxri neftçisi, geologiya-minerologiya elmləri doktoru, professor... 86 illik ömrünün altı onilliyini ölkəmizin neft sənayesinin inkişafına həsr etmiş mübariz və fədakar insan... Ağaqurban Əliyev çox vəzifələrdə çalışıb, çox mötəbər işlər görüb. Lakin onun kim olduğunu bircə kəlmə ilə ifadə etmək zərurəti qarşısında qalsaq, "kəşfiyyatçı" sözünü işlətməliyik. Çünki Ağaqurban kişi Xəzərdə bir çox yataqlar kəşf edib. Tək birinin adını çəkmək kifayətdir. Onu dənizin dərinliklərində aşkar edib Azərbaycan xalqına yetirməklə Ağaqurban Əliyev öz adının da tarixə əbədi həkk olunması haqqını qazanıb. Beləliklə, Ağaqurban Əliyev əfsanəvi "Neft Daşları"nı kəşf edən geoloqdur!
O, 1911-ci il mayın 11-də Göyçay qəzasında dünyaya göz açmışdı. Sonralar özü deyərmiş ki, kasıb bir kəndli daxmasında boy atan oğlanın böyüyüb belə kəşflər etməsi bir tale payı, Tanrı qismətidir. Əslində, Xəzərdə neçə-neçə zəngin yataq kəşf edən bu insana verilən istedad və tapıntılarını sübuta yetirmək qabiliyyəti Yaradanın Azərbaycan xalqına bir töhfəsi idi.
Uşaqlıqda geoloq sənəti barədə heç təsəvvürü belə olmamışdı. Çünki gördüyü, tanıdığı yalnız pambıq tarlaları idi. Əvvəlcə molla məktəbində oxumuş, az sonra Tağıyev məktəbində təhsil almışdı. Pedaqoji texnikumu bitirəndən sonra bir müddət Ağdaş rayonunun Körpü kəndində müəllim işləmişdi.
Ali təhsil almaq böyük arzusu idi. Ovaxtkı Sənaye İnstitutuna (indiki Dövlət Neft Akademiyasına) qəbul olunanda da seçdiyi sahə barədə geniş məlumata malik deyildi. Lakin ağlı, kamalı, oxuyub-öyrənmək həvəsi ona arxa, kömək oldu. Ali məktəbi bitirəndən sonra Suraxanıdakı Neft Mədənlər İdarəsində çalışdı və elə buradaca məlum oldu ki, demə, geoloqluq onun "boyuna biçilib". Az sonra Ağaqurban Əliyevi baş geoloq təyin etdilər. 40-cı illərin ortalarında dənizdə neft kəşfiyyatını genişləndirmək məqsədilə xüsusi trest yaradıldı və geoloji-kəşfiyyat işlərinə rəhbərlik A.Əliyevə tapşırıldı.
Diqqət Xəzərdə, Bakıdan 100 kilometr aralıda yerləşən "Qara daşlar" ərazisi üzərində cəmləşmişdi. Dənizin bu akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. Odur ki, burada XIX yüzillikdə və XX əsrin birinci yarısında tədqiqatlar aparılmışdı. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanıldı. Ekspedisiyaya Azərbaycan geoloqu Ağaqurban Əliyev rəhbərlik edirdi.
Xəzərin tufanları qoynunda dörd il mürəkkəb və gərgin axtarışlar aparıldı. Nəticədə rayonun geoloji xəritəsi hazırlandı, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırıldı.
Həmin dövrdə Moskvada SSRİ geoloqlarının ümumittifaq müşavirəsi keçirilir. A.Əliyev orada çıxış edir və "Neft Daşları"nın mövcudluğunu elmi dəlillərlə əsaslandırır. Lakin müşavirə onun bütün fikir və təkliflərini rədd edir. Ümumiyyətlə, geoloq rəhbərlik etdiyi ekspedisiya ilə birlikdə gəldiyi nəticələri sübut etmək üçün çətin sınaqlardan keçməli olur. Ona mane olanlar isə ən çox rəhbər dairələrdə kürsülərdə oturan ermənilər idi. Onlar geoloq-alimi tutduğu yoldan döndərmək, ruhdan salmaq və beləliklə, "Neft Daşları" söhbətini biryolluq bağlamaq istəyirdilər. Lakin A.Əliyev öz biliyi və cəsarəti ilə onların hamısını, necə deyərlər, divara söykədi. Qarşıya qoyulmuş məqsədə nail olmaq - "Neft Daşları"nı işləməyə başlamaq üçün böyük əmək və dözüm nümayiş etdirdi. Dəfələrlə respublika rəhbərliyi qarşısında məsələ qaldırdı. Nəhayət, qalib gələ bildi. Sübut edə bildi ki, Xəzərdə neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür!
