Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə çox yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin hərbi sahədə də yaxşı iş birliyinin yaradılmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun səfər proqramı çərçivəsində keçirəcəyi görüşlərdə səmərəli müzakirələr aparılacağına əminliyini ifadə etdi. Qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Erdal Ceylanoğlunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə və Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi.

Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğuladı və bu münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 aprel.- S. 1.