Dünya uşaq zorakılığına qarşı mübarizəni gücləndirməlidir

 

Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Çünki uşaqlar azyaşlıykən aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur. Uşaqların aldığı hər hansı zorakılıq bütün ömürləri boyu onların psixologiyasında mənfi izlər buraxır və aldıqları aqressiyanı böyüyəndə cəmiyyətə qaytarırlar, eynilə bumeranq kimi: hansı tərəfdən atsan, o tərəfdən də özünə qayıdacaq.

 

Avropa Şurası Parlament Assambleyası dünyada "Uşaqlara qarşı zorakılıqla mübarizə" kampaniyasına start verib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 1 milyon 500 min uşaq zorakılığa məruz qalır. Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Konstantin Yerokostopulos Milli Məclisdə "Uşaqlara qarşı zorakılıqla mübarizə" mövzusunda keçirilən "dəyirmi masa"dakı hesabat məruzəsində bəyan etdi ki, bu gün dünyada hər beş uşaqdan biri cinsi istismarın qurbanı olur. Kampaniyanı keçirməkdə də məqsəd məsum və gücsüz körpələri zorakılığın hər bir formasından xilas etməkdir. Bu da yalnız beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə mübarizəsi nəticəsində mümkündür.

Uşaq hüquqları sahəsində beynəlxalq qurumların həyata keçirdiyi kampaniyalarda ölkəmiz həmişə fəal iştirak edib. İnsan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının qorunması ilə bağlı 2002-ci ildə Yakohama, 2005-ci ildə isə Lyublyana öhdəliklərini dəstəkləyib. 2004-cü ildə isə Azərbaycan rəsmi olaraq azyaşlı uşaqların vəziyyəti və uşaq hüquqları üzrə Beynəlxalq Konvensiyanın icrası ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim etmişdir. Bundan başqa, azyaşlı uşaqlara qarşı yönəldilən zorakılıq hallarının qarşısının alınması ilə bağlı ölkəmizdə kifayət qədər mükəmməl hüquqi baza yaradılıb, qanunların icrası üçün mexanizmlər də mövcuddur. Lakin mütəxəssislərin də bildirdiyi kimi, çoxlu qanun və qərarların qəbul olunması, beynəlxalq konvensiyaların ratifikasiya edilməsi hələ problemin həlli demək deyil. Məsələyə son dərəcə ciddi münasibət göstərilməlidir. Mövzu ilə bağlı parlamentdə keçirilən geniş toplantıda Milli Məclisin sədr müavini Bahar Muradova vəziyyətin nəzərəçarpacaq dərəcədə ciddi olduğunu diqqətə çəkərək bildirdi ki, son zamanlar uşaqlara qarşı cinsi zorakılıq halları, intiharlar, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq artıb, küçə uşaqlarının sayı çoxalıb. Deputatlar Rəbiyyət Aslanova, Gülər Əhmədova, Hadi Rəcəbli, Sevinc Fətəliyeva və insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu sahədə vəziyyətin kəskin şəkildə pisləşdiyini dedilər və vurğuladılar ki, beynəlxalq qurumlarla birgə uşaq zorakılığına qarşı mübarizə aparmalı, uşaqlarımız üçün təhlükəsiz Azərbaycan yaratmalıyıq.

Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, millətimizin ən üstün tərəfidir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır, hətta öldürülürlər də. Ötən ay beş yaşlı Sevinc Həsənovanın valideynləri tərəfindən döyülərək öldürülməsi ölkəni sarsıtdı, hadisə ictimaiyyət tərəfindən hiddətlə qarşılandı. Bu hadisə problemin ciddi hal aldığını təbil kimi çaldı və "mübarizənin vaxtıdır" dedi.