Həmin dövr tarixin yaddaşında belə qalıb: "1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik olan Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi briqadanın qazdığı 1 nömrəli quyu 1949-cu il noyabrın 7-də fontan vurdu. Dünyada dəniz neftinin erası başlandı!.."
Professor Ağaqurban Əliyev 1966-cı ildə Neft-Sənaye Elmi-Tədqiqat Layihə İnstitutunun baş geoloqu - direktorun elmi işlər üzrə müavini təyin edilib. O bu elm ocağında ömrünün sonunadək çalışıb.
Jurnalist Vahid Hacıyevə məşhur geoloqla dəfələrlə görüşmək, haqqında yazmaq, hətta dostluq etmək qismət olub. Bunun da qəribə tarixçəsi var. Həmkarımız "Neft Daşları" qəzetində işləməyə başlayanda çalışdığı çoğrafi ərazinin, müəssisənin tarixini öyrənməyə həvəs göstərib. Neft Daşlarındakı kitabxanada mütaliə edərkən tez-tez Ağaqurdan Əliyevin adına rast gəlib. Xeyli soraqlaşandan sonra öyrənib ki, bu insan sağdır və onun bağ evinin telefonunu əldə edib.
- Həmin vaxt Ağaqurban müəllimin yaşı 80-ni haqlamışdı. Lakin mən telefonda çox cavan və gümrah bir səs eşitdim. Söhbətimiz elə ilk dəqiqədən tutdu. Tezliklə biz Ağaqurban müəllimin çalışdığı Neft-Sənaye Elmi-Tədqiqat Layihə İnstitutunda görüşdük. Bəstəboy bir insan idi. Nüfuzedici baxışları vardı. Sonralar dəfələrlə onun evində də oldum, süfrəsində çörək kəsdim. Neft sənayesinə, geologiyaya aid məni maraqlandıran bütün sualları həmişə böyük hövsələ ilə cavablandırırdı. O özündən yaşca və vəzifəcə kiçik olanlara da hörmətlə yanaşırdı. Mənən olduğu kimi, fiziki cəhətdən də güclü insan idi. Hətta ömrünün sonlarında onunla əl tutub salamlaşanda sanki qollarındakı, varlığındakı qüvvəni hiss edirdin. İnana bilmirdin ki, sənin əlini sıxan o möhkəm əlin sahibi artıq 86 yaşındadır...
M.Mirzəyev və C.Mirzəliyevin "Qara qızıl" ağ səadət rəngində" kitabında oxuyuruq: "A.Əliyevin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunmuşdur. Görkəmli alimin səyi, bacarığı və böyük xidmətləri nəticəsində çoxlu gənc kadrlar hazırlanmışdır. Onun rəhbərliyi altında 15 nəfər geologiya- minerologiya üzrə namizədlik dissertasiyası müdafiə etmişdir". Kitabda bildirilir ki, A.Q.Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş, geoloji axtarış-kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan "Neft Daşları", "Gürgən-dəniz", "Qum adası", "Bahar" və başqarlarını göstərmək olar.
Ümummilli lider Heydər Əliyev "Neft Daşları"nı əsrdən əsrə atılmış körpə adlandırıb. Bu sözlərin dərin mənası var. Çünki "Neft Daşları"nın ardınca bu böyük antiklinal xəttin üstündə "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" və zəngin ehtiyatlara malik digər yataqlar aşkar olunub. Bu gün onlar bütün dünyaya səs salıb.
Deyirlər, "Neft Daşları"nda ilk quyu qazılarkən Ağaqurban Əliyev 90 gün sahilə çıxmayıb. İndi isə dünyada analoqu olmayan dəniz şəhərinə bir gün ərzində gedib-qayıtmaq mümkündür. Çünki hər gün "Neft Daşları"na Bakıdan gələn gəmi yan alır, vertolyotlar eniş edir... Xəzərdə bu gün də yeni yataqlar kəşf edilir və quyular qazılır. Ağaqurban Əliyevin adı ilə bağlı olan "Neft Daşları", "Bahar", "Qum adası", dənizdə və quruda yerləşən daha neçə-neçə köhnə yataq yenə də neft və qaz verir. Bu yataqlar əlindən həyata vəsiqə aldıqları geoloqa borclu qalmayaraq ona əbədiyaşarlıq bəxş edirlər.
Flora SADIQLI
Azərbaycan.- 2011.-19 aprel.- S. 6.