Zorakılıq bir kəsin öz gücündən, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, ona əzab verməsi deməkdir. Bu aksiyanı uşaqlar üzərində tətbiq etmək daha asandır. Məlumdur ki, ev-ailə mühiti balacalar üçün ən doğma, təbii və sevimli yerdir. Təəssüf ki, son vaxtlar baş verən bir neçə hadisə, o cümlədən statistik məlumatlar söyləyir ki, sən demə, ev-ailə bütün uşaqların sevimli məkanı deyilmiş. Doğrudur, valideynlərin öz uşaqlarını tərbiyə etmək, onlara təhsil vermək, qidası, səhhəti ilə məşğul olmaq funksiyaları var. Bəzən onlar vəzifələrindən sui-istifadə edərək uşaqları döyür, təhqir edir, müxtəlif cəza növü tətbiq edir (qaranlıq otaqda saxlamaq, əllərinin üstünü yandırmaq, kəndirlə çarpayıya bağlamaq kimi və s.), fiziki və psixi təzyiq altında saxlayırlar. Bəzən də özlərinə haqq qazandırırlar ki, uşağın gələcək tərbiyəsi üçün bu vacibdir, yoxsa böyüyəndə yolunu azar. Uşaqlar da onalara qarşı olan zorakılığa etiraz etməyə və haradasa danışmağa qorxurlar.

Məktəb isə əslində təhlükəsiz və uşaqların inam yeri olmalıdır. Məktəbdəki nizam-intizam qaydaları da hər bir şagirdin ləyaqətinə və formalaşmaqda olan şəxsiyyətinə hörmət prinsipində qurulmalıdır. Qərb pedaqoqları hesab edirlər ki, sinifdə, digər şagirdlərin içində müəllim tərəfindən döyülmüş uşaq mütləq kinli olur, o biri uşaqlarla dostlaşa bilmir, müəlliminə nifrət edir və bu heyifi çıxmağın yollarını axtarır. Eyni zamanda, həmin fənni sevmir, məktəbə getmək həvəsi də ölür. Nəticədə bivec uşaqlara qoşulub gün keçirmək istəyir, elə bu zaman da pis vərdişlər öyrənir. Haqlı fikirdir, zorakılıq uşaqlara qorxu gətirir, onlara şəxsi təşəbbüslərindən istifadə etmək, səbirli və ədalətli olmaq kimi dəyərləri aşılamır. Bu da uşaqlıqdan onlarda qəddarlıq hissinin yaranmasına səbəb olur.

Uşaqların cinsi toxunulmazlığına qəsd edilməsi, mənəvi inkişafına ziyan törədən üsulların tətbiqi, ləyaqətinin alçaldılması onlara qarşı törədilmiş cinayətin ən dəhşətlisidir, cəmiyyətə dağıdıcı təsir göstərir. Dünyanın acı gerçəkliklərindən biri budur ki, uşaqlara qarşı cinsi zorakılıq artıq gəlir növü kimi formalaşır. YUNİSEF-in Azərbaycandaki təmsilçisi Milli Məclisdə keçirilən "dəyirmi masa"da dedi ki, heç kəs düşünməsin ki, onun yaşadığı cəmiyyətdə uşaqlara qarşı cinsi zorakılıq halları mövcud deyil, bütün dövlətlər bu rəzalətdən əziyyət çəkirlər. Onu da yalnız birgə mübarizə ilə aradan qaldırmaq olar. Avropa Şurası Parlament Assambleyası və BMT-nin də məqsədi bu problemi birlikdə həll etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı 1965-ci ildə xəstəliklərin təsnifatını apararkən uşaqlara qarşı təcavüzü rəsmi olaraq pozğunluq və əclaflıq adlandırıb. Azərbaycan Cinayət Məcəlləsində pedofiliya ilə (uşaqbazlıq) məşğulluğa görə 8 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ekspertlər deyirlər ki, cinsi istismara daha çox oğlan uşaqları məruz qalırlar. Bu cür hallar əsasən həbsxanada, kimsəsiz uşaq evlərində, islahedici müəssisələrdə və küçə uşaqları arasında baş verir. Qeyri-sağlam ailə şəraitində fiziki və mənəvi sıxıntılara məruz qalan uşaq xilas olmaq üçün küçəni seçir və evdən qaçır. Bundan sonra onun həyat yolu cinsi istismardan, kimsəsiz uşaq evindən və islahedici müəssisələrdən keçir. Lakin istisnalar da var ki, bu cür zorakılığa imkanlı adamların uşaqları və ya normal ailədə böyüyən azyaşlılar da da məruz qalırlar. Statistika göstərir ki, cinayəti törədənlər ailənin tanıdığı, inandığı adam, ya da yaxın qohumu olur. Qərb psixoloqları uzun tədqiqatlar apararaq qərara gəliblər ki, uşaqlara qarşı cinsi zorakılıq edənlərin 80 faizi uşaq vaxtı özləri bu cür təcavüzə məruz qalmış, psixi sarsıntı keçirmiş şəxslərdir.

Mütəxəssislər hesab edirlər ki, uşaqlara qarşı yaranmış cinsi zorakılığa səbəblərdən biri internet vasitəsilə yayılan pornofilmlərin geniş vüsət almasıdır. Hətta bu iyrənc vərdişə elə tutulanlar var ki, hər gün beynəlxalq şəbəkədə uşaq pornoqrafiyasına baxır, mobil telefon və internet vasitəsilə bir-birinə ötürür, qurbanlarının da ünvanını paylaşırlar. İnterpolun məlumatına görə, son iki-üç il ərzində internetdə 100-dən artıq uşaq pornoqrafiyası saytı fəaliyyət göstərir və bu əclaflıq (beynəlxalq sənədlərdə belə adlanır) ən gəlirli biznes sahəsinə çevrilib. İnterpol əməkdaşları hesablayıblar ki, kibermafiya uşaq pornoqrafiyasına görə ildə 3 milyard dollar əldə edir.

İnternetdə uşaq pornoqrafiyasının marketinqi pulsuz reklam üzərində qurulur. Həmin saytlarda uşaqlar üzərində cinsi zorakılıq təsvirləri olan videoçarxlar təqdim olunur. Artıq ABŞ-da kibercinayətlərlə mübarizə aparan könüllü provayderlər heyəti yaradılıb. Kibercinayətkarlıqla Mübarizə Konvensiyasına qoşulmuş ölkələrlə - Avstraliya, Böyük Britaniya, Kanada və başqa bir neçə ölkə ilə birlikdə internetdə növbə çəkirlər. Bu cür gərgin rejim nəticəsində indiyədək uşaq pornoqrafiyası yayan cəmiyyətin 15-dək üzvü həbs edilib. Yaxşı hal odur ki, son zamanlar uşaq hüquqlarının müdafiəsi ən aktual məsələyə çevrilib. Çünki müasir dünyada hər gün, hər saat uşaqların hüquqları müxtəlif formada pozulur, onlar ağır əməyə, hərbə (kamikadze kimi) cəlb olunur, döyülür, əmtəə kimi alınıb-satılır, cinsi işgəncə ilə qarşılaşır və öldürülür.

Son zamanlar ölkəmizdə "Uşaqları cismani cəzadan qoruyaq" adı altında kampaniyalar keçiriləsə də, dövlət və vətəndaş cəmiyyətləri səviyyəsində müxtəlif tədbir keçirilib, manitorinqlər aparılsa da, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur. Çünki dünyanın heç bir ölkəsində insan hüquqlarının qorunması arzuolunan vəziyyətdə deyil. Son zamanlar ölkədə uşaq hüquqlarının pozulması ilə bağlı faktların yer aldığının şahidi oluruq. Paytaxtda, hətta ictimai əlaqələrin möhkəm olduğu rayonlarda, kəndlərdə həddi-buluğa çatmamış uşaqların cinsi təcavüzə məruz qalması faktları yer alır. Kiçikyaşlı oğlan və qızlara qarşı bu cür rəzil münasibət Azərbaycan cəmiyyəti və ailəsi üçün ağır faciədir, utancdır. Ailələr dağılır, qan davası düşür və ya həmin ailələr yaşadığı yerlərdən birdəfəlik köçüb gedirlər. Bu hadisədən sonra onlar həmin kənddə, rayonda və məhəllədə yaşaya bilmirlər.

Azərbaycanın güc nazirlikləri internetdəki uşaq pornoqrafiyası resurslarının qarşısını almaq üçün illərdir mübarizə aparırlar. Azərbaycanda mobil telefonlarda pornoqrafiyanın yayılması və parnokasetlərin satışı qanunla qadağan edilib. Lakin virtual cəmiyyətin arzuolunmaz üzvü bir yol tapıb insanları özlərinə şirnikləndirir. Uşaqları internetlə bağlı cinayətlərdən və onlardan sui-istifadədən qorumaq üçün təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti yetmir, valideynlər, vətəndaş cəmiyyətləri, provayderlər də ciddi işləməlidirlər. Etiraf edək ki, xüsusən uşaqlar zərərli vərdişlərə meyilli olurlar.

Araşdırmalar apararkən bir neçə xarici dövlətin qanunvericiliyi ilə maraqlandıq. Rusiya Dövlət Dumasının qanunlarında bu məsələ çox kəskin qoyulub və neçə ildir həyata keçirilir. ABŞ-ın bəzi ştatlarının, o cümlədən Almaniyanın, Fransanın qanunlarında bu cür cinayətkarlar həbsə atılmazdan əvvəl kimyəvi iynə və dərmanlarla kişilikdən məhrum edilirlər. İzah edilir ki, həmin cinayətkar azadlığa çıxsa belə heç vaxt iyrənc vərdişini təkrar edə bilməyəcək. Fransa Prezidenti N.Sarkozi ötən il cəzanı bir az da sərtləşdirməyi təklif etdi: "Ya bu əclaflar həyatlarının sonunadək həbsxanada qalmalı, ya da azadlığa çıxmazdan əvvəl insanlıqdan (kişilikdən) məhrum edilməlidirlər".

Azərbaycanda da vəziyyətin təhlükəli həddə çatması onu düşünməyə əsas verir ki, yəqin bu cür cinayətlərin qarşılığında verilən cəzalar adekvat deyil. Bir neçə il cəza alıb çıxandan sonra belələri əməllərini davam etdirirlər. Ağsu Rayon Məhkəməsinin qonşu uşağına təcavüz edən Cavanşir Sadıqovu 3 il 6 ay azadlıqdan məhrum etdiyi çoxumuzun yadındadır. Milli Məclisdə keçirilən "dəyirmi masa"da əsas müzakirə obyekti o idi ki, Azərbaycan qanunvericiliyində də bu məsələ sərtləşdirilməli, cəmiyyətimizə başaşağılığı gətirən rəzilliyə son qoyulması üçün cinayətkar ciddi cəzalandırılmalı, cəmiyyətdə rüsvay olunmalıdır. Yəni, uşaqlara təcavüz edənlərə Rusiyada, Almaniyada, Fransada və başqa bir neçə ölkənin qanunlarında tətbiq edilən cəza növü şamil edilməlidir. Cəzasızlıq cinayətin artmasına səbəb olur. Gülüzlü körpələrimizin həyatını solduran əclaf cinayətkar damğalanmalı, qınaq üçün ictimai müzakirəyə çıxarılmalı, onun ailəsi də cəmiyyətə tanıdılmalıdır. Onların cəza çəkdiyi həbsxana da başqa həbsxanalarla bir yerdə olmamalıdır. Hamı bilməlidir ki, şəhərin filan yerindəki həbsxanada bu cür cinayətkarlar cəza çəkirlər. Qanunlarımız və cəza növü sərtləşdirilməsə, cəmiyyətimiz bu məsələdə daha ağır fəsadlarla üzləşə bilər.

Mütəxəssislər və psixoloqlar, valideynləri haqlı qınayırlar ki, telekanallardaki seriallar ailələrin, xüsusən anaların başını o qədər qatır ki, uşaqların tərbiyəsi ilə vaxtında məşğul ola bilmirlər. Təklif edirlər ki, uşaqlar lap körpəykən maarifləndirilməli, başa salınmalıdır ki, yolda, küçədə, məktəbdə onlara şirni, konfet, dondurma təklif edən əmilərə, dayılara qəti şəkildə etiraz etsinlər və yox desinlər. Evə çatan kimi rastlaşdıqları hadisəni valideynlərinə danışsınlar.

Dövlətimizin siyasətində uşaqların inkişafı prioritet sahələrdən biridir. Uşaqların normal inkişafının təmini və cəmiyyətə yararlı vətəndaş böyütmək üçün ailələrdən də çox şey asılıdır. Unutmamalıyıq ki, ailə bağlarının möhkəm olduğu evlərdə-ocaqlarda nə belə cinayətkarlar yetişir, nə də belə qurbanlar olur.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 7.